Narkotiklə bağlı 5781 nəfər tutulub
2024-cü ilin yanvar-sentyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Bu barədə Avtosfer.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar-sentyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7668 cinayət faktı aşkarlanıb.
Onlardan 2402-si narkotik vasitələrin qanunsuz satışı, 5040-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 221-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 5-i isə digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 480 kq 818,632 qr narkotik vasitələrin və psixotrop maddələrin 505 kq 794,459 qr-nı heroin, 4 ton 493 kq 881,15 qr-nı marixuana, 146 kq 571,141 qr-nı tiryək, 30 kq 967,701 qr-nı həşiş, 174 kq 569,787 qr-nı psixotrop maddələr, 129 kq 034,394 qr-nı digər narkotik vasitələr təşkil edib.
Həmçinin göstərilən dövr ərzində 18758 ədəd metadon, 14314 ədəd çətənə kolu, 44 qr və 240 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1434,8 hektar sahədən 2.854.755 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 480 kq 818,632 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 130 milyon 931 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5781 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 423 nəfər, 26-29 yaşadək 889 nəfər, 30 yaş və ondan yuxarı isə 4468 nəfər təşkil edir. Həmin şəxslərdən 5621-i kişi, 160-ı qadın olub.
Məsuliyyətə cəlb edilmiş 48 xarici ölkə vətəndaşından ümumilikdə 111 kq 047,894 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 192 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 820 kq 886,932 qr narkotik vasitə və psixotrop maddə, 18758 ədəd metadon həbi, 1710 ədəd və 44 qr güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 249-u qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 760 kq 859,311 qr narkotik vasitə, psixotrop maddə və 85,3 qr güclü təsir edən maddə müsadirə edilib.
2443 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 714 kq 487,6 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövri ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 652, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 453, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 111, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 63, digər növ cinayət faktların sayı 25, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 24 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 726 kq 724,392 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 702 nəfər azalıb.
Bununla yanaşı, qrup halında olan cinayətlərin sayı isə 8 fakt artıb.
2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 1 ton 334 kq 752,245 qr (72,5%), tiryəkin çəkisi 101 kq 460,67 qr (40,9%), həşişin çəkisi 20 kq 616,293 qr (40%), psixotrop maddələrin çəkisi 188 kq 568,546 qr (51,9%) azalıb.
Təhlil göstərir ki, qeyd olunan xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95%-dən çoxu İran ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla ölkəyə gətirilib.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 4 ton 493 kq 881,15 qr-nı (82%) marixuana təşkil edib. Onun da 3 ton 888 kq-ı (86,9%) tərkibi maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 605 kq-ı (13,5%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 16-17 aprel tarixlərində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60189 ədəd həb metadon, 58773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3477 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddə, eyni zamanda cari ilin 22 iyul tarixində Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kq 293,151 qr müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv edilib.
Həmçinin 34 şəhər və rayonda qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmş 28 kq 271,747 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 226 ədəd çətənə bitkisi şəhər və rayon komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilib.
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 65791 nəfər istiqamətləndirilib.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2225 nəfərdən 1441 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 335, QİÇS-lə Mübarizə Mərkəzində 391, Sumqayıt Narkoloji Mərkəzində 151 nəfər) 877 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin sentyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 55 nəfəri (5,9%-i) inyekson narkotik istifadəçiləri olub.
Cari ilin yanvar-sentyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1443 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 125-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 103-ü narkotik asılılıqdan müalicə, 1215-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 228 məktub ünvanlanıb.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 129 tədbir (65 maarifləndirici və təşkilati tədbir, 53 təlim, 6 sosial layihə, 1 marafon və televiziya kanalında 4 verilişdə iştirak) təşkil edilib.