Dizelin bahalaşmasının fəsadları hələ qarşıdadır

Məlumdur ki, dizelin qalxması, ekologiya normalarının yüksəldilməsi sadə məsələ deyil. Dünya 4-cü sənaye inqilabına keçir və bu, ətraf mühitin qorunmasını, ekologiya normativlərinin, dünya standartlarının yüksəldilməsini tələb edir.
Bəs bu normativlər Azərbaycanda hansı nəticələrə səbəb olacaq?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Ted.az-a danışan avtomobil üzrə mütəxəssis Şahin Göyləroğlu bildirib ki, bu normalar dünyada, o cümlədən Azərbaycanda hər sahədə fərqli nəticələr yaradacaq: "Bu, avtomobil sahəsində bir çox iş yerlərinin bağlanması və ya ciddi zərər görməsinə gətirib çıxaracaq. Bunlar əsasən, ehtiyat hissələri mağazaları, ustalar və dizel avtomobil ehtiyat hissələri mağazaları olacaq. Heç kimə sirr deyil ki, ölkədəki maşınların yarısından çoxu köhnə Sovet və rus istehsalı avtomobillərdir. Təbii ki, bunlar üçün lazımi sayda ehtiyat hissəsi mağazası olmalıdır və var. Deməli, yüzlərlə usta və satıcı bu köhnə maşınlara xidmət göstərir. Ehtiyat hissəsi Stokları var. İndi düşünün, proses davam edir və utilizasıya başlayır. Bu zaman o servis və ya mağazaya kim müraciət edəcək? Deməli, minlərlə ehtiyat hissəsi sadəcə dəmir parçasına çevriləcək. Axı maşın yoxdursa, ehtiyat hissəsi nəyə lazımdır? Aydındır ki, yüzlərlə usta da bu avtomobillərə xidmət edir. Sadə yama, bir boks (qaraj) və bir-iki açar bəs edir ki, bu avtomobillər təmir olunsun. Bunun üçün hansısa elektronika və ya xüsusi test cihazlarına ehtiyac yoxdur. Xidmətlər də sözün əsl mənasında su qiymətinədir. Xidmət yerində komfortdan söz gedə bilməz, ucuz iş əlavə sərmayə qoymağa imkan vermir. Xüsusilə də rayonlarda yollarda bu cür yerləri görməyən olmaz. Bəs utilizasiya olsa, bu ustalar necə işləyəcək? Deyə bilərsiniz ki, onlar da öyrənəcəklər. Amma öyrənənlər artıq onsuzda xarici avtomobillərə müxtəlif səviyyədə xidmət göstərirlər. Digər tərəfdən, xarici avtomobillərə xidmət çox sərmayə istəyir, müasir açarlar və test cihazlarını nəzərdə tuturam. Bu isə maddi problemlə üzləşən ustanın qarşısını kəsir. Buna görə də, bir çox belə iş yerləri bağlanacaq".
Mütəxəssis vurğulayıb ki, dizel avtomobil ehtiyat hissələri mağazaları da zərər görəcək: "Ekoloji normalar yaşıl zona əmələ gətirsə, şəhərdəkilər dizel avtomobillərini satacaqlar. Yaşıl zona məsələsinə gəldikdə isə bu dəqiq olacaq. Satılan maşınlar ucuz qiymətə kənd və rayonlara gedəcək. Belə olanda, avtomobili su qiymətinə alan sürücü elə bu qiymətə də ehtiyat hissəsi istəyəcək. Bu halda həmin ehtiyat hissəsi stokuna sahib mağazalar məcbur əlindəki malları satmaq istəyəcəklər. Çünki artıq bu modellərin gələcəyi olmayacaq. Bəlkə də, televiziya kanallarında Almaniyada dizel avtomobillərinin necə aparılıb metal qırıntısına çevrildiyini görmüsünüz. Niyə belə olur? Çünki qanun buna icazə vermir və ümidsiz, istifadəyə yararsız məhsul kimi tullayırlar. Bizdə də ehtiyat hissəsi mağazalarının taleyi belə olacaq. Gələcəyi olmayan bir maşının ehtiyat hissəsini niyə alsınlar, onu niyə düzəltsinlər ki?"
Ş.Göyləroğlu, həmçinin vurğulayıb ki, hər sənaye inqilabı zamanı bu hadisə baş verir, çox insan işi və biznesini itirir. Amma vəziyyəti tez analiz edib, dəyişmək mümkündür. Bunun üçün inkişaf etmək, müasir dövrə cavab vermək, bir sözlə, zamanla ayaqlaşmaq lazımdır.













