Plyonka ilə bağlı bəd xəbər - Noyabrın 15-dən sonra yol polisi cərimə yaza bilər

Avtomobillərdə pərdə, plyonka və jalüz məsələsi yenidən gündəmdədir. Noyabrın 15-dən yenidən bu söhbət gündəmə gələ bilər. Ötən il Milli Məclisin plenar iclasında “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik müzakirəyə çıxarılmışdı. İclasda sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi ilə bağlı təklif verilmişdi.
Nazirlər Kabineti tərəfindən sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə bağlı standartların müəyyən edilməsi üçün isə üç ay vaxt verilmişdi.
Təklifin qayəsi bundan ibarətdir ki, mayın 1-dən noyabrın 15-dək avtomobillərdə pərdə, jalüz və plyonka istifadəsinə qoyulan məhdudiyyət aradan qaldırılsın.
Lakin hələ də bu istiqamətdə NK tərəfindən yekun standart müəyyənləşməyib.
Sürücülər deyirlər ki, adi vaxtlarda plyonka və pərdə istifadəsinə görə cərimə tətbiq edilməsə də, avtomobillərin qeydiyyatı və texniki baxışı zamanı həmin vasitələrin sökülməsi tələb olunur.
Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, "Yol hərəkəti haqqında" qanunun 1 saylə Əlavəsinin 7-ci hissəsi noyabrın 15-dən sonra qüvvəyə minəcək. Belə olduqca isə yol polisi sürücülərə cərimə yazmaq hüququna malikdir: "Milli Məclisdə qanuna dəyişiklik qəbul edildi və sürücüdən arxada qalan şüşələrin tündləşdirilməsi sürücünün ixtiyarına buraxıldı. Qanunun icrası ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərmana görə, Nazirlər Kabineti 3 ay müddətində yeni standartı müəyyən etməli idi. Amma az qala 2 ilə yaxın vaxt keçsə də, standart təsdiq edilmir. Belə olan halda isə sürücülər əziyyət çəkəcək. Məsələ burasındadır ki, hazırda köhnə standar qüvvədədir. Belə ki, Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:
Küləyə qarşı şüşələr üçün - 75 %
Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 %
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.
Həmçinin iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir. Belə çıxır ki, yol polisi noyabrın 15-dən sonra köhnə standarta əsəsaslanaraq sürücülərə 150 manat cərimə yaza bilər. Düzdür, Daxili İşlər Nazirliyinin rəhbərliyi hər il sürücüləri nəzərə alaraq belə bir addım atmır. Amma Nazirlər Kabineti də bir vərəqlik standarta görə iki ildir sürücüləri əziyyətə salmamalıdır. Çünki avtomobillərin texniki baxışı, qeydiyyat və təkrar qeydiyyatı zamanı sürücülər plyonkanı sökməli olurlar".
Orxan Əli













