Bakının "avtoş" avtobusları - ARAŞDIRMA

Gündəm 6 İyun 2014 01:16 Oxunub 1524
Bakının "avtoş" avtobusları - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ziya Məmmədov: «Avtobus sürücülərinin mədəniyyəti bizim ən problemli yerimizdir»

 


Avtobus sürücülərinin aqressiyasına səbəb nədir?

 

Bu səhər-iyunun 5-də səhər Bakı sakinləri səhərlərini çox ağır xəbərlə açdılar. Səhər saatlarında Qara Qarayev metrosunun yaxınlığında, “Ruslan” marketin qarşısında iki sərnişin avtobusu sürücülərin azğınlığı üzündən dəhşətli qəza törətdi. Qəza zamanı 20-yə yaxın insan yaralandı. Elə həmin saatlarda isə digər bir ərazidə 83 saylı sərnişin avtobusu bir neçə avtobusu əzib. Əslində son illər Bakıda belə yol qəzalarının sayı durmadan artır. Sürücü mədəniyyəti, xüsusilə də ictimai nəqliyyatı idarə idən sürücülərin mədəniyyəti paytaxt Bakının ən böyük problemlərindən biridir. Lakin Avropa ölkələrinə nəzər saldıqda, görərik ki, belə hadisələrin sayında böyük fərq var. Bunun başlıca səbəbi isə cəmiyyətimizdə mövcud olan sürücü – sərnişin mədəniyyətidir. Avropaya inteqrasiyaya can atmağımıza baxmayaraq, tam olaraq mədəniyyətimizi və cəmiyyət arasında ünsiyyət, davranışımızı inkişaf etdirə bilməmişik. Məhz ona görə də, Avropa ölkələrində ictimai nəqliyyatda baş verən və böyük səs-küyə səbəb olan hadisə bizim üçün adi hal alıb. Məsələn Amerikada “School bus” uşaqları məktəbə aparan zaman sürücünün kiçik ehtiyatsızlığı səbəbindən şagirdlərdən biri oturduğu yerdən yıxılıb. Nəticədə məktəblinin sadəcə olaraq burnu qanayıb. Bu hadisədən sonra sürücünü məhkəməyə veriblər. Şagirdin ailəsinə təzminat ödənilir. Məktəb rəhbərliyi uşaqdan və valideyinlərindən üzr istəyib. Bütün bunlardan sonra sürücü işindən azad edilib.

Bizdə qat-qat ağır hadisələr baş verir. Avtobus sürücülərinə isə “gözün üstə qaşın var” deyən də olmur. Bunun müqabilində isə avtobus sürücüləri daha da azğınlaşır. “Mən interval ilə işləyirəm. Sürətlə idarə edib çatdırmalıyam. Xoşunuza gəlmir, düşün taksilə gedin”, kimi ifadələrlə sərnişinləri acılayırlar. Avtobusu kobud idarə etdikləri kimi, sərnişinlərlə də kobud rəftar edirlər. İş o yerə çatıb ki, avtobus sürücülərinin özbaşınalığından nəqliyyat naziri Ziya Məmmədovun özü də gileylənir: “Avtobus sürücülərinin mədəniyyəti bizim ən problemli yerimizdir. Bilirsiniz ki, bu tam şəkildə özəl sektora məxsus bir sahədir. Müxtəlif fiziki və hüquqi şəxslər bu sahədə faəliyyət göstərirlər və bu şirkətlərin rəhbərləri avtobus sürücülərini mədəni şəkildə xidmətlərin göstərilməsində, harada gəldi düşürüb-mindirmək kimi məsələlərdə məsuliyyət daşıyırlar”.

Nazir etiraf edib ki, nazirlik dəfələrlə bu barədə xəbərdarlıq və tövsiyyələr edib: “Hər bir sürücüyə fərdi qaydada nəzarətçi təyin edə bilmərik. Hamı bilməlidir ki, normativlər, cədvəllər var və buna əməl edilməlidir. Biz sərnişinlərin təhlükəsiz daşınması ilə bağlı işlər aparırıq və avtobuslarda sürət həddinin müəyyən edilməsi də bu tədbirlər sırasındadır”.

Qurumun mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə peşəkar sürücülərin hazırlanması üçün sürücülük bazasının yaradılacağını bildirib. Onun sözlərinə görə, ictimai nəqliyyatda sürücü işləmək istəyənlər xüsusi imtahan əsasında seçiləcək. Avtobus sürücüsü işləmək üçün sürücünün yaşı 21-dən aşağı olmamalıdır. O, ən azı 3 il sürücü işləməlidir. Avtobus sürücüsü “D” kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmalıdır”, - deyə N.Həsənov bildirib.

Son vaxtlar avtobusların iştirakı ilə baş verən yol qəzalarının sayının artması və bu istiqamətdə ciddi tədbirlərin görülməsinə ehtiyac yaradır. Əksər sürücülərin mədəniyyətsizliyi, sərnişin ilə düzgün davranmaması artıq illərdir ki, qlobal mövzudur. Millət vəkili Elmira Axundova çıxış yolunu cərimələrin sərtləşdirilməsilə avtobus qəzalarının sayının azaltmağın mümkün olduğunu deyib. Millət vəkili sürücülük kursları ilə yanaşı, sərnişindaşımada işləmək istəyənlərə etika kurslarının keçirilməsinin vacibliyini vurğulayıb. Paytaxt sakinləri də avtobus sürücülərinə çoxdan etika kurslarının keçirilməsinin vacib olduğunu düşünür. Bəs görəsən avtobus sürücülərinin özləri necə, əlavə kurslara ehtiyac duyurlarmı? Avtobus sürücüləri də ekspertlərin bu təklifinə müsbət yanaşıblar. Onlar da etika və sürücülük kurslarının keçirilməsində maraqlı olduqlarını bildiriblər. 29 saylı avtobusun sürücüsü Təvəkkül Əliyev anspress-ə açıqlamasında bu təklifin pis fikir olmadığını deyib. 

Hüquq müdafiəçiləri isə problemin həllində əsas çıxış yolunu qanunların sərtləşdirməsində görür. Hüquq müdafiəçisi Mais Balayev deyir ki, yaxşı olardı ki, Yol Hərəkəti Haqqında Qanunu bir az sərtləşdirəydilər. “Bir də görürsən ki, avtobus sürücüsü qapıları açıq halda maşını idarə edir. Yaxud da, avtobusu qrafik pozulmasın deyə istədiyi formada, sürətlə idarə edir. Ən pis halda, az bir məbləğ ödəməklə, problemi həll edir. Lkain Avropa ölkələrində süqrücünün kiçik bir səhvi üzündən sürücü hətta həbs edilir. Düzdür son vaxtlar bizdə də qanunları bir az sərtləşdiriblər. Görünür ki, bu hələ kifayət deyil”, - deyə Mais Balayev bildirib Bundan sonra bizə ancaq gözləmək qalır. Bəlkə sürücülər, yaxud cavabdeh şəxslər insafa gəlib, nəqliyyatın yaxşılaşdırılması istiqamətində bir iş görəcəklər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh