Nəqliyyat sektorundan əhaliyə bayram əminliyi; həmişəki söhbət

Gündəm 16 Mart 2015 13:21 Oxunub 1285
Nəqliyyat sektorundan əhaliyə bayram əminliyi; həmişəki söhbət
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bayram günlərində sərnişindaşımada problemin olmayacağı bildirilir

“Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalında bütün istiqamətlərə ümumilikdə 400-dən artıq əlavə avtobus buraxılacaq. Bayramda sərnişin sıxlığının yaranacağı gözlənilsə də, heç bir problem yaranmayacaq”. Bu barədə avtovağzalda fəaliyyət göstərən “M.Trans” şirkətinin iqtisadiyyat və ictimaiyyət şöbəsinin müdiri Mətləb Abidi bildirib. Onun sözlərinə görə, avtovağzalda gücləndirilmiş iş rejimi mart ayının 17-dən başlayaraq, martın 26-da yekunlaşacaq. “Adi günlərdə əgər 400 avtobus 7 min sərnişinə xidmət göstərirsə, bayram günlərində 800-dən çox avtobus sərnişinlərə xidmət göstərə biləcək. Bayram günlərində avobuslardan 15 minə yaxın sərnişinin istifadə edəcəyi gözlənilir”, - deyə Mətləb Abidi bildirib.

Bundan əlavə, avtovağzalda 8 nəfərdən ibarət nəzarət komissiyası yaradılıb. Həmin komissiya Bakı Beynəlxalq Avtovağzal ərazisində baş verə biləcək neqativ halların qarşısını almağa nəzarət edəcək. Mətləb Abidin sözlərinə görə, özbaşına bilet qiymətlərinin artırılması, sərnişinlərin biletsiz avtobuslara mindirilməsi, bilet alan sərnişinlərin avtobuslarda yer tapa bilməməsi kimi halların qarşısı alınacaq.

Novruz Bayramı günlərində - 20-28 mart 2015-ci il tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil ediləcək.

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, bununla bağlı iş adamlarının zərərinə çatdırılır ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq. QSC-nin rəsmisi qeyd edib ki, bayram günlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. 

"Sərnişin daşımaları Departamentinin kollektivi sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edəcək", - deyə Nadir Əzməmmədov bildirib.

Bayram günlərində paytaxtdaxili sərnişin avtobuslarının qrafikində də dəyişikliklər olacaq. Bu barədə dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərov məlumat verib. Onun sözlərinə görə, martın 20 və 21-də şəhərdaxili avtobuslar gecə saat 1-ə qədər işləyəcəklər. Qurum tərəfindən nəzarət olunacaq ki, həmin günlərdə sürücülər özbaşına olaraq gedişhaqqını qaldırmasınlar.

Bakı Metropolitenindən isə bildirdilər ki, hələlik iş qrafikinin dəyişməsilə bağlı dəyişiklik yoxdur. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin anspress-ə verdiyi məlumata görə, əgər lazım olarsa, metronun iş qrafiki artırıla bilər.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri də bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcəklər. Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib ki, bayram günlərində 140 həkim birqadası gecə-gündüz xidmətdə olacaq. “Bayram günlərində xəstəxanalar, poliklinikalar işləmədiyi üçün təcili yardım həkimləri daha çox yüklənəcək. Bu səbəbdən təcili yardım stansiyası tam heyətilə gücləndirilmiş iş şəriatində işləyəcək. Bayram şənlikləri keçirilən ərazilərdə həkimlərimiz növbə çəkəcək”, - deyə Oqtay Şahmalıyev bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh