Avtomobil nömrə nişanları 3 hərf və 4 rəqəm kombinasiyasına keçə bilər? – DEPUTATDAN AÇIQLAMA - FOTO

Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanları uzun illərdir mövcud olan standartlara əsasən verilir. Hazırda istifadə olunan format iki rəqəm (region kodu), iki hərf və üç rəqəmdən ibarətdir. Bu qaydalar "AZS 599–2015" dövlət standartı ilə tənzimlənir və ölkədə vahid qeydiyyat sisteminin formalaşdırılmasına xidmət edir. Lakin artan avtomobil sayı və yeni tələblər fonunda qeydiyyat nişanlarının daha çevik və müxtəlif kombinasiyalarla tərtib olunmasına ehtiyac yarana bilər.
Qonşu Türkiyədə tətbiq olunan sistemə nəzər saldıqda isə fərqli yanaşma müşahidə olunur: burada nömrələr sabit şəhər kodu ilə başlayır və daha sonra müxtəlif hərf və rəqəm kombinasiyaları ilə davam edir. Bu yanaşma nəticəsində daha uzun, daha fərqli və çoxsaylı nömrə kombinasiyaları mümkün olur. Türkiyənin böyük şəhərlərində əhalinin və avtomobil sayının yüksək olmasına baxmayaraq, bir şəhər üçün tək kodla bu tənzimləmə effektiv şəkildə həyata keçirilir.
Maraqlıdır, Azərbaycanda da avtomobil nömrələrinin daha uzun və fərqli kombinasiyalarla formalaşmasını nəzərdə tutan yeni bir sistemin tətbiqi planlaşdırılırmı? Bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi gözlənilirmi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakı şəhərində əvvəllər avtomobil nömrə nişanları 10 nömrə kodu ilə verilirdi, daha sonra 90 və 99 koduna keçildi və hazırda 77 ilə davam edilir:

“Bu dəyişikliklər fonunda qeyd etmək lazımdır ki, digər ölkələrin təcrübəsində nömrə nişanlarında istifadə olunan rəqəm və hərf kombinasiyalarının müxtəlifliyi və çevikliyi müşahidə olunur. Bu da o deməkdir ki, bizdə də nömrə nişanlarının kombinasiyasının təkmilləşdirilməsi və bu istiqamətdə daha geniş araşdırmaların aparılması zəruridir.
Mövcud vəziyyətdə bir şəhərə bir neçə kodun verilməsi məqsədəuyğun görünmür. Məsələn, İstanbul kimi təxminən 15-20 milyon əhalisi olan bir şəhərdir və yalnız bir kodla, 34 nömrə kodu ilə təmsil olunur. Halbuki Azərbaycan üzrə ümumi əhali sayı belə bu qədər deyil. Buna baxmayaraq, hazırda bizim regionların hər biri üçün fərqli kodlar tətbiq edilir. Xüsusilə, paytaxt Bakı üçün artıq üç fərqli koddan istifadə olunub: əvvəlcə 10, sonra 99 və hazırda 77”.
Deputat əlavə olaraq bildirib ki, əgər gələcəkdə növbəti bir koda keçid planlaşdırılırsa, bu artıq ayrı bir müzakirə mövzusudur:

“Amma hər bir halda, texniki baxımdan rəqəmlər və hərflərin konfiqurasiyası genişləndirilərək, bu dəyişiklikləri yalnız bir və ya maksimum iki kod üzərindən idarə etmək mümkündür. Bu həm sistemin daha səmərəli idarə olunmasına, həm də vətəndaşların yadda saxlaması baxımından rahatlığa səbəb ola bilər. Eyni zamanda bir şəhərin bir neçə tanıtma kodu ilə təmsil olunması məsələsi də bu şəkildə aradan qalxa bilər”.
Eltac Zülfüqaroğlu
Bakıya leysan XƏBƏRDARLIĞI - Şimşək çaxacaq, hava soyuyacaq
Bu gün 57 minədək abituriyent imtahan verəcək
Uçuş təhlükəsizliyi AZAL-ın bütün qərarlarının mərkəzində dayanır - Samir Rzayev - MÜSAHİBƏ
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Vilyam Hacıyevin lüks avtomobillərinin hərrac tarixi bilindi
Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - AÇIQLAMA - VİDEO
WUF13-də neçə sərnişin daşınıb?
Bakı-Tbilisi-Bakı qatarı 5 yaşa qədər uşaqlar üçün pulsuz olacaq
Gürcüstana səfər üçün sığorta məcburi olacaq - Qiymət və qaydalar açıqlandı
Bu küçədə sərnişin mindirib-düşürənlər CƏRİMƏLƏNMƏYƏCƏK - FOTO
Paytaxtın 21 istiqamətində sıxlıq var - SİYAHI










