Banner

SOS! Kondisionersiz avtobus infeksion xəstəlik mənbəyidir

Gündəm 19 İyul 2014 11:44 Oxunub 2100
SOS! Kondisionersiz avtobus infeksion xəstəlik mənbəyidir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ləman Süleymanova: «Avtobuslar kimyəvi maddələrlə təmizlənməlidir ki, isti havada mikroblar yayılmasın»

 

 

Sürücü Çingiz Ağasıyev: «Kondisoner o vaxt sərf edər ki, yanacaqpulu sürücünün cibindən getməsin»

 

Dünyanın bir çox ölkələrində şəhərdaxili marşrut avtobuslarında kondisioner sistemi tətbiq olunur. Bu, isti yay günlərində insanların rahatlığını təmin edir. Hətta elə ölkələr var ki, dayanacaqlarda da kondisionerlər yerləşdirilir ki, insanlar avtobus gözləyərkən istidən əziyyət çəkməsinlər. Amma Azərbaycanda avtobuslar hələ ki, nəfəslik sistemi ilə çalışır. Bunun nəticəsində hər kəs istidən, avtobusda havanın olmamasından, üstəlik də belə bir havada insanların avtobusda sıx olmasından şikayətlənirlər. Elə Gülşən Mirzəyeva da avtobuslarda kondisionerin olmasını istəyir: «Zaqataladan bir həftəlik gəlmişəm. Bakıda işlə bağlı xeyli yerə getməliyik. Vallah, avtobusda istidən ölürəm. Bilmirəm, bir həftə bu avtobuslarda necə gedəcəm. Hava istidi, özümün də təzyiqim var. Cavanlar heç olmasa ayaq üstə dururlar, pəncərədən az-çox hava vurur. Biz ayaq üstə dura bilmirik. Oturan adamın isə havasızlıq şəraitində 1 saat yol getməsi zülümdür».

Ləman Qafarova da kondisioner arzusundadır: «Masazırdan «Əcəmi»yə qədər marsrutla gəlirəm. İstidən insan nəfəs ala bilmir. Belə şəraitdə o qədər yoruluram ki, işləməyə həvəs qalmır».

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə mətbuata açıqlamalarında dəfələrlə deyib ki, şəhərarası avtobuslarda kondisioner sistemi özünü doğrultmur. Çünki avtobusun qapıları tez-tez açılıb-bağlanır. Ona görə də kondisionerdən istifadə etmək effekt vermir.

Amma bu arqumenti bir qədər zarafat kimi də qəbul etmək olar. Çünki avtobus təyinatı üzrə yalnız dayanacaqda dayanarsa, o zaman qapını da tez-tez açıb bağlamağa gərək qalmaz. Məsələ burasındadır ki, burada insan amilindən, Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, sərnişinlərin rahatlığını təmin etməkdən söhbət gedirsə, Nəqliyyat Nazirliyi bu sahədə müəyyən addımlar atmalıdır. Çünki bu gün nəinki sərnişinlər, elə sürücülər də avtobuslarda kondisioner olmasını istəyirlər. 86 nömrəli marşrut avtobusunun sürücüsü Çingiz Ağasıyev deyir ki, kondisionerin olmamasından sərnişinlərlə yanaşı, sürücülər də əziyyət çəkir: «Avtobusu sürəndə yenə bir az külək vurur. Amma tıxaclarda həqiqətən çox isti olur. İsti vaxtlarda isə şəhər demək olar ki, tıxac olur. Pəncərələr nə qədər açıq qalsa da maşının salonu isti olur. Kondisoner o vaxt sərf edər ki, yanacaqpulu sürücünün cibindən getməsin».

39 nömrəli marşrutun sürücüsü Nurəddin Ağayev də avtobuslarda kondisioner olmasını istəyir: «İndiki halda ancaq pəncərələri açıq qoymaqla bir az sərinlik yaratmağa çalışırıq. Amma isti havada bu da yetərli deyil. Bəzən insanlar da şikayət edirlər ki, niyə sərinlik sistemi yoxdur? Məsələ burasındadır ki, kondisioner işləsə, yanacağın pulu sürücüdən gedir. Amma bizim və sərnişinlərin rahatlığı üçün 5-6 manat əlavə xərc çıxmasının eybi yoxdur».

Avtobusun qapısı tez-tez açılıb bağlandığı üçün kondisioner sisteminin işləməsinin effektiv olmayacağı fikrinə gəlincə, sürücü deyir ki, buna da çarə var: «Kondisioner olsa, sərnişin gələndə qapını açırsan minir və yenə bağlayırsan. Külək vursun deyə pəncərələri açıq qoyuruq. Kondisioner olsa buna ehtiyac qalmaz».

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, avtobuslar özəl qurumlara məxsus olduğu üçün istehlakçı hüquqlarını necə gəldi pozurlar: «Bunun səbəbi ondadır ki, ölkəmizdə istehlakçı hüquqlarının qorunması zəifdir. Nəqliyyatda olan hərc-mərclik istehlakçı hüquqlarının pozulmasıdır. O cümlədən, oturacaqların sökülməsi, avtobusların antisanitar olması, sürücülərin siqaret çəkməsi, istehlakçılarla pis davranması, yüksək səslə musiqiyə qulaq asması və kondisionerlərin olmaması istehlakçıların hüquqlarını pozur. Kondisionerlərin quraşdırılmasını gərək özəl şirkətlər edib özlərinə sərnişin qazansınlar. Təəssüf ki, ölkəmizdə bunun standartları yoxdur. İnkişaf edən Azərbaycan üçün avtobuslarda kondisionerlərin olması vacibdir».

Həkim terapevt Ləman Süleymanova deyir ki, yayda qida və geyimlərimizi yüngül seçdiyimiz kimi, həyat tərzimiz də sağlam və rahatlaşdırıcı olmalıdır: «Avtobusa nə qədər gəldi adam yığırlar. Bu qədər insanın bir avtobusda aparılması təhlükə yaradır. İsti havada isə mikroblar daha çox aktiv olur. Ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar var. Çox vaxt pəncərələr də açıq olmur. Belə olan yerdə isə infeksiyalar yaranır. Dünya alimlərinin araşdırmalarına görə, bir çox infeksiyalar ictimai nəqliyyatdan keçir. Siqaret və alkoqol istifadə edənlərin infeksion xəstəliklərə yoluxma ehtimalı daha çoxdur. Belə insanlar üçün ictimai nəqliyyat daha təhlükəlidir. İctimai nəqliyyatda havalandırma sistemi düzgün olmalıdır ki, insanları qorusun. Kondisionersiz avtobus infeksion xəstəlik mənbəyidir. İnfeksiyalardan müəyyən qədər qorunmaq üçün avtobuslarda kondisionerlərin olması vacibdir. Körpə uşaqları sıx adamlar olan nəqliyyatda aparmaq olmaz. Çünki uşaqlar infeksiyalara qarşı həssas olurlar».

Həkim deyir ki, avtobuslarda gigiyenik qaydalara əməl olunmalıdır: «Avtobuslar kimyəvi maddələrlə təmizlənməlidir ki, isti havada mikroblar yayılmasın. İmmuniteti zəif olanlar, ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar sıxlıq və natəmiz avtobuslarda getmələri heç bir halda məsləhətli deyil”.

 

Ucnoqta.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Cahangir 10 Noyabr 2014 22:55
bu avtobus axir evve awacaq