Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA

Avtoxəbər 28 İyul 2026 17:46
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Son illər Azərbaycana idxal olunan, xüsusilə Çin istehsalı olan bəzi avtomobillərdə FM radiosunun işləməməsi sürücülərin narazılığına səbəb olur. Bu hal həm texniki uyğunluq, həm də idxal edilən avtomobillərin yerli standartlara cavab verməsi məsələsini yenidən gündəmə gətirib. Elə iki həftə əvvəl Şuşada keçirilən 4-cü Qlobal Media Forumunda ölkə başçısı Prezident İlham Əliyev gürcüstanlı jurnalistin elektromobillərdə radionun olmaması ilə bağlı sualını cavablayıb. O bildirib ki, radionu əsasən avtomobildə olarkən dinləyir.
“Mən ölkə daxilində əsasən avtomobillə hərəkət etdiyim üçün avtomobildə kifayət qədər vaxt keçirirəm. Hər səfər zamanı radionu dinləyirəm. Əsasən də musiqiyə qulaq asıram. Çünki xəbərləri başqa mənbələrdən kifayət qədər alıram. Mən avtomobili radiosuz təsəvvür edə bilmirəm. Belə avtomobillə heç yerə getmərəm. Əgər bu istiqamətdə bizim qoşula biləcəyimiz hər hansı təşəbbüs varsa, sadəcə bizə məlumat verin. Biz onu tam dəstəkləyəcəyik”.

Avtosfer.az xəbər verir ki, İlham Əliyevin bu cavabı həm texniki uyğunluq, həm də idxal edilən avtomobillərin yerli standartlara cavab verməsi məsələsini yenidən gündəmə gətirib. Bəs bəzi avtomobillərdə FM radio niyə işləmir və Azərbaycana idxal olunan nəqliyyat vasitələri hansı texniki standartlara cavab verməlidir?

Mövzu ilə bağlı avtomobil mütəxəssisi Elçin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, azərbaycana idxal olunan avtomobillərlə bağlı müəyyən texniki tələblər mövcuddur:


"Əsas tələblərdən biri avtomobildə hava yastığının (Airbag) və bloklanma əleyhinə əyləc sisteminin (ABS) olmasıdır. Bundan əlavə, şüşələrin işıqburaxma səviyyəsi ilə bağlı da müəyyən normativ tələblər tətbiq edilir. FM radiosunun olmaması isə əsasən Çin bazarı üçün istehsal olunan avtomobillərdə müşahidə edilir. Bunun əsas səbəbi Çində radio yayımı əvəzinə internet əsaslı informasiya sistemlərinə üstünlük verilməsidir. Bu ölkədə radio dalğalarının bütün ərazilərdə fasiləsiz yayımını təmin etmək üçün geniş infrastrukturun qurulması əlavə xərc tələb etdiyindən, internet şəbəkəsinin inkişafına üstünlük verilib. Nəticədə, radio, televiziya və digər informasiya xidmətləri internet üzərindən təqdim olunur və bir çox avtomobildə ənənəvi FM radio quraşdırılmır. Avropa bazarı üçün istehsal olunan avtomobillərdə isə vəziyyət fərqlidir. Burada FM radiosunun olması vacib hesab edilir. Bunun əsas səbəbi RDS (Radio Data System) adlı xəbərdarlıq sistemidir. Bu sistem vasitəsilə sürücülərə yolda baş verən qəzalar, sıxlıqlar, marşrut dəyişiklikləri və digər vacib məlumatlar avtomatik ötürülür. Sürücü hansı radionu dinləməsindən asılı olmayaraq, fövqəladə xəbərdarlıqlar birbaşa radio vasitəsilə çatdırılır. Bu baxımdan Avropa standartlarında FM radiosu avtomobilin vacib təchizat elementlərindən biri sayılır".

Elçin Abbasov qeyd edib ki, Azərbaycanda qanunvericilik avtomobildə FM radiosunun olmasını məcburi tələb kimi müəyyən etmir:
"Yəni hava yastığı və ABS sistemi kimi təhlükəsizlik avadanlıqları tələb olunsa da, radio ilə bağlı belə bir öhdəlik yoxdur. Buna görə də ölkəyə idxal edilən bəzi avtomobillərdə FM radiosunun olmaması hüquqi baxımdan problem hesab edilmir. Xüsusilə rəsmi dilerlərdən deyil, fərdi qaydada və ya qeyri-rəsmi yollarla gətirilən bəzi Çin istehsalı avtomobillərində internet əsaslı multimedia sistemlərinin yerli şəbəkələrə uyğunlaşdırılmasında çətinliklər yarana bilər. Belə hallarda FM radiosunun işləməsi və ya digər multimedia funksiyalarının tam istifadəsi üçün əlavə proqram təminatının quraşdırılmasına ehtiyac yaranır. Rəsmi dilerlər vasitəsilə satılan avtomobillərdə isə bu cür problemlər adətən əvvəlcədən aradan qaldırılmış olur".

Milli Məclisin deputatı Arzuxan Əlizadənin fikrincə isə, avtomobillərin texniki təchizatı, o cümlədən FM radio sistemlərinin işləməsi və ya müəyyən funksiyaların məhdud olması əsasən istehsalçı şirkətlərin seçdiyi standartlar və avtomobilin nəzərdə tutulduğu bazarın texniki tələbləri ilə bağlıdır:


"Azərbaycana idxal edilən nəqliyyat vasitələri isə qüvvədə olan texniki reqlamentlərə və təhlükəsizlik standartlarına uyğun olmalıdır. Bununla yanaşı, istehlakçıların hüquqlarının qorunması baxımından vətəndaşlar avtomobil alarkən onun texniki xüsusiyyətləri barədə tam məlumatlandırılmalı, sonradan narazılıq yarada biləcək məqamlar əvvəlcədən aydın şəkildə izah edilməlidir.
Eyni zamanda, ölkəyə idxal olunan avtomobillərin yerli istifadə şəraitinə və kommunikasiya infrastrukturuna uyğunlaşdırılması məsələsinə də diqqət yetirilməlidir. Müasir avtomobillərdə istifadə olunan multimedia və rabitə sistemlərinin ölkədə tətbiq olunan standartlarla uyğunluğu həm sürücülərin rahatlığı, həm də təhlükəsiz və səmərəli istifadə baxımından əhəmiyyət daşıyır. Bu istiqamətdə həm idxalçı şirkətlərin məsuliyyətli yanaşması, həm də aidiyyəti qurumların nəzarət mexanizmlərinin effektivliyi istehlakçı məmnuniyyətinin təmin edilməsində mühüm rol oynayır".

Milli Məclisin sabiq deputatı İltizam Yusifov açıqlamasında bildirib ki, çindən gətirilən bəzi avtomobillərdə FM radiosunun quraşdırılmamasının əsas səbəbi həmin nəqliyyat vasitələrinin Çin daxili bazarı üçün istehsal edilməsidir:


"Çin hazırda yüksək texnologiyalar sahəsində dünyanın aparıcı ölkələrindən biridir və burada ənənəvi FM radio sistemi əvəzinə daha müasir rəqəmsal yayım standartlarından istifadə olunur. Çində “Android” əsaslı multimedia sistemlərində klassik FM radio əvəzinə “China Digital Radio” texnologiyası tətbiq edilir. Bu sistem Çin bazarının texniki standartlarına uyğun işlədiyindən, istifadə olunan yayım tezlikləri digər ölkələrdəki FM diapazonu ilə üst-üstə düşməyə bilər. Nəticədə Çin daxili bazarı üçün istehsal edilən bəzi avtomobillərdə FM radiosu Azərbaycanda işləmir.

Bu problem daha çox rəsmi dilerlər tərəfindən deyil, fərdi qaydada və ya qeyri-rəsmi kanallarla ölkəyə gətirilən avtomobillərdə müşahidə olunur. Çünki həmin nəqliyyat vasitələri birbaşa Çin bazarı üçün nəzərdə tutulduğundan, onların multimedia sistemləri yerli standartlara uyğunlaşdırılmır. Problemin texniki həlli mövcuddur. Müəyyən proqram təminatının quraşdırılması və ya digər texniki müdaxilələr vasitəsilə FM radio funksiyasını bərpa etmək mümkündür. Rəsmi dilerlər tərəfindən Azərbaycana idxal olunan Çin istehsalı avtomobillərdə isə bu məqam adətən əvvəlcədən nəzərə alınır və multimedia sistemi yerli bazarın tələblərinə uyğunlaşdırılaraq sürücülərə təqdim edilir".

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Fatimə Dadaşova

Oxunub : 658
ŞƏRH YAZ
Ad

E-mail

Şərh