Yol polisi toy günü «avtoş»luq edən sürücülərin izinə düşdü - VİDEO

Gündəm 8 Noyabr 2014 23:07 Oxunub 2364
Yol polisi toy günü «avtoş»luq edən sürücülərin izinə düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı şəhər DYP toy günü ölümlə rəqs edən «avtoş»ların izinə düşüb

Bir neçə gün əvvəl Bakının Yasamal rayonunda toy günü «Ağ çiçəyim» şadlıq evinin qarşısında «avtoş»luq edən ağ və qara rəngli «VAZ-2107» markalı avtomobillərin sürücüləri və hər iki nəqliyyat vasitəsinin dövlət nömrə nişanları müəyyənləşdirilib. Bu barədə Avtosfer.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Avtosfer.az saytında videomaterial yayıldıqdan sonra Bakı şəhər DYPİ-nin əməkdaşları axtarışa başlayıb. Xüsusi texniki vasitələrin köməyi ilə hər iki avtomobilin dövlət nömrə nişanı və sürücüsü tam müəyyən edilib. Keçirilən tədbirlər nəticəsində həmin avtomobillərdən biri dünən Yasamal rayonu ərazisində aşkar edilib. Sürücü yenə də «07» ilə «avtoş»luq edərkən DYP əməkdaşlarının diqqətini çəkib. Yol polisləri onu saxlamağa çalışsalar da, sürücü sürət həddini aşaraq təhlükəli manevrlər etməklə qaçmağa başlayıb. Bunu görən DYP əməkdaşları onu təqib etməyiblər: «Çünki təhlükəli sürürmüş. Yol polisi əməkdaşları da hansısa hadisə törətməsin deyə onu təqib etməyiblər. Lakin hər iki sürücü barədə tam məlumatlar var və yaxın günlərdə onların tapılaraq inzibati məsuliyyətə cəlb edilməsi təmin olunacaq».

Vaqif Əsədov bildirib ki, avtoxuliqanlıqla məşğul olan bu cür insanların hərəkətləri cəmiyyət tərəfindən pis qarşılanır: «Ən pis məqam isə odur ki, həmin sürücülər toy günü şadlıq evinin qarşısında «avtoş»luq edərkən toy sahiblərindən heç kim onlara nəsihət verməyib, bu hərəkətləri dayandırmağa tələb etməyib. Əksinə, hamı yığılıb onların hərəkətlərinə tamaşa edir. Böyüklərin müdaxiləsi olsaydı, gənclər ictimai təhlükə doğuran belə hərəkətlər etməzdilər. Amma videomaterialdan da görünür ki, hər iki sürücü maşını olduqca təhlükəli sürür, yolun əksinə hərəkətlər etməklə başqalarına təhlükə yaradırlar. Hər halda, toy sahibləri toy günü ağır yol qəzasının, kiminsə yaralanmasının, ölməsinin, maddi zərərə düşməsinin tərəfdarı deyillər. Buna görə də, belə hallar baş verdikdə ilk növbədə toy sahibləri müdaxilə edib bunun qarşısını almalıdırlar».

Qeyd edək ki, bu kadrlar Yasamal rayonunda, «İnşaatçılar» metrostansiyasının yaxınlığındakı «Ağ çiçəyim» şadlıq evinin qarşısında çəkilib. Özü də «avtoş»luq edənlər (daha doğrusu, toyu yasa çevirməyə çalışanlar) toya gələn gənclərdir.

Avtosfer.az-ın məlumatına görə, bu video Youtube sosial şəbəkəsinə Babək Əliyev adlı şəxs tərəfindən bu il yanvarın 7-də yerləşdirilib. Kadrlardan görünür ki, bəy-gəlin maşını şadlıq evinə yenicə çatıb. Onları müşaiyət edən ağ və qara rəngli «VAZ-2107» markalı avtomobillər yolda təhlükəli vəziyyət yaradırlar. Onsuz da şadlıq evinin qarşısındakı maşınların əlindən yol daralıb. Bu avtoxuliqanların hərəkətləri isə yolu daha da pis vəziyyətə salır. Öz yolu gedən avtomobillər bu iki üzqarasına görə təhlükəli vəziyyətlə – qəza şəraiti ilə üzləşirlər. Onların «qəhrəmanlığı» nəticəsində ətrafdakı insanlar narahat olurlar, sonra hamı «tamaşaya» baxmağa başlayır. Bundan həvəslənən «avtoşlar» yolun əksinə hərəkət edərək daha təhlükəli manevrlərlə ölümlə rəqs edirlər.

Bu kadrlar həvəskar operator tərəfindən çəkilib və biraz uzaqdan lentə alındığı üçün avtomobillərdən yalnız bəy-gəlin maşınının və ağ rəngli «07»nin dövlət nömrə nişanlarını görmək mümkündür. Bəy-gəlin maşınının nömrəsi 90 NG 584, ağ rəngli «07»nin nömrəsi isə 10 KK 069-dur. 

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh