Bakıda yeni formalı nömrəsi olan avtomobillər kimindir?

Gündəm 25 Sentyabr 2014 08:00 Oxunub 2338
Bakıda yeni formalı nömrəsi olan avtomobillər kimindir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Bu nömrələr Müdafiə Nazirliyinə məxsus avtomobillərə məxsusdur»

 

 

Vaqif Dərgahlı: «Dövlət qeydiyyat nişanı dəyişdirilən avtomobillər hələlik yalnız Müdafiə Nazirliyinə aiddir»

 

Son günlər respublikamızın avtomobil yollarında yeni dövlət nömrə nişanlı avtomobillərə tez-tez rast gəlirik. Belə ki yeni dövlət qeydiyyat nişanında hərf və rəqəmlərin kombinasiyasında dəyişiklik edilib. Azərbaycan bayrağı yenə də dövlət qeydiyyat nişanının sol tərəfində yerləşir. Daha sonra bir hərf, ardınca üç rəqəm və daha sonra iki hərf işlədilir. Məsələn, B 555 BB formasında göstərilir. 

Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, «Yol hərəkəti haqqında» Vyana Konvensiyasına və ölkəmizin milli qanunvericiliyinə əsasən, hər bir mexaniki nəqliyyat vasitəsinit, hətta onun qoşqusunun dövlət qeydiyyat nişanı, yəni nömrəsi olmalıdır: «Dövlət qeydiyyat nişanı həmin nəqliyyat vasitəsini digərlərindən fərqləndirmək, yəni onu fərdiləşdirmək üçün əsas vasitədir. Bu səbəbdən qanunla müəyyən olunan standartlara uyğun dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsinin yollarda hərəkəti qadağandır. Özü də avtomobillərin və əksər digər nəqliyyat vasitələrinin arxada və qabaqda olmaqla iki dövlət qeydiyyat nişanı lövhəsi olur. Bu lövhələrin hər ikisi yerində olmalıdır. Əks təqdirdə, belə nəqliyyat vasitələrinin hərəkəti yolverilməzdir. Məhz bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsi dövlət qeydiyyat nişanları və ya onlardan biri olmayan, saxta və ya mövcud standartlara uyğun olmayan, yaxud başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etməyə görə 60 manat cərimə və 4 cərimə balı nəzərdə tutur. Özü də dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsinin hərəkəti qadağan edildiyindən nömrəsinin hər ikisi və ya biri yerində olmayan, yaxud saxta olan avtomobil yol hərəkətindən kənarlaşdırılaraq saxlanılmalıdır. Əgər problemi 3 saat ərzində yerində aradan qaldırmaq mümkün deyilsə, həmin avtomobil mühafizə olunan duracağa qoyulmalıdır. Bu avtomobilin hər iki nömrəsi yerinə qoyulmayanadək onun mühafizə olunan duracaqdan götürülməsi mümkün deyil».

Yeni dövlət qeydiyyat nişanlarına gəldikdə isə Ə.Hüseynov deyir ki, yeni dövlət qeydiyyat nişanları Müdafiə Nazirliyinə məxsus avtomobillərə məxsusdur: «Bundan öncə Müdafiə Nazirliyi və digər qoşun növlərinə məxsus avtomobillərə verilən dövlət qeydiyyat nişanları öncə 4 rəqəm, daha sonra isə iki hərfdən ibarət idi. Həmin dövlət nömrə nişanları ilə bağlı standartlar digər qoşun növləri ilə razılaşdırılır və təsdiq olunduqdan sonra bütün qoşun növlərində tətbiq oluna bilər. Amma bu dövlət nömrə nişanlarının verilməsinə Hərbi Yol Polisi nəzarət edir».   

Məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə də əlaqə saxladıq. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı belə bir standartın mövcud olduğunu vurğuladı: «Amma biz bu standartla bağlı hər hansı şərh vermək istəmirik. Yaxşı olar ki, bununla bağlı Müdafiə Nazirliyindən münasibət öyrənəsiniz». 

Məsələyə münasibət öyrənmək üçün Müdafiə Nazirliyinin Mətbuat xidməti ilə də əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirdi ki, Müdafiə Nazirliyinin mərkəzi aparatı və nazirliyin hərbi hissələrinə məxsus avtomobillərin dövlət qeydiyyat nişanında dəyişiklik edilib. Dövlət qeydiyyat nişanı dəyişdirilən avtomobillər isə hələlik yalnız Müdafiə Nazirliyinə aiddir». Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh