Velosipedçini öldürən sürücüyə cəza
Ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən İmişli rayon sakini, 1993-cü il təvəllüdlü Amil Həbiblinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, İmişli rayonu Cəfərli kənd sakini Amil Həbibli idarə etdiyi “Belarus-89” markalı traktorla yolda velosiped sürən rayon sakini Şahin İbrahimovu vurub. Şahin İbrahimov aldığı xəsarətdən hadisə yerində ölüb.
İstintaq araşdırması zamanı qəzanın törədilməsində Amil Həbibli təqsirli bilinib və onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amil Həbibli 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Amil Həbibli apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Surxay İbrahimov bildirib ki, 31 avqust 2014-cü ildə, saat 09 radələrində evdə olarkən tanışlarından kimsə ona zəng edib və qardaşı Şahini “Dədə-Baba petrol” yanacaq doldurma məntəqəsinin yanında traktor vurduğunu bildirib: “Bu xəbəri eşidən kimi hadisə yerinə getdim. Ora toplaşan şəxslərin söhbətlərindən qardaşımın öldüyünü eşitdim. Həmin vaxt təcili-tibbi yardım maşını gələrək qardaşımın meyitini xəstəxananın ölüxanasına (morqa) apardılar. Orada olarkən hadisəni rayonunun Cəfərli kəndində yaşayan traktorçu Məhərrəmin oğlu Amilin törətməsini bilmişəm və həmin vaxt onu orada görmüşəm. Hadisədən sonra Amilin valideynləri yas mərasimində iştirak ediblər. Amil ilə barışmışıq, onun gənc olmasını nəzərə alaraq bağışlayıram. Ona qarşı şikayətim yoxdur”.
İttiham üzrə özünü təqsirli bilən Amil Həbibli apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasında xahiş edib. Dövlət ittihamçısı isə birinci instansiya məhkəməsinin hökümünün qüvvədə saxlanılmasını istəyib. Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməsi barədə qərar elan edib. Qərara görə, Amil Həbiblinin cəzası 5 ilə endirilib. Məhkəmə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.