Bölgələrdə sürücülərin tez-tez qəza törətməyinin səbəbi nədir? - AÇIQLAMA

Gündəm 24 Avqust 2026 18:30
Bölgələrdə sürücülərin tez-tez qəza törətməyinin səbəbi nədir? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Region yollarında, xüsusilə magistrallarda baş verən ağır qəzalar yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra suallar yaradır. Bu ərazilərdə yüksək sürət, uzun məsafəli hərəkət və yol şəraiti kimi amillər qəza riskini artıran əsas səbəblər sırasında göstərilir.
Avtosfer.az xəbər verir ki, magistral yollarda təhlükəsizliyin təmin olunması üçün həm sürücülərin davranışına, həm də yol infrastrukturuna diqqətin artırılması vacibdir. Bəs region yollarında ağır qəzaların baş verməsinin əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakı, Sumqayıt və Gəncədən başqa ölkənin digər şəhər və rayonlarında sürücülük məktəbləri və kursları əsasən formal xarakter daşıyır:


"Lazımi səviyyədə sürücülük bacarıqlarının və yol hərəkəti mədəniyyətinin insanlara aşılanmaması bu gün yol təhlükəsizliyi sahəsində diqqət tələb edən əsas məsələlərdən biridir. Sürücülük vəsiqəsi əldə edən şəxsin yalnız nəqliyyat vasitəsini idarə etməyi bilməsi kifayət deyil. Sürücü eyni zamanda yol hərəkəti qaydalarını dərindən mənimsəməli, müxtəlif yol və hava şəraitində düzgün qərar qəbul etməyi bacarmalı, qəza risklərini əvvəlcədən qiymətləndirməli və digər hərəkət iştirakçılarına qarşı məsuliyyətli davranmalıdır. Təəssüf ki, sürücülük təliminin nəzəri və praktiki hissəsinin kifayət qədər səmərəli təşkil olunmaması nəticəsində təcrübəsiz sürücülərin sayı artır. Bu baxımdan sürücülük məktəblərinin fəaliyyəti ilə bağlı bir sıra sualların aydınlaşdırılmasına ehtiyac var. Hazırda sürücülük məktəblərinin hansı nazirliyin və ya dövlət qurumunun kurasiyasında olması, onların fəaliyyətinə hansı idarənin nəzarət etməsi, tədris prosesinin hansı standartlar və proqramlar əsasında həyata keçirilməsi, eləcə də praktiki sürücülük təliminin hansı meyarlarla qiymətləndirilməsi məsələləri cəmiyyətdə haqlı maraq doğurur. Sürücülük məktəblərində tədrisin formal xarakter daşıması və əsas diqqətin yalnız imtahandan keçməyə yönəldilməsi isə gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Əslində sürücülük təliminin əsas məqsədi sadəcə sürücülük vəsiqəsi almaq üçün imtahan verməyə hazırlıq olmamalıdır. Məqsəd yollarda təhlükəsiz hərəkət edə bilən, riskləri düzgün qiymətləndirən, qəza vəziyyətlərində adekvat reaksiya göstərən və qaydalara məsuliyyətlə yanaşan sürücü formalaşdırmaqdır. Bunun üçün sürücülük məktəblərində həm nəzəri, həm də praktiki hazırlığın keyfiyyəti yüksəldilməli, təlim proqramları müasir tələblərə uyğunlaşdırılmalı və tədrisin nəticələri obyektiv şəkildə qiymətləndirilməlidir".
Nəqliyyat eksperti qeyd edib ki, məsələnin digər mühüm tərəfi yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölən və yaralanan insanların sayının azaldılmasıdı:
"Yol hərəkəti təhlükəsizliyi yalnız yol infrastrukturunun yaxşılaşdırılması, yeni yolların salınması və texniki vasitələrin quraşdırılması ilə təmin edilə bilməz. Bu sahədə insan amili xüsusi əhəmiyyət daşıyır. Sürücünün hazırlıq səviyyəsi, yol hərəkəti qaydalarına münasibəti və təhlükəli vəziyyətlərdə davranışı qəzanın baş verməsində və ya qarşısının alınmasında həlledici rol oynaya bilər. Məhz bu səbəbdən Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirilməsi vacibdir. Bu istiqamətdə mühüm sənədlərdən biri Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illəri əhatə edən beşillik Dövlət Proqramıdır. Proqram hazırlanarkən qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və yol təhlükəsizliyinin müxtəlif istiqamətləri üzrə kompleks tədbirlərin müəyyənləşdirilməsi nəzərdə tutulub. Proqramın əsas məqsədlərindən biri yol-nəqliyyat hadisələrinin sayının və onların ağır nəticələrinin azaldılmasıdır. Sənəddə qarşıya qoyulan məqsədlər və nəzərdə tutulan tədbirlər ardıcıl və tam şəkildə icra edildiyi halda, qəza hallarının əhəmiyyətli dərəcədə azaldılması, xüsusilə də qəzalardan sonra ölüm hallarının aşağı salınması mümkün ola bilərdi. Bunun üçün yalnız bir dövlət qurumunun fəaliyyəti kifayət etmir. Yol təhlükəsizliyi ilə bağlı vəzifələr müxtəlif dövlət qurumları, yerli icra strukturları, aidiyyəti təşkilatlar və təhsil müəssisələri arasında koordinasiyalı şəkildə həyata keçirilməlidir. Nəticə etibarilə, yollarda qəzaların və ölüm hallarının azalması üçün məsələyə yalnız qəza baş verdikdən sonra müdaxilə etmək kifayət deyil. Əsas məqsəd qəzanın baş verməsinin qarşısını əvvəlcədən almaq olmalıdır. Bunun üçün peşəkar sürücü hazırlığı, keyfiyyətli tədris, effektiv nəzarət, müasir yol infrastrukturu, düzgün təşkil olunmuş hərəkət və davamlı maarifləndirmə tədbirləri vahid sistem halında həyata keçirilməlidir".

Fatimə

Oxunub : 250
ŞƏRH YAZ
Ad

E-mail

Şərh