"Peugeot" “parlayan caynaqları” olan yenilənmiş 208 hetçbekini təqdim edib
Fransız hetçbekinin ikinci nəsli 2019-cu ildə işıq üzü görüb, odur ki, Peugeot onu yeniləmək qərarına gəlib. Bununla belə, 208 hetçbeki özünü bazarda əla hiss edir: o, iki il ardıcıl, 2021 və 2022-ci illərdə Avropada ən çox satılan avtomobil olub. Yenilənmiş görünüş, yeni hibrid və yürüş məsafəsi artılımış elektrik versiyaları onu alıcılar üçün daha cəlbedici etməlidir.
Peugeot 208 hetçbeki Le Manda iştirak edən 9X8 hiperkarının işıqlı imzasını alıb: bir "parlayan caynaq" üçü ilə əvəzlənib. Zolaqlarını itirmiş fənər-bloklar bütün versiyalarda yenilənib. Üst versiyada isə, onlar üç müstəqil optik modulu olan tam LED fənərlərdir. Arxa tərəfdəki optika da yenidən işlənib, fənərlərdəki şaquli işıq elementlərini üfüqi olanlar əvəz edib.
Yenilənmiş 208 modeli üçün yeddi kuzov rəngi təklif edilir: sarı - Agueda, boz - Selenium və Artense, qara - Perla, ağ - Banquise, qırmızı - Elixir və mavi - Vertigo. Yan güzgülərin korpusları standart olaraq parlaqdırlar, GT variantı isə, qara rəngli təkər tağları və damı ilə seçilir. Yeni dizayna malik olan 16 və 17 düymlük təkər diskləri də nəzərdə tutulub.
Salonda daha yaxşı tərtibat materialları tətbiq edilib. Əlavə ödəniş müqabilində, GT versiyasının interyerini yaşıl tikişi olan qara alkantara ilə üzləmək mümkündür.
10 düymlük rəqəmsal cihazlar paneli Allure və GT versiyaları üçün standart avadanlıqdır. Peugeot 208 baza versiyası 3,5 düymlük ekrana malik olan analoq panelini saxlayıb, lakin i-Connect multimedia sisteminin displeyi indi bütün təchizat səviyyələrində
10 düymlükdür. Mexaniki transmissiyası olan versiyalar selektorun yeni dəstəyini alıblar. Üst səviyyəli 208 modellərində üç USB portu və daha güclü simsiz şarj meydançası (5 əvəzinə 15 vattlıq) var.
Yenilənmiş e-208 elektrik versiyasının yürüş mənzili nəzərəçarpacaq dərəcədə artırılıb: o, indi 340 əvəzinə 400 kilometr məsafə qət edə bilir. Elektrokar 156 at qüvvəli mühərrik və 51 kilovat-saatlıq dartma batareyası ilə təchiz edilib. Batareyanın 20-dən 80 faizə qədərini ekspress-qurğulardan bərpa etmək üçün, 25 dəqiqədən az vaxt tələb olunur.
Elektrik mühərrikinə alternativ kimi, 100 və 136 at qüvvəli PureTech benzin mühərriklərinə əsaslanan və 48 voltluq üstquruma malik olan iki yeni hibrid aqreqat təklif olunur. Bununla belə, mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan, 75 və 100 at qüvvəsi hasil edən 1,2-litrlik benzin "turboüçlüklər" də öz yerlərini qoruyub saxlaya biliblər.
Köməkçilər siyahısına yeni ön və arxa kameralar, Stop and Go funksiyası olan adaptiv kruiz-kontrol, təcili əyləcləmə sistemi və sürücünün yorğunluğunun monitorinqi, kor zonalara nəzarət funksiyaları və sair sistemlər daxildir.
Yenilənmiş Peugeot 208 hetçbekinin nə vaxt satışa çıxarılacağı hələlik məlum deyil: markanın fransız saytında o, “tezliklə” işarəsi ilə göstərilir. Restaylinqdən əvvəlki Peugeot 208 modelinin qiyməti 17 700 avrodan başlayır.
autograph.az