Azərbaycanda taksi sürücüsü müştərini zorla düşürtdü, çantasını da tulladı

Quba rayonunda 2002-ci il təvəllüdlü Sadiq taksi sürücüsü Seymura (adlar şərtidir – red.) xəsarət yetirib. Avtosfer.az-ın Demokrat.az-a istinadən məlumatına görə, hadisə Quba Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verib. Sadiq yolun kənarında Seymur ilə aralarında olan mübahisə zamanı sonuncunun onlara məxsus yük çantasını avtomobilinin arxa yük yerindən götürərək yerə atmasından hiddətlənib, yumruq zərbəsi ilə baş nahiyyəsindən vurub.
Sadiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2024-cü ilin oktyabrın 25-də, saat 15 radələrində Xaçmaz rayonundan Quba şəhərinə gəlmək üçün anası, bacısı və bacısının üç uşağı ilə birlikdə yola çıxıblar: “Xaçmaz şəhərində “dairə” adlanan ərazidən Qubaya gedən taksilərin biri ilə gediş haqqı kimi 5 manat qarşılığında razılaşaraq anam və bacım ilə birlikdə həmin sürücünün avtomobilinə əyləşdik. Sürücünün pulunu əvvəlcədən verdim. Xaçmaz rayonu, Arzu kəndi ərazisindən keçərkən qabaqda oturmuş kişi yolda maşından düşdü və bir qədər irəlidə Quba rayonu, Barlı kəndində isə bir nəfər qadın əl edərək maşını saxladaraq qabaq yerdə əyləşdi. Barlı kəndi ilə hərəkətdə olan zaman gördüm ki, sürücü qabaqda əyləşən qadın ilə etikadan kənar tərzdə söhbətlər edir. Bu zaman anam və bacım yanımda olduğu üçün bu sözlərin onların yanında danışılmasının hörmətsizlik olduğunu düşündüm. Bu barədə sürücüyə irad bildirərək danışığına fikir verməsini tələb etdim. Bundan sonra sürücü “əgər sözlərim sənə xoş deyilsə, maşından düş” - deyə bildirdi. Bunu deyərək sürücü maşını saxladı və yerə düşərək bizə məxsus maşının yük yerinə qoyduğumuz bir ədəd çantanı götürərək kənara tulladı. Bunu gördükdən sonra əsəbiləşərək maşından düşdüm. Lakin sürücünün bu hərəkətini ciddi qəbul etmədim. Sürücünün mənimlə zarafat etmək istədiyini düşündüm. Lakin sürücüyə yaxınlaşaraq bu hərəkətinin səbəbini sorşdum. O, cavab verməyərək əl ilə sinə nahiyyəmdən itələdi. Sürücünün bu hərəkətindən çox əsəbiləşdim və onun çənə nahiyyəsindən yumruqla bir dəfə zərbə endirdim. Həmin şəxs zərbənin təsirindən arxaya doğru getdi. Lakin yerə yıxılmadı. Bundan sonra isə bacım və anamı maşından düşürtdüm. Biz başqa bir maşın ilə yolumuza davam etmək üçün yolun kənarına doğru getdik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra verdiyi yol pulunu geri istəmək məqsədilə taksi sürücüsünün yanına gedib: “Amma sürücü avtomobilini yerindən tərpədərək yüksək sürətlə uzaqlaşdı. Bundan sonra isə biz yol maşınlarının biri ilə Quba şəhərinə gəldik”.
Zərərçəkmiş Seymurun sözlərinə görə, Xaçmaz şəhərində “dairə” adlanan ərazidə özünə məxsus avtomobili ilə dayanıb: “Həmin vaxtı Quba şəhərinə getdiyim və avtomobili boş olduğu üçün sərnişin götürmək niyyətində olmuşam. Bu zaman bir oğlan, bir orta yaşlı qadın, bir 20 yaşlarında qadın və 2 azyaşlı uşaq ilə birlikdə yaxınlaşdılar. Həmin şəxslər Qubaya getdiklərini bildirdilər. Mən də bildirdim ki, Qubaya gedirəm, onları apara bilərəm. Həmin şəxslərlə gediş haqqı kimi 5 manat qarşılığında razılaşdım. Onlar avtomobilin arxa oturacağına əyləşdilər. Bundan sonra isə daha bir nəfər kişi gəldi və qabaq oturacaqda əyləşdi. Sonra yola çıxdıq. Xaçmaz rayonu, Arzu kəndinə çatdıqda qabaqda əyləşən kişi avtomobildən düşdü. Bundan bir kilometr sonra isə Quba rayonu, Barlı kəndi ərazisində bir nəfər qadın avtomobilinə qabaq oturacağa əyləşdi. Qadın avtomobilə əyləşdikdən sonra yenidən hərəkətə başladıq. Təxminən 2 dəqiqə ərzində hərəkət etdikdən sonra Quba rayonu, Zərdabi qəsəbəsinə çatmamış arxada olan sərnişinlərlə aramızda anlaşılmazlıq yaranmağa başladı. Söhbət əsnasında onlara avtomobilimi tərk etmələrini söylədim. Bu zaman arxadan baş nahiyyəmə bir nəfər əl zərbəsi endirdi. Geri çevriləndə məni vuranın arxada oturan cavan oğlan olmasını gördüm. Dərhal avtomobili yolun kənarına çəkərək saxladım və yerə düşdüm. Oğlan da bu zaman avtomobildən düşdü”.
Zərərçəkmiş deyib ki, daha sonra avtomobilin yük yerindən həmin şəxslərin yükünü götürərək özlərinə verib: “Lakin bu zaman oğlan üzərimə hücum etdi. Həmin oğlanın əlində sarımtıl rənglli “beşbarmaq” olduğunu gördüm. Həmin oğlan həmin kül alət ilə baş nahyyəmdən zərbələr endirdi. Zərbənin təsirindən yerə yıxıldım və həmin şəxs məni yerdə təpikləməyə başladı. Bundan sonra özümü toparlayaraq maşına mindim. Həmin şəxs isə gediş pulunu da verməmişdi. Bir qədər irəli getdikdən sonra qabaq oturacaqda əyləşmiş qadını düşürtdüm. Avtomobili ilə gedərək Quba Şəhəri Diaqnostika Mərkəzinə yaxınlaşdım. Mənim 12 dənə dişim sınmışdı. Mənə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldım. Təxminən 3 ay müddətində müalicə almışam. Müalicələrimə 2000 manat məbləğində pul çıxdı”.
Quba Rayon Məhkəməsinin hökmü ilə Sadiq 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməsi, bundan əlavə hər gün yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:00-dək tərk etməsi qadağan olunub.
Bundan əlavə onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Bankdan pul çıxaranları qarət etdilər – İş məhkəməyə düşdü - VİDEO
Sığorta şirkətlərinə tələ quran dəstə üzvü saxlanıldı - 5 milyondan artıq ...
Yolda xanım vəkilin başına dəhşətli hadisə gəldi; “Range Rover”lə izləyib qəzaya saldılar - FOTOLAR
“TikTok”er Sərdar saxlanıldı - 20 sutka həbs olundu - FOTO
“Ayıq sürücü” “Range Rover”dən 11 min oğurladı
Skuterlə yola qəfil çıxan məktəblilər qəzadan son anda qurtuldular - REAL VİDEO
Yük maşınının altında qalaraq ÖLDÜ
Məhkəmə seriyası 111 olan 3 maşına həbs qoydu: 38 min borca görə – FOTO
"Medi Hall"da estetik əməliyyat olunan qadın öldü - Prokurorluq araşdırmaya başladı
Ağstafada villası yanan iş adamı diaspor rəhbəri imiş - FOTO
Motosikleti heçə sayan piyadalar yolu necə gəldi keçib təhlükə yaratdı - VİDEO











