Şəhidlərimizin medalları təqdim olundu – FOTOLAR
Bu gün Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağrılmış və ermənilərlə döyüşdə şəhid olmuş əsgər Abdulov Hüseyn Etibar oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib. Bu gün fəxri medal şəhidin atasına təqdim edilib.
Bu gün həmçinin Salyan rayonundan hərbi xidmətə çağrılmış və ermənilərlə döyüşdə şəhid olmuş əsgər Səftər Məmmədovun da ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub. Medal şəhidin atası Əlihüseyn Məmmədova verilib. Şəhidin valideynləri övladı ilə fəxr etdiyini bildirib. Şəhid olan digər hərbiçi, Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov da ölümündən sonra " Həqiqi hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla" təltif edilib. Quba rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin qatıldığı tədbirdə Müdafiə Nazirliyinin hüquq şöbəsinin müdiri Rauf Kişiyev medalı şəhidin atasına təqdim edib.
Cəbhədə baş verən döyüşlərdə şəhid olmuş Elçin Əhmədovun təltif olunduğu medal da atasına verilib. APA-nın məlumatına görə, Qax şəhərində doğulub, boya-başa çatan, avqustun 1-dən 2-ə keçən gecə cəbhənin Ağdam-Ağdərə istiqamətində ermənilərlə döyüşdə şəhid olan kiçik gizir Elçin Rasim oğlu Əhmədov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib. Medal Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abakər Mirzəyev tərəfindən avqustun 3-də şəhidin atası Rasim Əhmədova təqdim edilib. İyulun 31-də qoşunların təmas xəttinin Ağdam istiqamətində düşmənin həmləsini dəf edərkən həlak olan müddətdən artıq xidmət edən Əhmədov Qaryağdı Eldar oğlunun ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən şəhidin valideynlərinə təqdim edilib.
Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı da təqdim olunub. Bu münasibətlə şəhidin doğulduğu Masallı rayonunun Köçəkli kəndində medalın təqdimolunma mərasimi keçirilib. Mərasimdə respublika Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və digər səlahiyyətli qurumların nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri, ağsaqqallar və ziyalılar iştirak ediblər. Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Azərbaycan Respublikasının Prezidenti yanında Ali İdarəçilik Akademiyasının müəllimi Cəlil Xəlilov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsi üzrə sədri, şair Ənvər Əhməd və digərləri çıxış edərək şəhidlərin ölməzliyi,vətənin müdafiəsinin müqəddəsliyi, igidlərin daim yaşarı olması bir daha vurğulamaqla, onların ruhlarını ehtiramla anıblar. Daha sonra Abdulla Qurbani şəhid Əli Rəhimovun təltif olunduğu medalı onun qardaşı Zakir Rəhimova təqdim edib. Öz növbəsində ailəsi adından ölkə başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edən Zakir Rəhimov vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, özünün və bütün ailə üzvlərinin daim vətənin müdafiəsnə daim hazır olduğunu, qardaşının şəhidlik zirvəsinə ucalmasından qurur hissi keçirdiyini bildirib.
Mərasim şəhidin qəbrinin ziyarət edilməsi ilə başa çatıb. Şəhid gizir Almasov İsa Ziyad oğlu da hərbi xidmətdə göstərdiyi şücaətə və xidmətlərinə görə üçüncü dərəcəli medalla təltif edilib. “Qafqazinfo”nun xəbərinə görə, medalı şəhidin oğluna general-leytenant, milli qəhrəman Rövşən Əkbərov təqdim edib. Yas mərasiminə generla-leytenantla yanaşı, Qazax rayonu icra başçısı Ayaz Əsgərov da qatılıb.
Qeyd edək ki, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu ötən gün cəbhə xəttində gedən atışmalarda düşmən gülləsinə tuş gələrək şəhid olub.
Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə avqustun 3-də "Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalı haqqında" Əsasnaməyə müvafiq olaraq, 12 hərbi qulluqçu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə " 3-cü dərəcəli medal ilə təltif ediliblər. Müdafiə nazirinin göstərişinə əsasən, avqustun 3-də və 4-də hərbi qulluqçuların ailələrinə medalların təqdim edilməsi ilə bağlı mərasimlər təşkil ediləcək.