İki nəfəri öldürən sürücüyə bəraət verildi
Şəki Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirli bilinən İsmayıllı rayon sakini Hikmət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, Hikmət Qasımov 4 sentyabr 2013-cü ildə idarə etdiyi “Kamaz-5511” markalı avtomobillə Bakı şəhərindən çıxıb və İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozub.
O, Muğanlı-İsmayıllı yolunun 13,8-ci kilometrində, İsmayıllı rayonu Basqal kəndi ərazisində Müzəffər Səfərovun idarə etdiyi “ZAZ-110308-01” markalı maşınla toqquşub. “ZAZ”ın sürücüsü Müzəffər Səfərov və onun sərnişini Mövlud Musayev aldığı xəsarətlərdən ölüblər.
İstintaq araşdırması zamanı yol qəzasının törədilməsində Hikmət Qasımov təqsirli bilib.
Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Hikmət Qasımov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, sentyabrın 3-də Muğanlı-Basqal yolunda daş yüklü “KAMAZ”la sürüşkən-nəm yoxuşda hərəkət edib: “Həmin vaxt hava çiskinli-dumanlı idi, narın yağış da yağırdı. Qarşı tərəfdən “ZAZ” markalı 10-XZ-573 dövlət nömrə nişanlı avtomobilin sürətlə öz yolu ilə mənə tərəf gəldiyini gördüm. Onun mənə çatmasına 10-12 metr qalmış “Tavriya” markalı maşın oynayaraq sola buruldu. Maşınımı sağa, ehtiyat hissəyə çəkdim, tormoz verərək saxladım. Lakin “ZAZ” avtomobili mənim yolumda sağ yan tərəfi ilə öz hərəkəti istiqamətində sürüşərək “KAMAZ”ın qabağına çırpıldı. Avtomobildə olan sürücü və sərnişin öldü”.
Təqsirli bilinən şəxsin sözlərinə görə, maşından düşərək digər avtomobildəki şəxslərin öldüklərini görəndə özünü pis hiss edib: “Bu zaman hadisə yerindən 20-30 metr aralıda olan, sürücü həmkarım kimi tanıdığım İlham gəlib bizə kömək etmək istədi. Həmin vaxt özümdən əvvəldə hərəkətdə olan sürücü yoldaşım Səhəd Xəlilov mənə zəng edərək harada olduğumu soruşdu, qəzaya uğradığımı dedim. Səhəd Xəlilov 5 dəqiqə keçməmiş yanıma gəldi. O, polis orqanlarına zəng etdi. Polis, təcili tibbi yardım maşını və FHN-nin əməkdaşları gələnə kimi Səhəd və İlham yanımda olub. Hadisəni İlham tam görüb”.
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Nəzakət Əskərova deyib ki, əri Mövlud Musayev son vaxtlar İsmayıllı rayonu Basqal kəndi ərazisindəki “Çənlibel” yeməkxanasında işləyib, gündəlik çörək pulu qazanıb: “Sentyabrın 4-də, saat 13 radələrində evdə olduğum vaxt qohumlarım mənə zəng edərək bildirdilər ki, Mövlud İsmayıllı rayonu ərazisində yol-nəqliyyat qəzasına uğrayıb. Həmin gün saat 15.00-da Mövludun meyitini evə gətirdilər”.
Məhkəmənin hökmü ilə Hikmət Qasımovun barəsində bəraət hökmü çıxarılıb.