Bakının mərkəzində ağır döyüş texnikası insanları qorxuya saldı – VİDEO

Gündəm 11 Noyabr 2014 00:42 Oxunub 2199
Bakının mərkəzində ağır döyüş texnikası insanları qorxuya saldı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rejissor Vahid Mustafayev 20 yanvar faciəsi ilə bağlı yeni film çəkilişlərinə başlayıb

Bakının mərkəzində ağır döyüş texnikası diqqət çəkib. PDM markalı texnika şəhərin mərkəzi küçələrində gözə dəyib. Döyüş maşını əvvəlcə Azadlıq meydanında, sonra isə «Sahil» metrostansiyasının ətrafında görünüb. Avtosfer.az-ın məlumatına görə, döyüş maşınını görənlər qorxuya düşsələr də, vəziyyətin nə yerdə olduğunu biləndən sonra şəkil çəkdiriblər. Məlum olub ki, 1990-cı ilin 20 yanvar hadisələrinin 25-ci ili ərəfəsində, rejissor Vahid Mustafayev yeni bədii filmin çəkilişlərinə başlayıb. Filmdə Azərbaycanın azadlıq ruhu və öz müstəqilliyini qaytarmaq istiqamətində göstərdiyi səylərdən bəhs edilir. Azərbaycan tarixinin unudulmaz səhifələrinin vərəqlənəcəyi filmdə tamaşaçılar o günlərin görünməyən tərəfləri ilə tanış olacaq. Sovet İttifaqının dağılmasının əsasını qoyan "20 yanvar"ın niyə Milli Müqavimət günü olduğu sualına bizcə tamaşasçılar bu filmdə cavab tapacaqlar.

Azərbaycanın müstəqillik tarixinin salnaməsinin yaradılmasında özünəməxsus yeri olan Vahid Mustafayev o gecəni canlandırmağın ağır yükünü də elə öz çiyninə götürüb.

Şəhər sakinlərini isə əlbəttə maraq bürümüşdü. Hamı ağır texnikaya ağır-ağır baxır, marağını boğa bilməyənlər də yaxınşlaşıb nə baş verdiyini soruşurdular. Eşidəndə ki, 20 yanvardan bəhs edən film çəkilir, onda da rejissoru xəbər alırdılar. Bu sual əminəm ki, hər birinizi də maraqlandırır. Elə isə eşidin. Filmin rejissoru Vahid Mustafayevdir. Onu elə çəkiliş yerində, gərgin və yorğun yaxaladıq. 20 yanvar haqqında bədii film Azərbaycanda ilk olmalıdır, bəs sizin bu ilkə imza atmanız hansı zərurətdən yarandı? Vahid Mustyafayev deyir ki, əvvəla qarşıdan 20 yanvar hadisələrinin 25 illiyi gəlir. Bu isə o deməkdir ki, bu gün 25 yaşlı gənc bu faciənin detalları haqqında müfəssəl məlumata malik deyil. Çünki, mövcud kadrlar keyfiyyətsizdir və hadisə haqqında dolğun informasiya vermir. Və bəlkə də bu səbəbdəndir ki, insanlarda xalqımızın əzildiyi, basıldığı haqqında fikir formalaşıb. ”Hadisələr doğrudan necə cərəyan edib? Azərbaycan xalqı, Azərbaycan gəncliyi müstəqillik uğrunda necə döyüşüblər? O barədə fotofaktlar, video faktlar yoxdur. Mənim də şəhid qardaşlarımız qarşısında bir vəzifə borcum var bir vətəndaş kimi. Bunları gələcək nəslə göstərməkdir“, deyə rejissor Vahid Mustafayev bildirdi.

Maraqlıdır ki, filmdə əcnəbi aktyorlar da yer alıb. Türkiyə, Amerika filmlərindən tanıdığınız simaları inşallah qarşıdakı süjetlərimizdə sizə tanıdıcağıq. Amma o vaxta hələ var və mən bu gün sizə kino deyilən şeyin nə qədər çətin başa gəldiyi haqda danışmaq istəyirəm. Təsəvvür edin, bu cavan oğlan "soyuzpeçat"ın köşkündən bir siqareti alıb ortaya çıxınca bəlkə də 10 qutu siqareti rahatca çəkib qurtarardı. Üstəgəl, çəkilişlər şəhərin düz mərkəzində aparılır və müasir Bakı da 25 il qabaqkı Bakı olmadığından hər kadrın çəkilişi sanki daşdan çıxır. Bu da vəziyyətdən necə çıxırsız sualına Vahid Mustafayevin cavabı: ”Sözsüz ki, şəhər çox dəyişib. Demək olar ki, 100 faiz amma tikə-tikə, balaca-balaca hissələr tapıb işləməyə çalışırıq ki, insanlar üçün o vaxtı canlandıraq. İnsanlar həmin ab-havaya bir də qayıtsınlar və Azərbaycan xalqının, Azərbaycan gəncliyinin müstəqillik uğrunda necə mübarizə apardığını görsünlər”.

Müsahibim filmə dəstək verdiyi üçün dövlət başçısına minnətdarlığını bildirdi. Biz isə həm də yaxın tariximizə güzgü tutanlara minnətdarıq. Əziyyətiniz yerdə qalmasın dostlar. 20 yanvar faciəsinin dünyaya çatdırılması işində hər birinizə uğurlar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh