Evakuasiya olunanlara xəbər; YENİ QAYDALAR TƏSDİQLƏNDİ
İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərdə avtomobili evakuasiya olunan sürücüləri maraqlandıracaq məqamlar əksini tapıb. Avtosfer.az saytı İXM-nin 429-5-ci maddəsinin mahiyyətini diqqətə çatdırır. Həmin maddə inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasını əks etdirir.
429-5.5. Bu Məcəllənin 158-1.1-ci və ya 158-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında deyilsə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Sürücülər üçün maraqlı olacağını nəzərə alaraq, Avtosfer.az saytı evakusiya olunan avtomobil sürücüsünün necə məlumatlandırılması qaydalarını qanuni formasını təqdim edir;
429-5.6. Bu Məcəllənin 158-1.1-ci və ya 158-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin protokolun surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 429-6.2.1 və 429-6.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 429-6. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma
429-6.1. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir.
429-6.2. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır:
429-6.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış “elektron kabinet”ə yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir;
429-6.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsinin istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi “elektron kabinet”in internet ünvanı və daxil olma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;
429-6.2.3. inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.
429-6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.