Banklar kredit faizlərini niyə aşağı salmır? - İQTİSADÇI

Gündəm 22 İyul 2026 23:36
Banklar kredit faizlərini niyə aşağı salmır? - İQTİSADÇI
WhatsApp kanalımıza abunə olun

Kredit faizlərinin yüksək qalması həm vətəndaşların, həm də biznesin maliyyə imkanlarına birbaşa təsir göstərən əsas iqtisadi məsələlərdən biri olaraq qalır.

Avtosfer.az xəbər verir ki, xüsusilə istehlak və biznes kreditləri üzrə yüksək faiz dərəcələri investisiya imkanlarını məhdudlaşdırır, borclanma xərclərini artırır.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, azərbaycanda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri pulun maya dəyərinin yüksək olmasıdır:

"Banklar vəsait cəlb edərkən bunun üçün müəyyən xərc çəkirlər. Xüsusilə manatla yerləşdirilən depozitlər üzrə faizlər yüksək olduğundan, banklar da bu vəsaiti daha yüksək faizlə kredit şəklində təqdim etməyə məcbur olurlar. Məsələn, xarici valyutada depozit faizləri təxminən 3-5 faiz olduğu halda, manatla bu göstərici 10-11 faiz təşkil edir. Kredit faizlərinə təsir edən digər mühüm amil isə kredit riskidir. Verilən kreditlərin hamısı vaxtında və ya tam şəkildə geri qaytarılmır. Gecikmələr, ödənişlərin uzanması və ya ümumiyyətlə geri qaytarılmaması bankların risklərini artırır və bu da faiz dərəcələrində öz əksini tapır. Təminat məsələsi də kredit faizlərinin formalaşmasında mühüm rol oynayır. Girov və ya digər təminat etibarlı olduqda kredit daha aşağı faizlə verilə bilər. Təminat zəif olduqda və ya ümumiyyətlə olmadıqda isə risk artdığı üçün faiz dərəcələri də yüksəlir. Problemli kreditlərin geri qaytarılması uzun məhkəmə prosesləri tələb edir. Məsələn, girov qoyulmuş əmlakın bank tərəfindən əldə olunması illərlə davam edə bilər. Bu müddətdə yaranan hüquqi və digər xərclər də bankların ümumi xərcinə əlavə olunur və nəticədə kredit faizlərinə təsir göstərir".

İqtisadçı qeyd edib ki, iqtisadiyyatdakı ümumi risklər də bu prosesdə mühüm amildir:
"Banklar bir tərəfdən vəsaiti yüksək faizlə cəlb edirsə, digər tərəfdən onu aşağı faizlə kredit kimi təqdim edə bilməz. Bundan əlavə, bank sektorunda rəqabətin kifayət qədər güclü olmaması və bankların yüksək gəlirlilik gözləntiləri də kredit faizlərinin yüksək qalmasına səbəb olur.
Hazırkı şəraitdə yaxın gələcəkdə kredit faizlərinin əhəmiyyətli dərəcədə azalacağı gözlənilmir. Ən yaxşı halda cüzi – 0,1-0,2 faiz səviyyəsində dəyişiklik ola bilər ki, bu da bazara ciddi təsir göstərməyəcək. Kredit faizləri kredit növündən asılı olaraq da dəyişir. İstehlak kreditləri, xüsusilə girovsuz kreditlər daha yüksək faizlə təqdim olunur. Girov təminatı olan kreditlərdə isə faizlər nisbətən aşağı olur. Yüksək kredit faizləri biznes mühitinə mənfi təsir göstərir. Sahibkarlar investisiya qərarlarını təxirə salır, kiçik və orta biznesin inkişafı ləngiyir. Çünki kredit üzrə ödənilən faizlər biznesin xərclərini artırır və nəticədə məhsul və xidmətlərin maya dəyərinə təsir edərək qiymətlərin bahalaşmasına səbəb olur. Eyni zamanda, yüksək kredit faizləri vətəndaşların borclanma xərclərini artırır, ailə büdcəsinə əlavə maliyyə yükü yaradır və onların ödəmə qabiliyyətini zəiflədir".

Fatimə Dadaşova

 

Oxunub : 132
ŞƏRH YAZ
Ad

E-mail

Şərh