Sürücülər, ayıq olun! Sığorta şirkətləri sizdən istifadə edir - FOTO

Gündəm 11 Sentyabr 2014 00:15 Oxunub 4968
Sürücülər, ayıq olun! Sığorta şirkətləri sizdən istifadə edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sığorta birkasının avtomobilin qabaq şüşəsinə vurulması məcburi deyil; bu, sığorta şirkətlərinin pulsuz reklamıdır

Bəzi sürücülər elə zənn edir ki, avtomobilin icbari sığortası zamanı onlara verilən birkanın nəqliyyat vasitəsinin qabaq alın şüşəsinə yapışdırılması məcburidir. Lakin əslində, belə deyil. Sürücü birkanın şüşəyə yapışdırılmasında sərbəstdir. Yəni, birkanı şüşəyə yapışdırmaq da olar, yapışdırmamaq da. Çünki qanunvericilikdə sığorta birkasının şüşəyə yapışdırılmasına dair hər hansı tələb yoxdur. Tələb yalnız texniki baxış birkasına aiddir ki, bu birkanın şüşəyə yapışdırılması və onun qaydası qanunda tam açıq şəkildə əksini tapıb.

Sığorta şirkətləri avtomobili sığortalayarkən sürücüyə birka verir və onun alın şüşəsinə yapışdırmağı tövsiyyə edir. Hətta bəzi sığorta şirkətləri bunun məcburi olduğunu da sürücülərə deyirlər.

Bu günlərdə Lökbatan dairəsində Avtosfer.az-ın əməkdaşını saxlayan DYP əməkdaşı da sığorta birkasının şüşəyə yapışdırılmamasını irad tutub və bunun məcburi olduğunu deyib. Lakin əməkdaşımızın qanunlardan gətirdiyi sitatlardan sonra DYP əməkdaşı ilk dəfədir belə bir məlumat aldığını etiraf edərək buna görə əməkdaşımıza təşəkkürünü də bildirib.

Avtosfer.az saytı nəzərinizə çatdırır ki, sığorta birkasının avtomobilin qabaq alın şüşəsinə yapışdırılması əslində, sığorta şirkətlərinin pulsuz reklamıdır. Yəni, avtomobil sahibləri və sürücüdər özləri də bilmədən həmin sığorta şirkətlərini pulsuz reklam edirlər. Odur ki, sığorta birkalarının avtomobilin şüşəsinə yapışdırılmasına ehtiyac yoxdur. Bu, həm də avtomobilin görünüşünü pisləşdirir və sürücünün sağ tərəfi görməsini çətinləşdirir. Bəzi məqamlarda kiçik birkanın sürücüəyə çətinlik yaratdığını yəqin ki, bilənlər var.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, yol hərəkətinə dair qanunvericilikdə, habelə «İcbari sığortalar haqqında» Qanunda nəqliyyat vasitəsinin sığortalanmış olmasına dair məlumatın həmin nəqliyyat vasitəsinin alın şüşəsində və ya hər hansı başqa yerində göstərilmiş olmasına dair heç bir müddəa yoxdur. Qanunun tələbinə əsasən, sürücü sadəcə olaraq müvafiq sığorta şəhadətnaməsini özündə saxlamalıdır. Deməli, nəqliyyat vasitəsinin alın şüşəsində bu nəqliyyat vasitəsinin sığortalanmış olmasına dair talon (və ya birka) yapışdırılması əslində, qanunvericiliyə ziddir. Həm də nəzərə almaq lazımdır ki, bu tipli talon və ya birkalar cüzi də olsa sürücü üçün görünüş sahəsini məhdudlaşdırır. Buna görə də nəqliyyat vasitəsinin alın şüşəsinə texniki baxış talonundan başqa digər məlumatların yapışdırılması məqsədəuyğun deyil.

Ərşad Hüseynov bildirib ki , sığorta şirkətlərinin alın şüşəsinə yapışdırmaq üçün sürücülərə verdiyi talona diqqət yetirdikdə aydın olur ki, orada sığorta şirkətinin adı, onun telefon nömrəsi və «sığortalanıb» sözü yazılıb: «Bu, faktiki olaraq həmin şirkətin reklamı deməkdir. Alın şüşəsində və ya nəqliyyat vasitəsinin başqa görünən yerində belə talonun yapışdırılmış olması nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə dair qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilər. Çünki belə reklamları yalnız DYP-nin müvafiq qurumu ilə bağlanmış müqavilə əsasında nəqliyyat vasitəsində yerləşdirmək olar».

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh