Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ

Gündəm 31 İyul 2026 21:26
Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ
WhatsApp kanalımıza abunə olun

Azərbaycan və Qazaxıstan arasında Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr davam edir.

Avtosfer.az xəbər verir ki, tərəflər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində bərə donanmasına investisiya, avtomobil nəqliyyatı ilə yükdaşımaların artırılması və Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi layihəsini müzakirə ediblər.

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər layihəsi çərçivəsində əməkdaşlığın genişlənməsi həm iki dövlət arasındakı münasibətlərin ümumi inkişafı, həm də enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:

"Azərbaycan və Qazaxıstan həm ikitərəfli münasibətlərin inkişafı, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. Son dövrlərdə bu əməkdaşlıq münasibətləri daha da genişlənib. Xüsusilə də hər iki ölkənin dövlət başçıları – İlham Əliyev və Kasım-Jomart Tokayev arasında mövcud olan yaxın şəxsi münasibətlər bu əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycan və Qazaxıstan hər ikisi enerji ölkəsidir. Son illərdə iki ölkə arasında mühüm enerji layihələri həyata keçirilir və bu layihələrin reallaşdırılması həm rəsmi Bakı, həm də rəsmi Astana üçün xüsusi əhəmiyyət daşıyır. Postmüharibə dövründə Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqlar fonunda bir çox ölkələr regionda həyata keçirilən layihələrə, xüsusilə də enerji layihələrinə böyük maraq göstərirlər. Bu ölkələr sırasında Qazaxıstan da xüsusi yer tutur. 

Rəsmi Astananın regiona maraq göstərməsi və Azərbaycanla birlikdə Trans-Xəzər layihəsində iştirak etməsi olduqca əhəmiyyətlidir. Bu, eyni zamanda iki dövlət arasındakı münasibətlərin inkişafı baxımından da mühüm əhəmiyyətə malikdir. Bu kimi layihələrin birgə icrası üçün geniş imkanlar mövcuddur. Azərbaycan və Qazaxıstan arasında siyasi və diplomatik münasibətlərlə yanaşı, sosial-iqtisadi əlaqələrin inkişafı üçün də çox əlverişli zəmin formalaşıb. Hər iki ölkənin bu imkanlardan istifadə edərək əməkdaşlığı daha da genişləndirəcəyi, qarşılıqlı əlaqələrin inkişafı istiqamətində səylərini davam etdirəcəyi şübhə doğurmur".

Politoloq Turan Rzayevin fikrincə isə, Orta Dəhliz Çinin “Bir kəmər, bir yol” layihəsinin şah damarını təşkil edir:


"Bu dəhliz Mərkəzi Asiyadan Xəzər dənizi üzərindən Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan nəqliyyat marşrutudur. Azərbaycan bu xəttin əsas strateji nöqtəsidir. Rəsmi Bakı “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində iki meqalayihə təklif edib.
Bunlardan biri Zəngəzur dəhlizidir. Hazırda biz onu “Tramp yolu” da adlandırırıq və Vaşinqtonda keçirilən görüşdən sonra bu məsələ ilə bağlı müəyyən razılıq əldə olunub. Digər layihə isə Çinlə əlaqəli olan Trans-Xəzər layihəsidir. Transxəzər layihəsi olduqca geniş məfhumdur. Burada söhbət təkcə bərə nəqliyyatından getmir. Layihə gələcəkdə Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan dəmir yolu, avtomobil yolu, neft və qaz boru kəmərləri, həmçinin fiber-optik internet xətlərini də əhatə edir. Bu, həm çox böyük, həm də yüksək maliyyə tələb edən layihədir. Eyni zamanda, onun siyasi maneələri də mövcuddur. Layihənin maliyyə və texnoloji tərəfini Çin öz üzərinə götürə bilər. Azərbaycan və Qazaxıstan arasında bu istiqamətdə daha məhdud çərçivədə protokollar imzalanıb. Lakin əsas investisiya mənbəyinin böyük ehtimalla Çin olacağı gözlənilir. Texnoloji imkanlar da əsasən Çində cəmləşib".
Politoloq qeyd edib ki, pekinlə bu istiqamətdə tam razılıq əldə olunarsa, layihənin qarşısındakı əsas siyasi maneələr də aradan qalxacaq:
"Bu maneələr, əsasən, İran və Rusiyadır. Lakin Çinin hər iki ölkə ilə münasibətlərini və onlara verdiyi dəstəyi nəzərə alsaq, siyasi maneələrin də aradan qalxacağı ehtimalı yüksəkdir. Bu halda əsrin ən böyük layihələrindən biri hesab olunan Transxəzər layihəsinin gerçəkləşməsinin şahidi ola bilərik. Azərbaycan–Sünik layihəsi həm də Türk dünyasını birləşdirəcək mühüm meqalayihədir. Çünki bu layihə sayəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə daha güclü quru bağlantısı yaratmaq mümkün olacaq. Dənizin dibi ilə çəkiləcək dəmir yolu və avtomobil yolu xətləri vasitəsilə həm Qazaxıstana, həm də Türkmənistana keçid təmin edilə bilər. Hesab edirəm ki, bu layihə Türk dünyasının həqiqi mənada birləşməsinə mühüm töhfə verəcək".


Fatimə

Oxunub : 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh