Məhkəmə MÜƏMMASI – Həkimlər niyə həmişə “haqlı” ÇIXIRLAR?

Gündəm 1 Oktyabr 2024 22:57 Oxunub 452
Məhkəmə MÜƏMMASI – Həkimlər niyə həmişə “haqlı” ÇIXIRLAR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İnsanların həkim səhlənkarlığının qurbanı olması Azərbaycanda adi hala çevrilib. Həkimlərin ehtiyatsızlığı nəticəsində həyatını itirən, şikəst qalan, aylarla komada qalan, sağlam olan əl-ayağın ambutasiyası kimi hadisələrə çox rast gəlmişik. Həkim səhlənkarlığına görə bu cür faciələrlə üzləşən ailələr aylarla məhkəmə salonlarında sürünürlər. Əllərində fakt olsa da, çox nadirən kiməsə ağır zərər vuran, ölümünə səbəb olan həkimlərin layiqincə cəza aldığını görürük.

Bəs qanun nə deyir?

Avtosfer.az xəbər verir ki, bu barədə hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsində həkim səhlənkarlığı ilə bağlı qeyd olunan cəzaları sadalayıb.

Həkim səhvləri ilə bağlı əsas Cinayət Məcəlləsinin 3 maddəsinə uyğun cinayət işi başlanılır.

Ehtiyatsızlıqdan adam öldürmə

“Cinayət Məcəlləsinin 124-cü maddəsi ehtiyatsızlıqdan adam öldürmə cinayəti barədədir. Həkimlər hər hansısa müalicə, əməliyyat apararkən xəstənin ölümünə səbəb olarsa, burada hansısa qəsddən söhbət getmir. Ona görə də, 2 ilə qədər islah işləri, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Əgər bu ehtiyatsızlıq nəticəsində 2 və daha artıq şəxsin ölümünə səbəb olubsa, 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər”.

Yüngül dərəcəli xəsarət

“Qeyd edim ki, həkim səhvi nəticəsində vətəndaşa yüngül dərəcəli xəsarət yetirmiş olarsa, burda da ehtiyatsızlıqdan söhbət gedir. Bununla bağlı cinayət məcəlləsinin 131-ci maddəsinə uyğun cəza təyin olunur və şəxsə 700 manatdan 1200 manata qədər cərimə, 6 aya qədər azadlıqdan məhrumetmə təyin oluna bilər”.

Ağır dərəcəli xəsarət

Əgər ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurursa, 2 ilə qədər islah işləri, 1200 manatdan 2400 manata qədər cərimə və ya bir ilə qədər azadlıqdan məhrum etmə cəzası təyin olunur. Əsasən həkimlərə etdikləri əməldən dolayı səhlənkarlıq maddəsi tətbiq olunur ki, bu da cinayət məcəlləsinin 314-cü maddəsində təsbit olunub. 314-cü maddəsinin ikinci hissəsində əgər səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan ölümə və digər ağır nəticələrə səbəb olarsa, bununla bağlı 2 ildən 5 il müddətinə qədər azadlığın məhdudlaşdırılması tətbiq oluna bilər.

Ekspertiza rəyi həkimlərin xeyrinə verilir?

Məhkəmə prosesi zamanı faktların araşdırılması üçün ekspertiza rəyi alınır. Ekspertiza rəyini alanlar da həkimlər olduğu üçün insanlar bu rəyin şəffaflığına şüphə edirlər və məhkəmələrin həkimlərin lehinə nəticələnməsini də bununla əlaqələndirirlər.

Hüquqşünas deyir ki, bu insanlarda oturuşmuş fikirdir:

“İnsanlar düşünür ki, ekspertizanı həkimlər verirsə, burada rəylər təhrif oluna bilər. Amma son 2-3 ildə prokurorluq tərəfindən sırf tibbi cinayətlərin, həkim səhvlərinin araşdırılması ilə bağlı 3-4 metodik vəsait çap olunub. Qeyd edim ki, həkim səhlənkarlığı ilə bağlı rəy verən şəxs təkcə həkim deyil, eyni zamanda onlar qanun qarşısında məsuliyyət daşıyan və öncədən qanunvericiliyə uyğun cinayət məsuliyyəti ilə bağlı xəbərdarlıq olunan iltizama qol çəkmiş ekspertlərdir.

Onların hər hansısa səhvi etməsi, yanlış rəy verməsi gələcəkdə onların da cinayət məcəlləsinin 297-ci maddəsinə uyğun olaraq bilərəkdən yalan ifadə vermək, yalan rəy vermək və yanlış tərcümə etmə maddələri ilə 1000 manatdan 2000 manata qədər cərimə, o cümlədən iki ilə qədər islah işləri, 1 ilə qədər azadlığın məhdudlaşdırılması və 6 aya qədər azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.

Artıq burada istintaqı aparan şəxsin xüsusi profesionallığı tələb olunur ki, onlar verilmiş rəylə ümumdünya səhiyyə təşkilatının verdiyi protokolları tutuşdursun və nəticədə ekspertin qarşısına elə bir tərzdə suallar qoysun ki, həmin suallar faktiki olaraq eksperti doğru rəy verməyə məcbur etsin”.

Ekspertiza rəyi verən müstəntiqlərin tibbi bilikləri

Ramil Süleymanov deyir ki, məhkəmə proseslərinin daha uğurlu olması üçün bir sıra tədbirlər görülə bilər.

“Qanunvericilikdə bu sahə spesifik sahəyə çevrilə bilər. Bu sahədə çalışmaq istəyən müstəntiqlərin eyni zamanda tibbi biliklərinin olması ilə bağlı onlara mütəmadi təlimlər keçirilə bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh