Banner

Niyə eyni təyyarə bileti bir neçə saatdan sonra bahalaşır?

Maraqlı 23 Oktyabr 2026 21:25
Niyə eyni təyyarə bileti bir neçə saatdan sonra bahalaşır?
WhatsApp kanalımıza abunə olun

Bir neçə saat əvvəl baxdığınız aviabiletin qiyməti təkrar axtarış zamanı daha yüksək ola bilər. Lakin bu, aviaşirkətin axtarışlarınızı izləyərək qiyməti məhz sizin üçün artırdığı anlamına gəlmir.

Avtosfer.az xəbər verir ki, araşdırmaya əsasən, qiymət dəyişikliklərinin əsas səbəbi tələbat və müxtəlif  tariflər üzrə mövcud yerlərin sayıdır.

Bir reysin biletləri 30-35 dəfə qiymət dəyişə bilər

Araşdırma çərçivəsində 2022-ci ilin iyulundan 2025-ci ilin iyulunadək Avropanın seçilmiş 56 marşrutu üzrə 14 milyondan çox əməliyyat və 155 min reys təhlil olunub.

Məlum olub ki, satış müddətində eyni reysdə eyni kateqoriyaya aid yerlərin qiyməti 30–35 dəfə dəyişə bilər. Bununla belə, tədqiqatçılar əvvəlki axtarışların və istifadə olunan cihazın növünün biletin baza qiymətinə təsir etdiyinə dair sübut aşkarlamayıblar.

Araşdırma ilə yanaşı keçirilən sorğuda iştirakçıların 46 faizi təkrar axtarışın biletləri bahalaşdırdığını düşündüyünü bildirib. Respondentlərin dörddə biri qiymətə telefon və ya noutbukun markasının təsir etdiyinə inanıb. İştirakçıların 64 faizi isə qiymətin alqoritmlərlə müəyyənləşdirilməsini ədalətsiz hesab edib.

Ucuz tariflə satılan yerlər tükənir

Aviaşirkətlər adətən ən aşağı tariflə məhdud sayda yer satışa çıxarırlar. Həmin biletlər alındıqdan sonra sistem növbəti, daha bahalı tarif üzrə yerləri göstərir. Buna görə eyni reysə bir müddət sonra baxanda qiymət fərqi ilə qarşılaşmaq mümkündür.

Başqa sərnişin son ucuz bileti bron edir

Bəzən digər sərnişin sifarişi rəsmiləşdirərkən son ucuz yerləri müvəqqəti bron edir. Bu zaman həmin tarif üzrə biletlər digər istifadəçilər üçün əlçatan olmaya bilər.

Axtarış saytı köhnə qiyməti göstərir

Bilet axtarış saytları bəzən yaddaşda saxlanılmış, artıq yenilənmiş qiymətləri göstərirlər. İstifadəçi aviaşirkətin saytına keçdikdə məlumat yenilənir və ekranda daha yüksək məbləğ görünür.

Tələbat artır

Aviaşirkətlər satışları, boş yerlərin sayını və rəqiblərin təkliflərini davamlı izləyirlər. Müəyyən reysə maraq artdıqda qiymətlər də dəyişə bilər. Bu üsul dinamik qiymətləndirmə adlanır.

Bileti almağı təxirə salmaq sərfəlidirmi?

Aviasiya eksperti Qari Leff bildirib ki, əvvəllər bilet axtarmış şəxs üçün qiyməti qəsdən artırmaq kommersiya baxımından mübahisəli yanaşma olardı. Çünki bahalaşma müştərini alışdan imtina etməyə və ya başqa aviaşirkəti seçməyə sövq edə bilər.

Bilet axtararkən müxtəlif aviaşirkətlərin təkliflərini müqayisə etmək və yekun məbləği daşıyıcının rəsmi saytında yoxlamaq tövsiyə olunur. Uyğun qiymət tapıldıqda isə alış qərarını təxirə salmaq həmişə qənaətlə nəticələnmir: ucuz yerlər tükənə, qiymət daha da arta bilər.

Oxunub : 82
ŞƏRH YAZ
Ad

E-mail

Şərh