Reklam

"Mercedes-Benz CLE" kupesi debüt edib

Avtodünya 6 İyul 2023 17:00 Oxunub 1008
"Mercedes-Benz CLE" kupesi debüt edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“İri gözlü” Mercedes-Benz CLK kupe və kabrioletlərini xatırlayırsınız? Bu ikiqapılılar ailəsi 1997-ci ildən 2010-cu ilə qədər istehsal olunmuş, iki nəsil dəyişdirmiş və alman istehsalçısının model xəttində ənənəvi C- və E-Class modellərinin arasında yerləşirdi. Sonradan Mercedes-Benz səxavət nümayiş etdirərək C və E-Class modellərinin ikiqapılı versiyalarını buraxmaq qərarına gəlmişdi.

Görünən odur ki, alman markası əvvəlki sxemə qayıtmağa qərar verib. Çeşiddə yaxın ölçülərə malik olan iki kupe və kabrioleti saxlamaq israfçılığa gətirib çıxarıb. Buna görə də, C-Class (W206) və E-Class (W214) modellərinin yeni nəsilləri ikiqapılı versiyalarda buraxılmayacaqlar. Onların əvəzinə yenə vahid bir ailə, bu dəfə Mercedes-Benz CLE indeksi altında kupe və kabrioletlər istehsal olunacaqlar

Bununla belə, yeni model sıfırdan hazırlanmayıb. Profil şəkilinə diqqətlə baxsaq CLE modelinin kuzovunun C205 nəslindən olan C-Class kupesindən götürüldüyünü görmək olar! Yan şüşələrin konturu, qapı girişi və damın forması kimi xarakterik elementlər buna işarə edir.

Hətta yanacaq çəninin qapağı da eyni yerdə qalıb. Buna baxmayaraq, bütün xarici kuzov panelləri yenidir, üstəlik, dizaynerlər və mühəndislər keçmiş C-Class kupesini daha böyük və sanballı etmək üçün əllərindən gələni ediblər. Bir sözlə, çox geniş modernləşmə aparılıb.

Hətta, təkər bazası da 25 millimetr uzadılıb və yeni C-Class W206 sedanındakı kimi 2865 millimetrə bərabər olub. Ön kuzov çıxışı - 98 millimetr, arxa çıxış isə 41 millimetr artırılıb (əsasən də, daha möhtəşəm aerodinamik dayaq hesabına) və nəticədə uzunluğun ümumi artımı 164 millimetr təşkil edib.

Burada bamperlər arasında 4850 millimetr var ki, bu göstəriciyə görə Mercedes CLE nəinki orijinal C-Class (4686 millimetr), həm də E-Class kupesini (4835 millimetr) qabaqlayır. Avtomobil 50 millimetr enli (1860 millimetr) və 23 millimetr hündür (1428 millimetr) olub.

Mercedes-Benz CLE standart olaraq LED fənərlərə malikdir və əlavə ödəniş qarşılığında Digital Light matrisa fənərləri ilə də təchiz oluna bilər. Təkər disklərinin diametri - 18 ilə 20 düym arasındadır.

Baqaj döşəməsinin səviyyəsi aşağı salınıb, C205 modeli üçün xarakterik olan arxa oturacaqların arxasındakı "qabar" itib, yan divarların qəliblənməsi dəyişdirilib və nəticədə bölmənin həcmi 360 litrdən 420 litrə (E-class kupesi 425 litr idi) qədər artırılıb.

CLE kupesinin interyeri demək olar ki, indiki C-Class W206 modeli ilə eynidir. Burada 12,3 düymlük cihazlar panelini, MBUX multimedia sisteminin 11,9 düymlük ekranını (əməliyyat sistemi E-Class modelindəki kimi ən son versiyadadır), proyeksiya displeyini və havalandırma deflektorlarının eyni "turbinləri" dəstini görmək olar.

Seçmək üçün üç audio sistemi variantı var və onlardan ən bahalısı on yeddi dinamikli (başlıqdakı dinamiklər də daxil olmaqla) Burmester sistemidir.

Baza ön oturacaqları çoxkonturludurlar, bel dayağını tənzimləmək üçün pnevmatik kameraya, qızdırılma və yaddaşı funksiyalarına malikdirlər. Əlavə ödəniş qarşılığında havalandırma və masaj funksiyalarını sifariş etmək olar.

Arxa oturacaqların kürək hissəsini qatlama üçün isə, ilk dəfə olaraq tutacaqdan deyil, dəbli dəridən hazırlanmış dartılan ilgəkdən istifadə olunur. CLE modelinin ikinci cərgəsində əvvəlki C-Class modeli ilə müqayisədə daha geniş məkanın olduğu bildirilir: həm ayaqlar zonasında, həm də baş üstündə əlavə yer əldə etmək mümkün olub.

Kupe ilə birlikdə kabrioletin şəkilləri də dərc olunub, lakin onun haqqında heç bir məlumat verilməyib. Kabriolet yumşaq tavanı qoruyub saxlayıb, açıq kuzovla hərəkət zamanı, media sisteminin ekranının bərq vurmasını azaltmaq üçün, onu əyilməni tənzimləmə mexanizmi ilə tamamlayıblar. Belə bir sistem artıq  Mercedes-AMG SL Convertible modelində tətbiq edilir.

Başlanğıc çeşidinə dörd modifikasiya daxildir. Onların hamısı doqquz pilləli 9G-Tronic “avtomatı” və sürətlənmənin ilk saniyələrində daxili yanma mühərrikinə kömək edən 48 voltluq startyor-generator (23 at qüvvəsi və 200 Nm) ilə təchiz olunurlar. 

2,0-litrlik dizel mühərriki (200 at qüvvəsi, 440 Nm) ilə təchiz edilən Mercedes-Benz CLE 220 d veriyası yalnız arxa ötürməli ola bilər. 2,0-litrlik benzin (204 at qüvvəsi, 320 Nm) mühərriki ilə hərəkətə gələn CLE 200  modeli həm arxa, həm də 4Matic tam ötürmə sistemi ilə təklif olunur.

Qalan iki versiya standart olaraq tam ötürməli transmissiya ilə təchiz edilir. Mercedes-Benz CLE 300 versiyasə gücləndirilmiş 2,0-litrlik “turbodördlük” (258 at qüvvəsi, 400 Nm) ilə təchiz olunur. 

Çeşidin zirvəsində isə, gözlənilmədən 3,0-litrlik sıralı “turboaltıq” (381 at qüvvəsi, 500 Nm) ilə hərəkətə gələn Mercedes-Benz CLE 450 versiyası qərarlaşıb. Belə ikiqapılı 100 km/saata 4,4 saniyəyə sürətlənir. Əvvəlki C205 modelində belə mühərrik olmayıb, yeni W206 modelində də belə mühərrik yoxdur.

Üstəlik, əvvəlki çeşiddə güc-çəki nisbəti baxımından oxşar modifikasiya artıq AMG xəttinə aid idi: Mercedes-AMG C 43 kupesi köhnə 3,0-litrlik V6 mühərrikinə (390 at qüvvəsi, 520 Nm) malik idi və 100 km/saat həddini 4,7 saniyəyə toplayırdı. Yeni CLE modelinin “bərkgedən” AMG versiyaları haqqında hələlik məlumat verilməyib, lakin təkrar doldurulan hibrid vəd edilir.

Mercedes-Benz CLE standart olaraq 15 millimetr aşağı salınmış klirensi olan idman şassisi ilə təchiz edilir. Əlavə ödəniş müqabilində nəinki daha sərt AMG asqısını, həm də dönən arxa təkərləri olan adaptiv şassini də sifariş etmək mümkündür.

Aktuatorlar onları 2,5 dərəcəyə qədər döndərirlər. 60 km/saata qədər sürətlərdə onlar ön təkərlərlə əks istiqamətdə dönərək manevr qabiliyyətini yaxşılaşdırır (dönmə dairəsi 50 santimetr daha azdır), 60 km/saatın üzərindəki sürətlərdə isə, onlar ön təkərlər ilə eyni  istiqamətinə dönərək, sabitliyi artırırlar.

Mercedes-Benz CLE kupesi noyabr ayında Avropa bazarında satışa çıxarılacaqdır. Qiymət baxımından o, təqaüdə göndərilən C-Class (Almaniyada 48 800 avrodan) və E-Class (60 min avrodan) ikiqapılılarının arasında yerləşəcəkdir. Kabriolet 2024-cü ildə debüt etməlidir və Mercedes-Benz onun təqdimatını ayrıca keçirəcəkdir.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh