“Yüksək aksiz vergiləri vətəndaşların xeyrinədir”

Gündəm 6 Yanvar 2015 12:58 Oxunub 1391
“Yüksək aksiz vergiləri vətəndaşların xeyrinədir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fikrət Yusifov: “Aksiz vergilərinin artırılması heç də bütün avtomobillərin qiymətlərində ciddi dəyişikliyə səbəb olmayacaqdır”

“Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində, Azərbaycana xaricdən gətirilən avtomobillərə və bəzi zinət əşyalarına görə ödənilən aksiz vergisi yanvarın 1-dən etibarən artırılıb. Lakin bu, orta həyat səviyyəsində yaşayan vətəndaşlarımız üçün narahatlıq yarada bilməz”. Bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov aksiz vergisinin artırıması ilə əlaqədar avtomobillərin qiymətində kəskin artım müşahidə olunacağı ilə bağlı ortaya çıxmış proqnozlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, aksiz vergilərinin artırılması heç də bütün avtomobillərin qiymətlərində ciddi dəyişikliyə səbəb olmayacaqdır: “Burada söhbət dəyəri yüksək olan avtomobillərdən proqressiv şkala əsasında daha böyük həcmdə aksiz vergisinin tutulmasından gedir. Dünya praktikasında sınaqdan keçmiş üsullardan istifadə etməklə "yüksək qazancı olan insanlardan dəbdəbəli mallar üçün yüksək vergilərin tutulması" prinsipi tətbiq olunacaq. Dəbdəbəli mallardan və zinət əşyalarından yeni qaydada vergi tutulması, eyni zamanda cəmiyyətdə sosial ədalətin bərpası istiqamətində atılan addım kimi də dəyərləndirilməlidir”.

 

 Təşkilat sədri qeyd edib ki, mühərrikinin həcmi 2000 kubsantimetr olan avtomobillərin qiymətində 100 manat artım qeydə alınacaq ki, bu da dəyəri 20000 manat olan avtomobilin qiymətinin 0,5% bahalaşması deməkdir: “Məncə iyirmi min manat dəyərində avtomobil almaq imkanı olan bir insanın 100 manat əlavə ödəniş etməsini fəlakətə çevirmək lazım deyil. Ciddi artım daha bahalı avtomobillərin qiymətində olacaq. Məsələn, dəyəri 100 min manatdan artıq olan avtomobillər üçün ödəniləcək aksiz vergisinin həcmi mühərrikin həcmindən asılı olaraq 7-8 min manat artaraq bütövlükdə 20 min manatdan çox ola bilər. Dövlət dəbdəbəli mallara və bahalı avtomobillərə yüksək aksiz vergiləri tətbiq etməklə zəngin vətəndaşların gəlirlərinin bir qismini büdcə vasitəsilə aztəminatlı vətəndaşlarımızın xeyrinə yenidən bölüşdürür. Heç kimə sirr deyil ki, büdcəyə toplanan vergilər eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı proqramların maliyyələşdirilməsinə yönəldilir”.

F.Yusifov hesab edir ki, hökumət bahalı avtomobillərə yüksək aksiz vergiləri tətbiq etməklə, eyni zamanda, çox yanacaq yandıran və bununla da ekologiyaya ciddi ziyan vuran irihəcimli mühərrikə malik avtomobillərin tədricən az yanacaq sərf edən kiçik ölçülü avtomobillərlə əvəzlənməsini də nəzərdə tutur: “Bu isə olduqca zəruri məsələdir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh