Rayon maşınlarının Bakıya girişinə qoyulan qadağa bahalaşma yaradacaq
Avropa Oyunları ərəfəsində sarı zolaqla əhatə olunmuş yollarla bağlı Dövlət Yol Polisi İdarəsindən bu gün yeni açıqlama gəlib. Sarı zolaqlı yollar avtobus və minik maşınları üçün işlək olsa da, yoldan istifadəsi qadağan olunan nəqliyyat vasitələri də var. Açıqlamada şəhərə rayon maşınlarının buraxılması məsələsinə də aydınlıq gətirilib.
İlk Avropa Oyunlarda iştirak edən idmançıların və xarici qonaqların hələ də paytaxtda olması səbəbindən rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə qoyulan məhdudiyyətin müddəti uzadılıb.
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, yük avtomobillərinin gecə saatlarında hərəkəti, xüsusi marşurut və buraxılış əsasında, eləcə də rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin şəhərə girişinə qoyulan məhdudiyyətlər də iyulun 10-dək qüvvədə olacaq.
Kamran Əliyevin sözlərinə görə, tətbiq edilən qaydalar paytaxt yollarında nəqliyyatın yükünü xeyli yüngülləşdirib və müsbət nəticələr nəzərə alınaraq onlardan bəzilərinin saxlanması ilə bağlı Nazirlər Kabinetində müzakirələr aparılır.
Məhdudiyyətlə bağlı paytaxtın girişlərində yaradılan müvəqqəti dayanacaqlar hələ də xidmət göstərir. Lakin dayanacaqlardan istifadə edilmədiyini müşahidə etdik.
Rayon qeydiyyatında olan maşınların paytaxta buraxılmaması vətəndaşlar arasında müxtəlif reaksiyalara səbəb olub. Paytaxt sakinləri tıxac problemi aradan qalxdığı üçün qərarı dəstəkləsələr də, məhdudiyyətin tərəfdarı olmayanlar da var.
Sürücü Məmmədağa Bayramov deyir ki, məhdudiyyətlər nəticəsində yollarda tıxaclar azalıb.
Sürücü Emil Şahzadə isə deyir ki, rayon qeydiyyatında olan avtomobillərin şəhərə girişinə qoyulan qadağa ləğv edilsə, daha yaxşı olar. Çünki bütün işimiz bundan asılıdır, maşınları şəhərə buraxmasalar bizə əziyyət olacaq.
Nəqliyyat ekspertləri yeni qaydanın uzun müddətə tətbiq edilməsini paytaxtın tıxac probleminə çarə olaraq görsələr də bu məhdudiyyətin tətbiq edilməsi üçün müəyyən işlərin görülməsini vacib sayırlar.
Ekspert Azər Allahverənovun sözlərinə görə, əgər ictimai nəqliyyat infrastrukturu qurulsa, dayanacaqlarda təhlükəsizlik sistemi müəyyən standartlara cavab verərsə, bölgədən gələn sürücülər arasında elələri olacaqdır ki, nəqliyyat vasitələrin öz istəklərinə uyğun olaraq xüsusi dayanacaqlarda saxlayaraq nəqliyyat vasitələrində istfadə etməklə istədikləri ərazilərə gedə bilərlər. Lakin bu yalnız könüllülük əsasında olmalıdır.
Ekspertin sözlərinə görə, əks təqdirdə məhdudiyyətin mənfi nəticələri nəqliyyatla yanaşı rayonlardan Bakıya gətirilən məhsulların qiymətində də müşahidə ediləcək. Konkret olaraq süd məhsullarının və meyvə tərəvəzin qiymətində artım nəzərə çarpacaq.
Rayon maşınlarının paytaxta girişinə məhdudiyyət nəzərdə tutan qaydanın iyulun 10-a qədər qüvvədə olacağı nəzərdə tutulur. Bundan sonra nə olacağına isə Nazirlər Kabineti qərar verəcək.