Putin məmurlara yerli avtomobilləri təklif edir, özü isə...
Rusiya Prezidenti Vladimir Putin məmurların yerli avtomobillərdən istifadə etməli olduğunu bir daha xatlrladıb. Bəs Rusiyanın avtomobil sənayesi hazırda bu tələbi ödəməyə hazırdımı? Doğrudanmı rus məmurlar Qərb brendlərini yerli mala dəyişəcəklər?
Avtosfer.az-ın xəbərinə görə, ötən il Rusiyada dövlər ehtiyacları üçün alınmış avtomobillərin böyük hissəsini Toyota, Ford, Volkswagen, Nissan, BMW, Renault, Chevrolet, Kia, Hyundai və Opel təşkil edib. Ənənəvi modellərdən UAZ və Nivaları yolsuzluq şəraitində işləyənlər alıb. Bəs indi necə olacaq?
Məşhur avtomobil jurnalisti İvan Zenkeviçin fikrincə, bu tələb yerinə yetirilərsə məmurlar əsasən Çin modellərində gəzməli olacaq. Yerli adla istehsal edilən modellərin əksəriyyəti Çin texnikasının adıdəyişmiş formasıdır. Zenkeviçə görə, Rusiyanın avtomobil sənayesi məmurlara bu modelləri təklif edə bilər:
Москвич 3
Lada Aura
Lada VESTA
Lada VESTA SW
Lada X-Cross 5
NIVA TRAVEL
Nazir ranqında olan şəxslərə isə “Aurus Komendant” və “Aurus Senat” təklif edilə bilər. Lakin hər 2 modelin istehsalı alman komplektləşdiricilərdən asılıdır.
Putinə gəlincə, o, heç zaman “Mercedes” pərəstişkarı olduğunu gizlətməyib. əgər Yeltsin Rusiyaya rəhbərliyi dövründə ZİL-ə qane olurdusa, Putin 2000-ci ildə inoqurasiya mərasiminə “Mercedes-Benz S600 Pullman Guard”la gəldi. Bəzi xarici səfərlərdə istifadə etdiyi “Aurus 4123”ü isə 600 at gücündə “Porsche” mühərriki hərəkətə gətirir.
Son rəy sorğuları göstərir ki, ruslar yerli və Çin modellərini məcburiyyət qarşısında alırlar. Çünki seçim yox həddindədir.
Bir faktı da xatırladaq: Rusiya rəhbərliyi son 10 ildə 2 məsələni dəfələrlə qabardıb: məmurların yerli avtomobildə gəzməsi və dollardan imtina. Bunlardan heç biri həyata keçməyib və keçməsi də real görünmür.
Vüqar