Sürücünü arvadının yanında döyən "Range Rover"in sahibi bilindi – FOTO
Ötən ayın 18-də gecə Bakı-Sumqayıt yolunda baş verən maraqlı hadisə ilə bağlı mia.az yeni faktlar əldə edib. Həmin tarixdə aznews.az xəbər verib ki, Bakıdan Sumqayıt istiqamətində hərəkət edən (Xırdalan qəbiristanlığının yaxınlığında) 99 AA 499 nömrə nişanlı "Range Rover” markalı avtomobilin sürücüsü ilə "BMW” markalı avtomobilin sürücüsü arasında mübahisə düşüb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Davaya səbəb "BMW”-yə yol verməyən "Range Rover”-in sürücüsünün təhqiramiz ifadələr işlətməsi olub. Əlbəyaxa dava düşəndən sonra "BMW”-də olan sürücünün həyat yoldaşı yerə düşərək, onları sakitləşdirməyə çalışıb. Lakin "BMW”-nin sürücüsünə nisbətən cavan yaşda olan "Rang Rover”-i idarə edən şəxs qarşısındakıları ağır ifadələrlə təhqir edib və onlara yumruq zərbələri endirib. Bundan sonra dava bir qədər də qızışıb və yolda avtomobillərin hərəkəti tamamilə dayanıb.
Başqa sürücülərin müdaxiləsinə baxmayaraq, davanı sakitləşdirmək mümkün olmayıb. Bu vaxt yoldan keçən başqa bir şəxs onlara yaxınlaşaraq, polis polkovniki olduğunu deyib, vəsiqəsini göstərib və onları aralaşdıra bilib. Həmin vaxt məlum olub ki, "Range Rover”-in sürücüsü sərxoşdu.
O, özü də bunu boynuna alıb, toydan gəldiyini bildirib. AA seriyası ilə avtomobil idarə edən sürücü sonradan hadisə yerinə gələn 10 YP 756 nömrəli yol polisinin əməkdaşlarına da sərxoş olduğunu deyərək, onlara vəzifəli şəxs olduğunu, kiminsə qohumu olduğunu pıçıldayıb. Bundan sonra ayaq üstə güclə dayanan, nəinki dava etdiyi şəxsləri, hətta kənardakı şəxsləri də ağır ifadələrlə təhqir edən sürücü sərbəst buraxılıb. Bu vaxt başqa sürücülər yol polislərinə etirazlarını bildiriblər, lakin heç nə dəyişməyib. İçkinin təsirindən üst geyimini və telefonlarını yerə atan sürücü onları yığışdırandan sonra hadisə yerini tərk edib.
***
Bu xəbər yayıldıqdan sonra istər mətbuat, istərsə də, sosial şəbəkə istifadəçiləri AA seriyalı həmin vəzifəli şəxsin kimliyi və onun haqqında hansı tədbirlərin görülməsi ilə maraqlandılar. Ancaq bununla bağlı ölkənin nüfuzlu saytlarında xəbər tirajlansa da, Baş Dövlət Yol Polisi İdarəsindən açıqlama gəlmədi.
Mia.az isə həmin avtomobilin kimə məxsus olduğunu aydınlaşdırıb. Əldə etdiyimiz məlumata görə, 99 AA 499 dövlət nömrə nişanlı avtomobilin sahibi hüquqi şəxsdir. Daha dəqiqi, həmin avtomobil nömrəsi Bakıda fəaliyyət göstərən "Clear" mehmanxanasının adına qeydiyyatda alınıb. Sözügedən maşın və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış massivi 108 ünvanında yerləşən 4 ulduzlu "Clear" mehmanxanası, həmçinin 99 AA 499 nömrəsi və onun rəsmi sənədlərdə sahibi kimi göstərilən fiziki şəxs Fuad Bayram oğlu Məmmədov haqqında daha ilginc məlumatlar var. Bəs, doğurdanmı həmin nömrə rəsmi sənədlərdə "Range Rover"ə məxsusdur, yoxsa...?
Bununla bağlı faktlara rəsmi münasibət öyrənə bilmədiyimizdən hələ ki təfərrüata toxunmuruq. Araşdırma və dəqiqləşdirmələrimiz davam edir.
Son olaraq, ötən ayın 18-dəki hadisə ilə bağlı fotoları yenidən təqdim edirik: