Tək və cüt rəqəmli nömrə qadağasının icrası mümkün olmayacaq - EKSPERT RƏYİ
Bakıda nəqliyyatın hərəkətində sıxlığı aradan qaldırmaq və şəhərin ekoloji vəziyyətini normallaşdırmaq üçün Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim olunan bəzi təkliflərin təfərrüatları məlum olub. Təkliflər sırasında dünya praktikasında olduğu kimi, dövlət qeydiyyat nömrəsindəki tək və cüt rəqəmlərə görə, avtomobillərin hərəkətinin tənzimlənməsi də var. Belə ki, həftənin cüt günləri dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin, tək günlərdə isə cüt rəqəmlə bitən avtomobillərin şəhərin mərkəzində hərəkətinə icazə veriləcək. Digər bir təklif şəhərdə nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə avtomobillərin hərəkətinə ümumiyyətlə qadağa qoymaqdır.
Təkliflərdən biri isə Bakı qeydiyyatı olmayan avtomobillərin paytaxta qrafiklə, saat 22:00-dan səhər saat 7:00-a qədər buraxılmasıdır.
Bəs bu təkliflər qəbul edilə bilərmi? Qəbul olunarsa belə, icrası mümkündürmü?
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-ın bu suallarla bağlı hüquqşünas Ərşad Hüseynovun fikirlərini öyrənib.
Hüquqşünas deyir ki, Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi komissiyasının o tipli qərarlar qəbul etməyə səlahiyyəti yoxdur.
"Bu cür qərarların qəbul edilməsi Milli Məclisin səlahiyyətində olan məsələdir. Söhbət seçim üzrə vətəndaşlar qrupu arasındakı məhdudiyyətlərdən gedir. Bunu yaxşı düşünmək lazımdır", - deyə o əlavə edib.
Hüquqşünaş deyir ki, hələlik rəsmi qərar yoxdur və ictimaiyyətdə yayılan xəbərlər yalnız kontekstdən çıxarılmış məsələlərdir.
"Mənim fikrimcə, qəbul olunan qərarlar elə olmalıdır ki, onun icrası da mümkün olsun. Tutaq ki, qərar qəbul olundu, onun icrası necə olacaq? Kağızın üzərinə nə istəsən, yaza bilərsən, ancaq reallıqda onu icra etmək çətindir", - o vurğulayıb.
Ekspert dünyada belə təcrübənin olduğunu, lakin bütün şəhəri, xüsusilə də ölkənin yeganə işgüzar mərkəzi və paytaxtını əhatə etmədiyini deyir. Paytaxta girişi məhdudlaşdırmaq kimi bir təcrübə dünyada yoxdur. Dünyada regional mərkəzlərə tək rəqəmli, cüt rəqəmli nömrə ilə bağlı məhdudiyyətlər var. Yaxud da, xüsusi buraxılışı olan avtomobillər daxil olur şəhərə. Ya da ki, hansısa tarixi məhəllələrə maşınlar buraxılmır.
Ə.Hüseynov deyir ki, rayon avtomobillərinin Bakıya buraxılmaması ilə paytaxtda sıxlığı azaltmaq mümkün olmayacaq. Onun sözlərinə görə, Avropa Oyunları vaxtı vətəndaşlarımız yüksək səviyyədə intizam göstərdilər. Avtomobil sürmədilər. Belə bir yanlış təsəvvür yarandı ki, Bakıya avtomobil buraxılmadığı üçün sıxlıq azaldı.
"Həm də ki, Bakıya giriş qadağası da elə ciddi şəkildə icra olunmadı. Cəmi bir-iki dəfə postlar quruldu və yoxlamalar aparıldı. Bu yoxlamalar da hərəkəti əməlli-başlı iflic etmişdi. Sentyabr ayında isə bu qadağaları tətbiq etmək ümumiyyətlə mümkün olmayacaq. Elə şərait yaratmaq lazımdır ki, ictimai nəqliyyat ideal vəziyyətdə olsun və insanlar fərdi avtomobilləri ilə şəhərə gəlməsinlər", - ekspert qeyd edib.