90 MP 090 Bakını dağıdır; nömrə isə DYP-də mövcud deyil – ŞOK OLAY
Bir neçə gün əvvəl Avtosfer.az saytında 90 MP 090 dövlət nömrə nişanı, «İnfiniti» markalı avtomobilin Mədrəkan qəsəbəsində avtoxuliqanlıq etməsi barədə məlumat vermişdik. Sonradan həmin avtomobillə bağlı apardığımız araşdırmalar zamanı maraqlı məlumatlar əldə etdik. Məlum oldu ki, həmin nömrələ avtomobil Rauf adlı şəxsə məxsusdur və bu nömrənin olduğu avtomobillərlə «avtoş»luq edir.
Youtube sosial şəbəkəsində apardığımız axtarışlar zamanı isə daha maraqlı məqamlar ortaya çıxdı. Məlum oldu ki, 90 MP 090 dövlət nömrə nişanı bəzən eyni vaxtda, bəzən isə ayrı-ayrı vaxtlarda müxtəlif modeldən olan avtomobillərin üzərində olub. Avtosfer.az həmin modellərin siyahısını təqdim edir:
«İnfiniti», «Porcshe», «Mersedes Bens - Galendewagen», «Mersedes S class».
Bu avtomobillərin hər biri ilə ayrı-ayrı vaxtlarda videolar çəkdirən nömrənin sahibi görüntüləri sosial şəbəkələrdə paylaşıb. Bu işə hobbi kimi yanaşan sürücü «ardı var» yazaraq, sanki serial çəkir. Onun «İnfiniti» və «»«Mersedes S class»la etdiyi təhlükəli hərəkətlər göz qabağandadır. Aaeroport yolunda avtomobili 220 km/saat sürətlə idarə edən sürücü bunu da sosial şəbəkələrdə yayıb. Bundan başqa, sürücü həmin avtomobili sərt döngədə təhlükəli manevrlər edərək «qəhrəmanlıq» nümayiş etdirib. Avtosfer.az-ın məlumatına görə, bu nömrəli avtomobil tez-tez Yasamal rayon Prokurorluğunun qarşısında olur.
Bu «qəhrəman»ın kimliyini, daha doğrusu, bu nömrənin və avtomobilin kimə məxsus olması ilə bağlı kiçik bir araşdırma apardıq. Məlum oldu ki, 90 MP 090 dövlət nömrə nişanı Dövlət Yol Polisinin Mərkəzi Məlumat Xidməti (MMX) sistemində mövcud deyil. Əməkdaşımız DYP avtomobillərinin birindəki bort-komputer vasitəsilə həmin nömrəni yoxlatdırıb və ekranda «bu nömrə mövcud deyil» yazılıb. Belə olduğu halda, bu o deməkdir ki, bu nömrə ya saxtadır, ya da DYP-nin sistemində gizlədiblər. DYP-nin sistemində nömrə gizlətmək isə hər adama nəsib olmur və bunu «qara münasibətlər» əsasında DYP-nin özü edə bilər. Yəni, həmin nömrənin sahibi DYP ilə «aylıq sövdələşmə» əsasında nömrəni yol polisinin sistemində gizlədir. Bununla da, o, hər hansı qayda pozuntusu törədərkən DYP-nin kameralarına və radara düşmür. Kamera və ya radar bu maşını çəksə belə, sistemdə nömrə barəsində heç bir məlumat olmadığı üçün cərimə protokolu yazılmır və sürücünün ünvanına da heç bir məktub göndərilmir.
Hər halda, nömrəni DYP sistemində gizlədən və ya saxta nömrə ilə maşın sürən şəxs sıradan biri deyil. Belə hərəkətlərə yol verən şəxslərlə bağlı isə Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib və onların cəzalandırılması barədə göstəriş verib. Təcrübə göstərir ki, artıq Prezidertin tapşırığından sonra cəzalanan məmur övladları olub. Elədirsə, bu nömrənin sahibinin də tapılıb cəzalandırılması DYP üçün çətin olmaz və bu qədər fakt qarşısında susmağa dəyməz. İlk növbədə nömrənin saxta olub-olmaması araşdırılmalıdır. Saxtadırsa, DYP hara baxır. Saxta deyilsə, bir nömrə 4 maşının üstünə necə və hansı tarixlərdə taxılıb? Üstəlik, saxta olmayan nömrə DYP-nin sistemində niyə görsənmir? Bu qədər kobud qayda pozuntularına görə həmin sürücüyə qarşı hansı tədbirlər görülüb? Güman edirik ki, DYP bu suallara cavab verdikdən sonra məsələ tam aydınlaşacaq.
Elməddin Muradlı