DYP-dən polislərin vurulmasına münasibət: Qəfil hücum olub

Gündəm 23 Noyabr 2014 10:33 Oxunub 1579
DYP-dən polislərin vurulmasına münasibət: Qəfil hücum olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: «Cinayətə meylli insanlar istəmirlər ki, polis olsun»

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar bəzi sürücülər tərəfindən yol polisi əməkdaşlarına qarşı edilən hücumların artmasına münasibət bildirib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-ın bununla bağlı sualına cavabında bildirib ki, yol polisi əməkdaşları həmin sürücüləri sadəcə olaraq qayda pozan şəxs qismində saxlayıb. İnsidentlər isə qəflətən baş verib: «Yol polisi həmin sürücüləri qayda pozduqlarına görə saxlayır, qanunun tələbinə uyğun davranır, sənəd istəyir, protokol yazır. Lakin sürücülər qəflətən polisə hücum edirlər. Məsələn, Binəqədi rayonunda sürücünün iki yol polisi əməkdaşını bıçaqlaması qəflətən baş verib. Polislər gözləmədikləri halda sürücü bıçaq çıxaraq onları vurub və hadisə yerindən qaçıb. Artıq onlar həbs olunublar və məlum olub ki, hər iki sürücü narkotik istifadəçisidir, cinayət törətdiklərinə görə də axtarışda olublar».

Kamran Əliyevin sözlərinə görə, göründüyü kimi, polisə qarşı bu cür əməllərə yol verənlər cinayət törətmiş və ya cinayətə meylli insanlardır: «Əlbəttə, polisə qarşı düşmən münasibəti göstərənlər yalnız qanundan kənar fəaliyyətlə məşğul olanlar, cinayətə meyl edənlər ola bilər. Normal insanlar polislə normal ünsiyyət qururlar. Cinayətə meylli insanlar isə istəmirlər ki, polis olsun. Çünki polis belələrinin qanunsuz əməllərinin qarşısını alır, onların qayda pozmalarına imkan vermir. Bu gün cəmiyyətdə münasibətlərin formalaşmasında, insanların rahat, sərbəst şəkildə gecə saat 2-3-də küçədə rahat gəzib dolaşmalarında Azərbaycan polisinin müstəsna xidmətləri var. O cümlədən, yol polisinin də bu sahədə fəaliyyəti danılmazdır».

Yol polislərinin sürücülər tərəfindən təzyiqlərə məruz qalmasında fiziki hazırlıq amili ortaya çıxır. Doğrudanmı, yol polisləri fiziki cəhətdən hazırlıqlı deyillər? Kamran Əliyev deyir ki, yol polisləri fiziki cəhətdən hazırlıqlıdır. Amma elə məqam olur ki, gözlənilmədən hadisə baş verir: «Polis sürücünü saxlayır ki, sənədlərini yoxlasın, törətdiyi qayda pozuntusuna görə cərimə yazsın. Yol polisi necə bilsin ki, sürücü ona hücum edəcək? Bu cür hərəkətləri bütün sürücülərdən gözləmək olmaz. Amma aralarında bəziləri var ki, qayda pozmağa meylli olduğu kimi, cinayət törətməyə də meyllidir və polisə qəfil hücum edərək xəsarət yetirirlər və ya cərimədən yayınmaq üçün polisi maşınla vurub hadisə yerindən qaçırlar. Onların bu əməlləri cavabsız qalmır. Hər kəs törətdiyi qayda pozuntusuna görə məsuliyyət daşıyır. Amma məsuliyyətdən yayınmaq üçün polisi vurub daha ağır cinayət törətmək həmin insanların öz problemidir. Bütün hallarda, onlar qanun qarşısında cavab verirlər. Əgər bir sürücü qayda pozursa, yol polisi ona saxlayırsa, nədən aqressivlik göstərib polisə hücum çəkirlər? Deməli, onların düşüncəsinə görə, nə istəsələr edə bilərlər, amma polis onları saxlamamalıdır. Bu, heç vaxt mümkün olmayacaq. Qoy, bütün sürücülər buna əmin olsun».

Əslində, Kamran Əliyevlə razılaşırıq. Həqiqətən də polis öz işini görür, sürücünü saxlayıb sənəd istəyir və gözlənilmədən hücuma məruz qalır. Amma nəzərə almaq lazımdır ki, yol polisləri adətən təklikdə xidmət aparmırlar. Onlar 2 və ya 3 nəfər olurlar. Tək olsa belə, polis hər bir situasiyaya, hər bir şəraitə hazırlıqlı olmalıdır. Bu hazırlığın önündə isə fiziki və intellektual hazırlıq gəlir. Daha vacib məqam isə peşəkarlıqdır. Bəzən isə yol polisi hər bir sürücü ilə sözün hər mənasında «öz dilində danışmağı» bacarmalıdır. Çünki Kamran Əliyevin də dediyi kimi, yol polisi sürücünün ona hücum edib-etməyəcəyini əvvəlcədən bilmir və bilə də bilməz. Belədirsə, polis hücuma da hazır olmalıdır, xoş münasibətə də. Son hadisələr göstərdi ki, bu hazırlıq olmasa, kimin yol polisindən xoşu gəlmirsə, imkan düşən kimi vurub qaçacaq. Bütün bunlar isə polisi nüfuzdan salan amillərdir. Şəxsən biz, Avtosfer.az saytı olaraq polisin nüfuzuna xələl gətirən halların baş verməsini istəmirik, arzulamırıq və buna qarşıyıq. Elə bu məqsədlə də cəmiyyətdə təbliğat işi aparırıq. Biz polisi güclü, əzmli və peşəkar görmək istəyirik. Sürücülərə gəlincə, onlar qanunlara əməl etməlidirlər, qaydalar üzrə hərəkət etməlidirlər. Yol polisi onları qaydalara əməl etməyə sövq etməlidir. Bir şərtlə ki, yol polisi özü də qaydalara və qanunlara əməl etsin. O zaman heç bir problem olmaz…

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh