"MG Cyberster" istehsala hazırdır
SAIC konserni MG brendi altında yeni rodsteri 2017-ci ildə hazırlamağa başlayıb, konsept avtomobili isə 2021-ci ildə debüt edib. Budur, artıq MG Cyberster kütləvi istehsala hazırdır. MG 12 illik fasilədən sonra (TF modelinin kiçik miqyaslı istehsalı 2011-ci ildə dayandırılıb) özü üçün ənənəvi olan bazar seqmentinə qayıdır. Bu müddət ərzində brend daha da güclənib, onun çeşidi “mülki” avtomobillər ilə genşlənib - MG yenidən ikiqapılı imic modelini buraxmağa hazırdır.
Cyberster rodsterinin eksteryer dizaynı üzərində Karl Gothemin başçılıq etdiyi Londondakı SAIC Advanced Design Center studiyasının dizaynerlər komandası işləyib. Dizaynerlərin ilham mənbəyi altmışıncı illərin klassik MGB modeli olsa da, belə dizaynı “retro” adlandırmaq çətindir. Bununla belə, dizaynerlər avtomobilin əsl ölçülərini gizlətməyə müvəffəq olublar, çünki o, artıq əvvəlki MG rodsterləri kimi kiçik və çevik deyil.
Cyberster rodsterinin uzunluğu 4535 millimetr, eni - 1913 millimetr, hündürlüyü isə, 1329 millimetrdir. Təkər bazasının ölçüsü 2690 millimetr təşkil edir. Yəni, yeni MG rodsteri ölçü baxımından hətta Jaguar F-Type modelini də üstələyir. Yəni, Mazda MX-5 və ya BMW Z4 rodsterlərindən danışmağa belə dəyməz. Bu, Cyberster modelinin elektromobil olması ilə əlaqədardır və məqbul mənzili təmin etmək üçünböyük bir batareya lazımdır. Yeri gəlmişdən, batareya bazada, yəni oxların arasında yerləşdirilib. Təəssüf ki, batareyanın tutumu və elektromobilin yürüş ehtiyatı haqqında məlumat verilməyib.
MG Cyberster qatlanan yumşaq damı və yuxarı qalxan qapıları olan iki yerlik interyerə malikdir. Üstəlik, elektrik kilidlərini açan daxili düymələr qapıların özlərində deyil, mərkəzi konsolun əsasında - yumşaq damın idarəetmə düyməsinin yanında yerləşir. Şəkillərindəki rodsterlərin müxtəlif xarici tutacaqlarla (ənənəvi kilid üçün oyuq və ya düymə) göstərildiyinə görə, servoötürmə opsiya olacaq.
İnteryer əsasən SAIC konserninin Çindəki dizayn studiyası tərəfindən və hazırkı kanonlara uyğun hazırlanıb - sürücünün qarşısında üç ekran və minimal analoq düymələr dəsti var. Transmissiyanın idarə edilməsi düyməli panelinə həvalə olunub, sükanaltı “avarlar” isə rekuperasiya dərəcəsinin dəyişdirilməsinə cavabdehdirlər. Sükandakı qırmızı düymə ən ekstremal Super Sport hərəkət rejimini aktivləşdirir.
Cyberster SAIC konserninin 800 voltluq elektrik sisteminə, əsas arxa ötürməyə və “dairəvi” müstəqil asqılarına malik olan Nebula modul platforması üzərində inşa edilib. Üç modifikasiya elan edilib, onlardan ikisi arxa ötürməlidir və 314 və ya 340 at qüvvəli (onların müxtəlif batareyaları olacaq) mühərriklərlə təchiz olunurlar. Modifikasiya çeşidinin zirvəsində 544 at qüvvəli ikimühərrikli tamötürməli versiya var: ön mühərrik 204 at qüvvəsi, arxa mühərrik isə 340 at qüvvəsi hasil edir.
Dinamik xüsusiyyətlər hələlik açıqlanmayıb, baxmayaraq ki, Cyberster modelinin ilk “yüzlüyə” çox yeyin sürətlənəcəyinə şübhə yoxdur. Amma artıq aydındır ki, rodster heç də yüngül olmayacaqdır: baza versiyasının boş çəkisi 1850 kiloqram, tamötürməli versiyanın isə 1985 kiloqram olacaqdır.
İstehsalın başlanmasına ən azı altı ay var: hətta Cyberster modelinin istehsal olunacağı Çində belə satışların başlanması 2024-cü ilin əvvəlinə planlaşdırılır. Britaniya və kontinental Avropada isə avtomobillər gələn yay satışa çıxarılacaqlar. Təxmini qiymətlər funt sterlinqdə açıqlanıb: baza rodsterinin qiyməti 55 mindən başlayacaq, top versiyanin maksimal qiyməti isə 65 minə çatacaqdır. Misal üçün: burada Mazda MX-5 modelinin qiyməti 26 min funt-sterlinqdən, açıq kuzovlu Jaguar F-Type modelinin isə 68 min funt-sterlinqdən başlayır.
autograph.az