İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.
Avtosfer.az təbrikin mətnini təqdim edir:
"Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.
Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, onlar milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvələrini əsirgəmədən tariximizdə dərin iz qoyan fədakar, mübariz və məğrur sələflərindən aldıqları tükənməz mənəvi güc sayəsində bütün sınaqları dəf etmiş, öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişlər.
Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, qırx dörd günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir. Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki, ümidləri doğruldaraq ədalətin bərpa edilməsində, uzun həsrətdən sonra Qarabağın Ana Vətənə qovuşmasında və məğrur xalqımıza hüdudsuz Zəfər sevincinin yaşadılmasında müstəsna payı vardır.
Mən torpaqlarımızın müdafiəsi zamanı canından keçmiş igid oğullarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına ən xoş arzularımı çatdırıram.
İnanıram ki, qurub-yaratmaq əzmi və sosial-mədəni fəallığı ilə seçilən zəngin mənəviyyatlı Azərbaycan qadını cəmiyyətimizin həyatına bundan sonra da yüksək dəyərlər qazandıracaq, bizi qarşıda gözləyən nəhəng quruculuq dövründəki nailiyyətləri ilə müstəqillik salnaməmizə yeni parlaq səhifələr yazacaqdır".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












