Banner

Azərbaycan xalqının 34 ildir sağalmayan yarası – 26 fevral XOCALI FACİƏSİ - FOTOSESSİYA

Gündəm 26 Fevral 2026 08:00
Azərbaycan xalqının 34 ildir sağalmayan yarası – 26 fevral XOCALI FACİƏSİ - FOTOSESSİYA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xocalı faciəsi xalqımızın ürəyində sağalmayan bir yaradır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində yüzlərlə günahsız insan – körpə, ana, atalar amansızcasına qətlə yetirildi. O gecə insanlar yalnız azərbaycanlı olduqları üçün həyatlarını itirdilər.

Xocalı təkcə bir şəhərin adı deyil, həm də yarımçıq qalan uşaqlıq, sönən ocaqlar, dağılan ailələr deməkdir. Bu faciə hər birimizin qəlbində dərin kədər və ağrı hissi yaradır. Hər il 26 fevralda biz Xocalı qurbanlarını göz yaşları və böyük ehtiramla yad edir, onların xatirəsini unutmayacağımıza söz veririk. Xocalı bizim qan yaddaşımızdır və bu acı tarix heç vaxt unudulmayacaq.

Bununla bağlı deputat Göydəniz Qəhrəmanov Avtosfer.az-a müsahibəsində bildirib ki, Xocalı şəhərində Azərbaycan bayrağının ucaldılması ədalətin təmin edildiyini göstərən güclü siyasi və mənəvi mesajdır:

“Xocalı soyqırımı Azərbaycan tarixində yalnız bir faciə günü deyil, eyni zamanda iki əsrə yaxın müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik nifrət və zorakılıq siyasətinin kulminasiya nöqtəsidir. Xocalıda baş verənlər təsadüfi hərbi hadisə deyil, milli mənsubiyyətinə görə dinc əhalinin hədəfə alındığı sistemli cinayətin bariz nümunəsidir. Bu hadisə Azərbaycan xalqının qan yaddaşında dərin iz buraxmaqla yanaşı, regionda uzun illər davam etmiş münaqişənin mahiyyətini açıq şəkildə ortaya qoymuşdur. 1992-ci ilin fevralında Xocalı şəhərinə edilən hücum beynəlxalq humanitar hüququn bütün əsas prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Hərbi əməliyyatların aparılması zamanı mülki əhalinin qorunması ilə bağlı öhdəliklər qətiyyən nəzərə alınmamış, nəticədə şəhər faktiki olaraq yer üzündən silinmişdir. Xocalının sosial infrastrukturu, təhsil və mədəniyyət ocaqları, tarixi-memarlıq irsi məqsədli şəkildə məhv edilmiş, bu isə təkcə insanlara deyil, bütöv bir mədəniyyətə qarşı yönəlmiş cinayət xarakteri daşımışdır. Maddi dağıntılarla yanaşı, Xocalı faciəsi Azərbaycan cəmiyyətinin mənəvi həyatında da sağalmaz yaralar açmışdır”. 

Deputatın onu da qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Xocalı hadisələrinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilməsi bu faciənin bütün dünyada tanınması yolunda mühüm dönüş nöqtəsi olmuşdur:
“Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisin 1994-cü ildə qəbul etdiyi qərar Xocalı faciəsini yalnız milli yox, bəşəri miqyasda ağır cinayət kimi təqdim etmiş, məsələnin beynəlxalq gündəmdə saxlanılması üçün əsas yaratmışdır. Eyni zamanda, hər il fevralın 26-da ölkə üzrə elan edilən sükut dəqiqəsi faciənin unudulmaması, şəhidlərin xatirəsinə ehtiram və milli həmrəyliyin ifadəsi kimi mühüm məna daşıyır. Xocalı soyqırımının hüquqi aspektdən təhlili göstərir ki, burada beynəlxalq cinayət hüququnun “soyqırımı” anlayışını formalaşdıran bütün əsas elementlər mövcuddur. Mülki əhaliyə qarşı zor tətbiqi, müəyyən etnik qrupa mənsubluğa görə hədəfləmə və xüsusi niyyət amili bu hadisənin sıradan müharibə cinayəti deyil, daha ağır kateqoriyaya aid olduğunu təsdiqləyir. Məhz bu səbəbdən Xocalı faciəsi bir çox tədqiqatlarda insanlıq tarixinin ən ağır cinayətləri ilə müqayisə olunur və XX əsrin sonlarında bəşəriyyətin vicdanını sınağa çəkən hadisələrdən biri kimi dəyərləndirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq səviyyədə Xocalı soyqırımının tanıdılması istiqamətində atılan addımlar Azərbaycanın ardıcıl və prinsipial siyasətinin nümyişidir. Müxtəlif ölkələrin parlamentləri tərəfindən qəbul edilən sənədlər tarixi ədalətin bərpası yolunda mühüm nailiyyət olmaqla yanaşı, beynəlxalq ictimaiyyətin məsələyə münasibətində keyfiyyət dəyişikliyindən xəbər verir. Bu prosesdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası xüsusi rol oynayaraq, informasiya boşluğunun aradan qaldırılmasına və qlobal maarifləndirməyə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi və sonrakı antiterror tədbirləri Azərbaycanın müasir tarixində yeni mərhələ açdı. Otuz il işğal altında qalan torpaqların azad edilməsi təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də Xocalı qurbanları da daxil olmaqla bütün şəhidlərin xatirəsinə verilən tarixi cavab oldu. Ölkə Prezidenti, Müzəffər Ali Baş komandan cənab İlham Əliyev tərəfindən Xocalı şəhərində Azərbaycan Bayrağının ucaldılması ədalətin gec də olsa təmin edildiyini göstərən güclü siyasi və mənəvi mesajdır. Bu gün Xocalı soyqırımının anılması yalnız keçmişə baxış deyil, həm də gələcəyə məsuliyyət çağırışıdır. “Ana harayı” abidəsi önündə keçirilən kütləvi anım mərasimləri cəmiyyətin tarixi yaddaşa sadiqliyini, ədalət və həqiqət uğrunda mübarizənin davamlı olduğunu nümayiş etdirir. Xocalı həqiqətlərinin yaşadılması Azərbaycanın milli kimliyinin, dövlətçilik şüurunun və beynəlxalq ədalət axtarışının ayrılmaz hissəsi olaraq qalır”.

Sabiq polis polkovniki Şəmsəddin Əliyev isə açıqlamasında deyib ki, 1992-ci il ümumiyyətlə Azərbaycan tarixi üçün çox ağır bir il olub:


“Mən Birinci Qarabağ müharibəsinin veteran komandiriyəm və 1992-ci ilin mayın 13-də Daxili İşlər Nazirinin əmri ilə biz 50 nəfərdən ibarət polis əməkdaşının komandiri kimi Laçına, Qubadlıya və Zəngilana ezam olunduq. Çox təəssüf ki, həmin dövrdə ətraf ərazilərin qorunub saxlanılması və ya düşmən tərəfindən işğalının qarşısının alınması üçün kifayət qədər hərbi silah və sursat olmayıb. Buna baxmayaraq, döyüşmək üçün böyük ruh yüksəkliyi var idi. 1992-ci ilin fevral ayının sonunda Xocalıda baş verən qətliam zamanı 613 nəfər həlak olub. Onlardan 62-si uşaq, 106-sı qadın, 70-i isə ahıl şəxs idi. 8 ailə tamamilə məhv edilib, 487 nəfər isə yaralanıb. Bütün bunlar həmin dövrdə bölgədə yerləşən Rusiyanın 366-cı motoatıcı diviziyasının iştirakı ilə baş verib. Təəssüf ki, Xocalı qətliamı ilə bağlı Azərbaycanın həyata keçirdiyi fəaliyyət uzun illər ərzində öz layiqli hüquqi-siyasi qiymətini ala bilməyib. Yalnız 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Ermənistan məğlub olub və 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb. Bununla da Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa olunub. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün “Ana harayı” abidəsi ucaldılıb. Erməni silahlı birləşmələrinin və onlara dəstək verən hərbi qüvvələrin əsas məqsədi həmin ərazilərdə Azərbaycan xalqını qismən və ya tamamilə məhv etmək olub. Bu, əsl soyqırımıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsinin III bəndində qeyd olunur ki, ölüm hökmü tam ləğv edilənədək, insanlığa qarşı xüsusilə ağır cinayətlərə və dövlət çevrilişinə cəhdə görə ölüm hökmü tətbiq edilə bilərdi. Lakin dövlətin xarici siyasəti nəzərə alınaraq bu addım atılmayıb. Amma yenə də 15 nəfər kifayət qədər ağır cəzəyə məkum olundular. Əminəm ki, Azərbaycan xalqı keçmiş, indiki və gələcək nəsillər bu qətliamı heç vaxt unutmayacaq. Təəssüf ki, belə faciələr təkcə Xocalıda deyil, Kəlbəcərdə və digər işğal olunmuş ərazilərdə də baş verib”.

Sosioloq Elçin Bayramlının sözlərinə görə, Xocalı soyqırımı bəşər tarixində ən böyük qəddarlıqla və vəhşiliklə həyata keçirilmiş insanlığa qarşı ən ağır cinayətlərdən biridir:

“Çox təəssüf ki, belə bir vəhşilik, belə bir soyqırımı erməni faşistləri tərəfindən bizim xalqımızın başına gətirilib. Vaxtilə ermənilərin Azərbaycanda separatçılıq və terror hərəkətlərinə başlamasından sonra Qarabağda toqquşmalar başladı və biz özümüzü müdafiə etməyə çalışdıq. Lakin hələ Sovet dövründə, 80-ci illərin sonlarında ittifaq rəhbərliyinin erməniləri müdafiə etməsi, şəxsən Qorbaçovun və digərlərinin bu proseslərə rəvac verməsi vəziyyəti daha da ağırlaşdırdı. Ermənilər təşkilatlanaraq silahlandılar, Azərbaycanın ərazilərini ələ keçirməyə, əhalini deportasiya etməyə və soyqırımına məruz qoymağa başladılar. 1991-ci ildə müstəqilliyimizi əldə etdikdən sonra isə çox təəssüf ki, respublikada xaos və anarxiya hökm sürürdü. Hakimiyyət bunun qarşısını almaqda aciz idi. Ölkəni birləşdirə, xalqı təşkilatlandıra və müqavimət göstərə bilmədi, nəticədə zəif vəziyyətə düşdük. Bundan istifadə edən ermənilər Qarabağda böyük qırğınlar törətməyə başladılar. Təkcə Xocalıda deyil, bir çox yaşayış məntəqələrində də belə soyqırımı halları baş verib. Sadəcə, Xocalı bunların ən dəhşətlisi, ən vəhşiliklə həyata keçirilmiş və ən kütləvi olanıdır. Həmin dövrün siyasi prosesləri və hakimiyyətdə düzgün qərarlar verə bilməyən şəxslərin olması xalqın birləşməsinə imkan vermədi və nəticədə biz bu faciəni yaşadıq. Həmin vaxt ermənilərə Qarabağda yerləşən Rusiyanın 366-cı alayı da böyük dəstək göstərdi. Onun imkanlarından istifadə edərək ermənilər bu qırğını həyata keçirə bildilər. Dövrün siyasi vəziyyəti elə idi ki, erməni lobbisinin təsiri ilə dünyanın bəzi böyük dövlətləri olan Rusiya, Amerika və bir sıra Avropa ölkələri Ermənistanı müdafiə edirdi və biz faktiki olaraq tək qalmışdıq. Bu problemlər Heydər Əliyev hakimiyyətə gələnə qədər davam etdi. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkədə müəyyən dönüş yarandı. Dövlətçilik möhkəmləndirildi, ordu quruculuğu gücləndirildi, iqtisadi vəziyyət sabitləşdirildi və Azərbaycanın beynəlxalq nüfuzu artmağa başladı. Bizə yenidən güclənmək və təşkilatlanmaq üçün vaxt lazım idi. Müəyyən müddətdən sonra Azərbaycan lazımi qüdrətə çatdı və torpaqlarımızı azad etdi. Xocalı soyqırımının dünya miqyasında tanınması və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün daim çalışmalıyıq. Bu faciəni unutmamalı, gənc nəsillərə ötürməliyik. Bu, bizim qan yaddaşımızdır və milli-mənəvi ruhumuzun formalaşmasında mühüm yer tutur. Gənclərimizi düşmənə qarşı mübarizə ruhunda, təslim olmamaq, ən çətin şəraitdə belə mübarizə aparmaq və qalib gəlmək əzmi ilə formalaşdırmalıyıq ki, bir daha belə faciələr yaşanmasın. Hazırda Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan həm daxili, həm də xarici müstəvidə milli birlik nümayiş etdirən güclü dövlətə çevrilib. Ordumuz yüksək səviyyədə güclənib, beynəlxalq əməkdaşlıq genişlənib və siyasi nüfuzumuz artıb. Artıq Azərbaycan elə bir səviyyəyə çatıb ki, bir daha belə faciələrlə üzləşməyəcək”.
Nurcan Babək

FOTO QALEREYA
Oxunub : 166
ŞƏRH YAZ
Ad

E-mail

Şərh