Sürücülərin eşitməkdən ən çox qorxduğu cümlə - Sür, orada aydınlaşdırarıq

Avtoxəbər 26 Mart 2023 00:00 Oxunub 10242
Sürücülərin eşitməkdən ən çox qorxduğu cümlə - Sür, orada aydınlaşdırarıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı yollarında sürücülərin əsəblərini korlayan, stresə salan bir çox məqam var. Buna təcrübəsiz sürücülərin etdiyi kobud səhvlər və qəza şəraiti, saatlarla tıxacda qalmaq, parkinqlərdə yer tapmamaq, yolu ürəyi hardan istəsə oradan keçən piyadaların məsuliyyətsizliyi və başqalarını misal çəkmək olar. Lakin, bunlarla yanaşı sürücüləri narahat edən bir məqam da var ki, bu avtomobillərin qanunsuz yerə cərimə meydançasına aparılması ilə bağlıdır.

Bir çox sürücü avtomobillərinin qanunsuz halda cərimə meydançasına aparılmasından narazılıq edir. Hətta, bununla bağlı sosial şəbəkələrdə onlarla video və postlar da var. Buna səbəb isə sözügedən məkanlardan avtomobili çıxarmaq üçün əlavə ödənişin tələb olunması, buraxılış vərəqəsi almaq üçün kilometrlərlə məsafələr qət edilməsi, burada təmir və ya nasazlığın aradan qaldırılması üçün hər hansı şəraitin olmamasıdır.

Avtomobil hansı hallarda cərimə meydançasına gedə bilər?

Avtomobilin cərimə meydançasına getməsi İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinin 1-ci bəndi ilə tənzimlənir. 7 maddədən ibarət bu bəndin ən çox müzakirələrə səbəb olanı 96.1.5-dir. 

96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;

Yol polisləri avtomobildə gördükləri hər xırda şeyi "əlavə avadanlıq" kimi qələmə alaraq maşını müvəqqəti duracağa aparılmasını tələb edirlər. Halbuki, Nazirlər Kabinetinin təsdiqlədiyi bu məsələ ilə bağlı reqlamentdə avadanlıqların nümunəsi qeyd edilib. Reqlamentə əsasən, avtomobillərə əlavə yanacaq çənlərinin, yük yerlərinin quraşdırılması, banlarının dəyişdirilməsi və başqa bu kimi mexanizmlər əlavə avadanlıq hesab olunur. Hətta, bu avadanlıqlar üçün razılıq alınıbsa və normativ tələblər pozulmursa belə halda da avtomobil cərimə meydançasına aparılmır.

Yəni, işığın yanmaması, spoiler, bufer, sükan başlığı, normativləri pozmayan səsboğucu başlığı, asqı yayları, avtoxuliqanlıq, katalizatorun olmaması və başqa buna bənzər hallar cərimə meydançasına aparılmaq üçün səbəb deyil.

Bir sözlə avtomobilin yuxarıdakı maddəyə əsasən cərimə meydançasına aparılması üçün normativ tələblər pozulmalıdır. Normativ tələblərin pozulması ilə gözlə, əyilib baxmaqla, "qaz ver qulaq asım" deməklə yox, Yol hərəkəti haqqında qanunun 83-cü maddəsinə əsasən xüsusi texniki cihazlar vasitəsi ilə  müəyyənləşdirilməlidir. Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir.

Ümumiyyətlə isə, yol hərəkəti haqqında qanunun 85-ci maddəsinin qeydinə əsasən nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər.

Qayda pozuntusu varsa bununla bağlı protokol tərtib edilməli və bir nüsxəsi sürücüyə təqdim olunmalıdır. Protokol təqdim olunandan sonra isə sizin bununla bağlı şikayətiniz yaranarsa məhkəməyə müraciət etmək ixtiyarınız var. 

Yol polisi əməkdaşı sizi nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırıb və həmin hallar aradan qaldırılanadək müvəqqəti duracağa göndərərkən nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilməli, onun birinci nüsxəsi protokola əlavə edilməli, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilməlidir.

Yollarda qaydalara riayət etmək hər bir kəsin borcudur. Çünki, bu qaydalar bizim və başqalarının təhlükəsizliyi üçün hesablanıb. Lakin, hüquqlarını bilməyən şəxslərin bəzi yol polisi əməkdaşları tərəfindən incidilməsi, qanuna zidd hərəkətlər, rüşvət və başqa neqativ hallar yolverilməzdir. 

(milli.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh