Banner

Mərkəz rəhbərinin açıqlaması yayıldı: "Sinovac" peyvəndinin qoruma təsiri çox aşağıdır”

Gündəm 13 Aprel 2021 16:20 Oxunub 2184
Mərkəz rəhbərinin açıqlaması yayıldı: "Sinovac" peyvəndinin qoruma təsiri çox aşağıdır”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Çin Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Gao Fu açıqlama verib ki, "Sinovac" peyvəndinin qoruma təsiri çox aşağıdı, cəmi 50,4%-dir”.  Bu məlumatı REAL Partiyasının icraçı katibi, iqtisadçı  Natiq Cəfərli öz feysbuk səhifəsində paylaşıb.  

Saxta.info iqtisadçının çinli mütəxəssisə istinadən yaydığı məlumatla bağlı dəqiqləşdirmə aparıb.


Apardığımız araşdırma  zamanı məlum oldu ki, həqiqətən Çin Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Gao Fu   bu mövzuda açıqlama verib.   Amma  çinli mütəxəssis   konkret olaraq ad çəkmədən, ümumiyyətlə  ölkəsində  istehsal olunan  koronavirus əleyhinə  peyvəndlərin  qoruma səviyyəsinin aşağı olduğunu diqqətə çatdırıb. Həmçinin əlavə edib ki,   hökumət bu peyvəndlərin qoruma təsirlərini artırmaq üçün iş aparır. Və ən əsası Gao Fu yuxarıda iddia olunduğu kimi,  "Sinovac" peyvəndinin qoruma təsirinin çox aşağı, cəmi 50,4% olduğunu  deməyib.  Bu barədə Euronews aprel ayının 11-də  məlumat  yayıb.    


Yei gəlmişkən, Çində koronavirus əleyhinə 5 növ -  CoronaVac və ya Sinovac,  Ad5-nCoV (ticari adı Convidesiya), BBIBP-CorV  (Sinopharm),   Zhifei Longcom və  IMBCAMS   adlı  peyvəndlər istehsal olunur. 

Bəs  Sinovac  peyvəndinin  qoruma səviyyəsinin  50,4 % olmasına dair məlumat hardan qaynaqlanır?  Çinli mütəxəssin açıqlamasını yayan mənbələrdə bu məlumatı da oxumaq mümkündür. Həmin açıqlamanın ardınca   Sinovac  peyvəndinin  qoruma səviyyəsinin  50,4 % olmasına dair fikrin braziliyalı mütəxəssislərə aid olduğu xatırladılıb.  Qeyd edək ki, Braziliya tərəfi hələ ötən ilin sonlarında bununla bağlı açıqlama yayıb.  Bildirilib ki, Butantan institutunda aparılan araşdırma zamanı   Sinovac-ın effektivliyinin 50,4 % olduğu üzə çıxıb.

Amma braziliyalı mütəxəssislərin açıqladığı göstərici, "Sinovac" peyvəndinin qoruma səviyyəsi ilə bağlı yeganə göstərici deyil, bu yöndə başqa nəticələr də var.  Əvvəlcə qeyd edək ki,  Çinin Sinovac şirkəti Barziliyada aparılan tədqiqat zamanı peyvəndin effektivliyinin aşağı olmasının səbəbini izah edib.  Şirkətin baş meneceri bildirib ki, bu,  klinik sınaqların  yoluxma riski yüksən olan tibb işçləri üzərində aparılması ilə bağlıdır.

Digər tərəfdən, Türkiyə Səhiyyə Nazirliyi aparılan tədqiqatların nəticəsi olaraq sözügedən peyvəndin 91,5 effektli olduğunu açıqlayıb. Yeri gəlmişkən, Türkiyə 50 milyon doza “Sinovac” sifariş edib. İndoneziya səhiyyə qurumları isə “Sinovac”ın effektivlik səviyəsinin 65,3 %  olduğunu bəyan edib.

Bu arada,  Türkiyədə  Ankara Atatürk Təhsil və Araşdırma Xəstəxanasında  çalışan,  coronaviruslu xəstələrin müalicəsində iştirak edən azərbaycanlı həkim İbadət Həsənov  öz  paylaşımında  Çin istehsalı olan peyvəndin effektli olduğunu  bildirib. Mütəxəssis qeyd edib ki,  peyvəndləməyə qədər Türkiyədə hər ay 30-40 tibb işçisi virusdan dünyasını dəyişib. Səhiyyə işçilərinin kütləvi vaksinasiyasından sonra Türkiyədə tibb işçiləri arasında ölüm halı qeydə alınmayıb. Bundan başqa vaksin vurulan və yenidən koronavirusa yoluxan yaşı 65-dən yuxarı olan şəxslərdə ağırlaşma, pnevmoniya izlənməyib. Həsənov əlavə edib ki,  hazırda vacib olan virusun ağciyərləri zədələməsinin qarşısını almaqdır, Çin istehsalı olan peyvənd isə bu məsələdə 95 faiz effektlidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri də  Çinin "Sinovac" və "Sinopharm" şirkətlərinin istehsalı olan vaksinləri təhlükəsiz və effektli hesab ediblər. Yeri gəlmişkən,  son məluma  görə,  Çin dünyanın 40-dan çox  ölkəsinə peyvənd satır,  70-ə yaxın ölkəyə  isə pulsuz peyvənd verir.


Qeyd edilənlərə əsaslanaraq deyə bilərik ki,  birincisi, paylaşılan məlumat yanlışdır, ikincisi  Çin peyvəndlərinin effektivliyi ilə bağlı  açıqlanan faiz göstərcisi, yalnız bir mənbənin gəldiyi nəticədir.  


Saxta.info bu qənaətə gəlib ki, iqtisadçı Natiq Cəfərlinin  paylaşdığı  məlumat həqiqəti əks etdirmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh