Dünyada tüğyan edən yalan xəbər mühiti: Cəmiyyət niyə dezinformasiyaya inanır? – MÜTƏXƏSSİS RƏYİ

Sosial şəbəkələrin geniş yayılması ilə birlikdə dezinformasiya və yanlış məlumatların sürətlə yayılması müasir dövrün ən ciddi sosial problemlərindən birinə çevrilib. Artıq informasiya əvvəlki kimi yalnız peşəkar media orqanları vasitəsilə deyil, hər bir istifadəçi tərəfindən yaradılıb paylaşılır və bu da məlumat axınını həm sürətləndirir, həm də nəzarətsiz hala gətirir. Digər tərəfdən belə nəzarətsizlik sonda cəmiyyətin dezinformasiyanın axınını izləməyə vadar edir və ümumilikdə ölkədə problemlərə gətirib çıxarır.
Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu Avtosfer.az- açıqlamasında bildirib ki, dezinformasiya - yəni qəsdən yanlış və ya təhrif olunmuş məlumatın yayılması müasir informasiya mühitində cəmiyyətin davranışına və qərarvermə proseslərinə birbaşa təsir edən əsas faktorlardan biridir.
Bu təsir ilk növbədə insanların reallığı necə qavraması ilə bağlıdır. İnsanlar informasiyanı obyektiv analiz etməkdən çox öz əvvəlki inanclarına uyğun gələn məlumatları qəbul etməyə meyillidirlər və nəticədə yanlış məlumatlar sürətlə yayılır, insanlar qərarlarını faktlara deyil emosiyalara əsaslanaraq verirlər.
"Bu prosesdə sosial media mühüm rol oynayır. Platformaların alqoritmləri istifadəçilərə daha çox maraq doğuran və onları emosional olaraq təsirləndirən kontent təqdim edir. Bu isə təsir və manipulyasiya effektini gücləndirir. İnsanlar yalnız öz fikirlərini təsdiqləyən informasiyalarla əhatə olunur və alternativ baxışlardan uzaqlaşırlar. Beləliklə cəmiyyət daxilində fikir müxtəlifliyi zəifləyir və qütbləşmə dərinləşir. Dezinformasiyanın sosial nəticələri çoxşaxəlidir. İlk növbədə cəmiyyət daxilində etimad böhranı yaranır. İnsanlar dövlət qurumlarına mediaya və hətta bir-birinə inamını itirir. Bu isə sosial əlaqələrin zəifləməsinə və ictimai həmrəyliyin pozulmasına gətirib çıxarır. Bundan əlavə dezinformasiya ictimai proseslərə ciddi təsir edir və ictimai rəy süni şəkildə yönləndirilə bilir. Digər mühüm nəticə sosial parçalanmadır. İnsanlar müxtəlif informasiya reallıqları daxilində yaşamağa başlayır və ortaq həqiqət anlayışı zəifləyir. Bu isə dialoqu çətinləşdirir və konflikt riskini artırır. Eyni zamanda yanlış məlumatların yayılması ictimai təhlükəsizlik üçün də risk yaradır məsələn səhiyyə ilə bağlı dezinformasiya insanların yanlış qərarlar verməsinə səbəb ola bilər.
Dezinformasiyaya qarşı mübarizə kompleks yanaşma tələb edir. Ən vacib istiqamətlərdən biri media savadlılığı səviyyəsinin artırılmasıdır. İnsanlar informasiyanı tənqidi şəkildə analiz etməyi mənbələri yoxlamağı və manipulyasiyanı tanımağı öyrənməlidirlər. Bununla yanaşı peşəkar jurnalistikanın gücləndirilməsi və fakt yoxlama fəaliyyətinin genişləndirilməsi vacibdir ki cəmiyyət etibarlı informasiya ilə təmin olunsun. Sosial media platformalarının məsuliyyəti də böyükdür. Onlar saxta xəbərlərin yayılmasını məhdudlaşdırmaq üçün texnoloji həllər tətbiq etməli və alqoritmlərini daha şəffaf etməlidirlər. Dövlətlər isə balanslı hüquqi mexanizmlər formalaşdıraraq həm söz azadlığını qorumalı həm də qəsdən yayılan zərərli dezinformasiyanın qarşısını almalıdır. Dezinformasiya yalnız informasiya problemi deyil həm də sosial sabitlik təhlükəsizlik və demokratik inkişaf üçün ciddi təhdiddir. O müasir dövrdə yumşaq güc və hibrid müharibə aləti kimi çıxış edir. Onun təsiri yalnız informasiyanın təhrif olunması ilə məhdudlaşmır o cəmiyyətin düşünmə tərzini davranışını və gələcək istiqamətini dəyişir. Bu təsiri azaltmaq üçün isə cəmiyyətin bütün səviyyələrində fərdi institusional və texnoloji müstəvidə koordinasiyalı fəaliyyət tələb olunur".
Sosioloq Elçin Bayramovun fikrincə, informasiya məkanının çirklənməsi və dezinformasiyanın kütləvi xarakter alması internetin inkişafı ilə başladı.
“Müxtəlif saytların və sosial şəbəkələrin yayılması bu sahədə müəyyən dərəcədə anarxik vəziyyət yaradıb.
Son 15–20 ildə isə problem daha da kəskinləşib. Hazırda qlobal miqyasda ciddi informasiya çirkliliyi mövcuddur və insanlar yayılan məlumatları çox vaxt yoxlamadan doğru qəbul edirlər. Xüsusilə saxta hesablar, saytlar və sosial şəbəkə profilləri məqsədli şəkildə yalan və manipulyativ məlumatlar yayırlar. Bu isə həm cəmiyyət, həm də dövlət üçün təhlükə yaradır, ictimai rəyə mənfi təsir göstərir. İnternet azad məkan olduğu üçün hər kəs məlumat paylaşa bilir və bu da nəzarəti çətinləşdirir. Buna baxmayaraq, yalan informasiyaların qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsi və məsuliyyətin artırılması vacibdir”.
Fatimə Dadaşova
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










