80 yaşlı adam avtomobil sürə bilərmi?
İki gün öncə Bakı-Şamaxı yolunda 80 yaşlı bir sürücünün idarə etdiyi avtomobilin iştirak etdiyi qəza barədə məlumat vermişdik. Qəzada elə həmin 80 yaşlı sürücü dünyasını dəyişib. Bəzi mənbələrdə vurğulanıb ki, bu hadisə son həftədə 80 yaşlı sürücülərin iştirak etdiyi ikinci qəzadır. Bu qəzalarda həmin 80 yaşlı qocaların təqsirinin olub-olmadığını müəyyən etmək istintaq və məhkəmənin işidir. Amma bunu eşidənlərin "80 yaşında avtomobil sürmək nə dərəcədə doğrudur?" sualına yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov maraqlı cavab verib. Avtosfer.az-ın məlumatına görə, Ekspert bildirib ki, yol hərəkəti qaydaları sürücünün yuxarı yaşına heç bir məhdudiyyət qoymur. Məhdudiyyət yalnız aşağı yaş həddinədir: 18 yaşı olmayan sürücü ola bilməz. Amma sürücü üçün ən mühüm tələb onun sağlamlığının sürücülüyə yararlılığıdır. Bunu nəzərə alan beynəlxalq və milli qanunvericilik 70 yaşdan sonra hər bir şəxsin 2 ildən bir tibbi müayinədən keçərək sağlam olması barədə arayış təqdim etməklə sürücülük vəsiqəsini dəyişməli olduğunu nəzərdə tutur. Özü də belə yaşda sürücülərin sağlamlığı, xüsusən görmə və eşitmə qabiliyyəti, ürək-damar sistemi, şəkərli diabetinin olub-olmaması, psixo-nevroloji vəziyyəti və s. daha diqqətlə müayinə edilir. Əgər müayinə nəticəsində sürücülüyə əks-göstəriş tapılsa, qocaya arayış verilmir və izah edilir ki, sükanla vidalaş, get ictimai nəqliyyatdan istifadə et.
Bu məsələdə insanların özü də məsuliyyətli olmalıdır. Əgər adam səhhətində problem olduğunu bilirsə, sükandan uzaq durmalıdır, çünki bu, çox təhlükəli işdir. Əgər qanun bunu qadağan edibsə, deməli, bu qadağanın arxasında çox dəqiq və sınaqdan keçmiş məntiq var. Mənim gəldiyim bir qənaəti də unutmayaq: avtomobil sürmək (xüsusən bizim ölkədə) sağlamlığa ziyandır!".
***
Bakı-Şamaxı yolunun 69-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən məlumatına görə, Qobustan rayonu ərazisində 1934-cü il təvəllüdlü Əsgərov Tahir Məmməd oğluna məxsus "VAZ" və "Nissan" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər T.M.Əsgərovun cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər Faktla bağlı araşdırma başlanıb.