Uçan yerüstü keçidlə bağlı müəmma

Gündəm 3 İyun 2014 18:08 Oxunub 1760
Uçan yerüstü keçidlə bağlı müəmma
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İŞİ ARAŞDIRAN MÜSTƏNTİQ MƏSƏLƏ İLƏ BAĞLI MEDİAYA DANIŞMAQ İSTƏMƏDİ

 

 

ƏMƏKDAR MEMAR FEYZULLA QULİYEV: «KEÇİDLƏR PİYADALARIN HƏRƏKƏTİ ÜÇÜN MÜNASİB OLAN ƏRAZİLƏRDƏ TİKİLMƏLİDİR»

Paytaxtda uçan piyada keçidi ilə bağlı araşdırmalar davam etdirilir. Hadisədən bir neçə gün öncə müzakirə mövzusu olan piyada keçidinin uçması müəyyən suallar yaradır. Belə ki, həmin piyada keçidi istənilən vətəndaşa xidmət etmirmiş. Piyada keçidindən yalnız ərazidəki istirahət mərkəzindən Şıx çimərliyinə keçmək mümkün olur. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, yolüstü keçid hər iki tərəfdən özəlləşdirilibmiş. Amma keçid tam istifadəyə verilmədiyindən bu da mümkün olmadı. Yayılan bəzi məlumatlara görə, ya həmin keçid vətəndaşların istifadəsinə uyğunlaşdırılmalı, yəni ərazidəki villanın hasarı sökülməli, ya da keçid sökülməli imiş. Biz isə ikinci variantın reallaşdığını gördük. Yerüstü keçid yol qəzası zamanı təmamilə dağıdıldı. 

Baş verən hadisə ilə bağlı aparılan araşdırma haqqında məlumat almaq üçün İşi araşdıran Səbail Rayon Polis İdarəsinin müstəntiqi Qüdrət Əliyevlə əlaqə saxladıq. Müstəntiq faktla bağlı araşdırma aparıldığını bildirsə də, əlavə məlumat vermək istəmədi: «Bu şlə bağlı bütün məlumatı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətindən almağınız məsləhətdir».

Məsələyə münasibət bildirən əməkdar memar Feyzulla Quliyev isə paytaxtda tikilən əksər yeraltı və yerüstü keçidlərdə standartların gözlənilmədiyini bildirdi: «Bu keçidlər insanların istifadəsi üçündür. Ümumiyyətlə, keçidlər piyadaların ən çox toplaşdığı və onların hərəkəti üçün münasib olan ərazilərdə tikilməlidir. Şıx çimərliyi yaxınlığında tikilən yerüstü keçid isə mətbuatda yazılanlardan da görünür ki, daş hasarın içərisində olub. Demək, həmin keçid piyadaların istifadəsi üçün yararlı olmayıb. Ümumiyyətlə, bu kimi işlər aparılmazdan öncə araşdırma aparılmalıdır. Heydər Əliyev Sarayanın qarşısında - Füzüli küçəsi ilə Bülbül prospektinin kəsişməsində bir yeraltı piyada keçidi tikilib. Həmin keçidin çıxışı şimal istiqamətə və küçənin nisbətən hündür ərazisinə yönəldilib. Əksər insanlar keçidə düşsələr belə ekskolatr olmadığından keçiddən çıxanda çətinliklə üzləşirlər. Buna görə də əksəriyyət həmin keçiddən istifadə etmir. Yolun üstündə isə polis əməkdaşları dayanıb. Onlar keçiddən yox, yolun üstündən keçənləri cərimə edir. Halbuki bu insanları cərimə edincə həmin keçidi insanların istifadəsi üçün uyğun tikmək lazım idi». 

 

UÇAN KEÇİD DÖVLƏT VƏSAİTİ HESABINA TİKİLMƏYİB

 

Bir məsələni də qeyd edək ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov keçid uçmazdan bir neçə saat əvvəl teleqraf.com-a bildirib ki, məsələ ilə bağlı ona bir neçə jurnalist müraciət edib: "Hazırda Bakıda deyiləm. Keçidin harada yerləşdiyini və kim tərəfindən tikildiyini bilmirəm. Məsələ ilə maraqlanandan sonra cavab verə bilərəm". 

Avropa.info-nun əldə etdiyi məlumata görə, nə qədər qəribə səslənsə də, uçan keçid dövlət tərəfindən ayrılan vəsaitlə deyil, tanınmış iş adamı Fuad Əfəndiyevin şəxsi pulu ilə tikilibmiş. Belə ki, Bakı-Salyan şossesi  yenidən təmir olunub, genişləndirilərkən "Lider Kola" şirkətinin sahibi olan Fuad Əfəndiyevin həmin ərazidə olan şəxsi torpaq sahəsinin bir hissəsi plana düşüb. Bu zaman iş adamı ilə "Azəryolservis" ASC arasında narazılıq yaşanıb. Şıx ərazisində böyük torpaq sahəsi və "villa şəhərciyi" olan Fuad Əfəndiyev sonda "Azəryolsevis" ASC ilə razılaşma əldə edib. Həmin razılaşmaya əsasən, yolun genişləndirilməsi zamanı plana düşən torpaqlarının əvəzində Fuad Əfəndiyevə "villa şəhərçiyi"ni dənizlə  bağlamaq üçün keçid tikməyə icazə verilir. "Azəryolservis"in əvvəlki planında isə həmin ərazidə keçid tikmək yox imiş. Əldə etdiyimiz məlumata görə, uçan keçiddən Fuad  Əfəndiyevin yaxınları istifadə edirmiş. Çünki keçidin yaxınlığındakı villaların hamısı demək olar ki, Əfəndiyevlər ailəsinə məxsusdur.

«Qafqazinfo»nun məlumatına görə isə sözügedən keçid «Grand Park»a məxsus imiş. Bu obyektin keçmiş prokuror Şükür Rzayevə məxsus olduğu müəyyənləşib. Ş.Rzayev 1994-1998-ci illərdə Bakı Şəhər prokuroru vəzifəsində çalışıb. Ş.Rzayev millət vəkili Rövşən Rzayevin atasıdır. Ş. Rzayev bir neçə il əvvəl vəfat etsə də, "Grand Park"-ın mülkiyyət sənədlərində heç bir dəyişiklik edilməyib və hazırda da mərkəzin hüquqi sahibi mərhum prokurordur.

Qeyd edək ki, Şıx çimərliyi ərazisində piyada keçidi yükqaldırıcı kran maşınının sürətlə ona dəyməsi nəticəsində uçub. Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsindən verilən məlumata görə, yükqaldırıcı kran zərblə yerüstü piyada keçidinə dəyib, nəticədə keçid “MAN” markalı yük avtomobilinin üzərinə düşüb. Yükqaldırıcı kran zərblə yerüstü piyada keçidinə dəyməsi nəticəsində keçid 99-JK-467 dövlət nömrə nişanlı “MAN” markalı yük avtomobilinin üzərinə düşüb. Hadisə nəticəsində «Kamaz»ın 29 yaşlı sürücüsü ciddi xəsarət alıb və maşında sıxılmış vəziyyətdə qalan sürücün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxarıblar. Həmin sürücü təcili tibbi yardım köməkliyi ilə Kliniki Tibbi Mərkəzə gətirilib. 1985-ci il təvəllüdlü İlkin Hüseynov hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Sürücü hadisə nəticəsində müxtəlif bədən sınıqları, kəllə-beyin travması alıb.

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh