Biz maşın almağa pul tapmayanda türkmənlər Xırdalandan “Jiquli” alıb aparırdı - FOTO

Bu günlərdə Statistika Komitəsi Azərbaycanda müstəqillik dövründə avtomobil parkının inkişaf dinamikasını əks etdirən məlumat paylaşdı. Biz də Avtosfer.az olaraq sovet dövrünə ekskurs edərək o dövrdə ölkəmizdə neçə avtomobil olduğu barədə oxucuları məlumatlandırmaq istədik.
Beləliklə, Statistika Komitəsindən fərqli olaraq biz sırf şəxsi istifadədə olan minik avtomobillərini əsas götürdük. Sovet arxivlərində olan məlumata görə, SSRİ-də 1991-ci ildə 16,9 milyon ədəd minik avtomobili olub. Bu dövr həm də sovet ittifaqında avtomobil alqı-satqısının nisbətən demokratikləşdiyi, ilk maşın alverçilərinin peyda olduğu vaxtdır. Həmin dövrdə keçmiş Qırmızı imperiyada hər 1000 sakinə 59 minik avtomobili düşürdü.
Azərbaycan SSR-də 1991-ci ildə təxminən 320 000 şəxsi avtomobil vardı. Başqa sözlə, hər 1000 nəfərə 44 avtomobil. Bəs bu zaman qonşularımızda vəziyyət necə idi?
Statistikaya görə, həmin vaxt Gürcüstanda hər 1000 sakinə 96, Ermənistanda isə 91 avtomobil düşürdü. Bu, ittifaq üzrə ən yaxşı göstəricilərdən idi. Müqayisə üçün deyək ki, həmin dövrdə Rusiyada hər 1000 nəfərə 60, Latviyada 89, Litvada122, Estoniyada isə 138 maşın düşürdü. Başqa sözlə, avtomobil sayına görə digər 2 Qafqaz respublikası SSRİ-nin ən qabaqcıl regionu olan Pribaltika ilə müqayisə edilə bilərdi.
Azərbaycan SSR-də isə avtomobil sayı ən yaxşı halda Orta Asiya respublikalarına yaxın idi. Adambaşına düşən avtomobil sayına görə Azərbaycan SSR yalnız Moldova, Tacikistan (hər birində 1000 nəfərə 40 maşın) və Qırğızıstandan (43 maşın) irəlidə idi.
Yaşlı nəslin dediyinə görə, azərbaycanlılar 80-ci illərdə maşın almağa pul tapmadığı təqdirdə türkmənlər Xırdalandan “Jiquli”ləri bərə ilə Xəzərin o tayına daşıyırdılar. Sovet İttifaqının son ilində həm 1000 türkmənə 60 avtomobil düşürdü.
Yenidənqurma dövründə artıq sovet Gürcüstanında avtomobil alveri başlamışdı. Çox zaman hərbçilər və qabaqcıl kolxozçular növbəsiz əldə etdikləri avtomobili azərbaycanlılara satırdılar. Bu ölkədən bizə ikinci əl avtomobil axını elə 80-ci illərin sonunda başladı. O zaman ölkəmizdə Gürcüstan SSR nömrə nişanlı avtomobillər normaya çevrilmişdi.
Çox keçmədi ki, tarix təkrar olundu. Mikeil Saakaşvilinin hakimiyyətə gəlməsindən cəmi 2 il sonra Gürcüstan Qafqazda ikinci əl avtomobillərin təkrar idxalı (reeksport) mərkəzinə çevrildi və bu funksiyasını indi də qoruyub-saxlayır. İlk vaxtlar buradan yalnız Azərbaycan və Ermənistana işlənmiş avtomobil daşınırdısa, indi gürcü alverçilərin satış coğrafiyasına Orta Asiya da daxil olub.
Bu gün prosedur sadələşdirildiyi üçün avtomobillərin təkrar ixracı Gürcüstanın büdcə gəlirlərində əhəmiyyətli paya malikdir. Şengen zonasına sərbəst giriş və ucuz təyyarə bileti gürcü avtomobil alverçiləri üçün Avropanı əlçatan edir.
Vüqar Yaşaroğlu
Avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO
Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat - FOTO
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə










