Milyonlara başa gələn Mərkəz Ziya Məmmədovun nəzarətindən çıxdı

Gündəm 21 Dekabr 2015 23:46 Oxunub 2645
Milyonlara başa gələn Mərkəz Ziya Məmmədovun nəzarətindən çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezidentin imzaladığı fərmanla Bakı Nəqliyyat Agentliyi yaradılıb, NİİM isə onun tabeliyinə keçib

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Avtosfer.az-ın məlumatına görə, sənəddə deyilir ki, son illərdə həyata keçirilən hərtərəfli yenilənmə, sistemli və kompleks tədbirlər nəticəsində sürətlə inkişaf edən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri müasir meqapolisə çevrilib.

İri iqtisadi və inzibati mərkəz olan, Avropa və dünya miqyaslı bir sıra mötəbər tədbirlərə ev sahibliyi edən Bakı şəhərinin bugünkü simasına uyğun olaraq paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir və hazırda bu işlər davam etdirilir.

Əhali sıxlığının, intensiv hərəkətin artdığı hazırkı dövrdə bu sahədə əldə olunmuş müsbət nəticələrin səmərəliliyinin yüksəldilməsi, Bakı şəhərində nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, o cümlədən ictimai nəqliyyatın tənzimlənməsi, sərnişindaşıma marşrutlarının optimallaşdırılması və nəqliyyat sahəsində xüsusi idarəetmə modelinin formalaşdırılması ilə bağlı yeni çağırışlar yaranıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi məqsədi ilə qərara alıb ki, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılsın.

 Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə tapşırılsın ki, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər göməlidir.

Fərmanda «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi haqqında Əsasnamə"nin və strukturunun təsdiq edilməsi də əksini tapıb.

Agentlik işçilərinin ümumi say həddi 160 ştat vahidi müəyyən edilib.

Bundan əlavə, Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti Agentliyin tabeliyinə verilib.

Daxili İşlər Nazirliyinə tapşırılıb ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma zamanı sərnişin və baqaj daşınması qaydalarını pozan şəxslər barəsində tədbir görülməsində Agentliyə kömək göstərsin, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərində ictimai asayiş qaydalarına riayət olunmasına nəzarəti gücləndirsin.

Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün Agentlik tərəfindən dayanacaq məntəqələrinin və avtomobil duracaqlarının yerləşdirilməsi, habelə nəqliyyat qovşaqlarının yaradılması üçün müvafiq yerlərin ayrılmasını təmin etsin.

Nazirlər Kabineti isə Azərbaycan Respublikası prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Agentliyin fəaliyyətini təkrarlayan və paralel fəaliyyət göstərən qurumların işçilərinin sayının azaldılması ilə əlaqədar tədbirlər görməli, Agentliyi bina ilə təmin etməli, habelə onun fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edərək bu barədə Nazirlər Kabinetinə məlumat verəcək.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh