Qız qaçırılan zaman atasına hücum edən şəxslərlə bağlı yeni qərar

Hadisə 21 Avqust 2026 12:54
Qız qaçırılan zaman atasına hücum edən şəxslərlə bağlı yeni qərar
WhatsApp kanalımıza abunə olun

Ali Məhkəmədə Salyanda adam oğurluğunda və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən Abdulla İbişov, əmisi oğlu Zabil İbişov və Rəvan Məmmədovun (ad və soyadları şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, cinayət işi yeni apellyasiya baxışına təyin olunub.

İttihama görə, hadisə 9 iyun 2024-cü il tarixdə Salyan rayonu ərazisində yerləşən kəndlərin birində qeydə alınıb.

Belə ki, kənd sakini Abdulla İbişov əmisi oğlu Zabil İbişov və dostu Rəvan Məmmədovla görüşərək onlardan sevdiyi qızın - Ləman Babayevanın (adı, soyadı şərtidir) qaçırılmasına yardım etmələrini istəyib. O, qızla yanaşı, anasının da məsələdən məlumatlı olduğunu deyərək onların arxayın hərəkət etmələrini istəyib.

Həmin şəxslər, planlaşdırıldığı kimi, Ləmanın yaşadığı ünvana gələrək qarşılarına çıxan ev sahibi, qızın atası, zərərçəkmiş Ələskər Babayevə (adı, soyadı şərtidir) özlərini elektrik şəbəkəsinin işçiləri kimi təqdim edərək əvvəlcə içməyə su istəyiblər. Ev sahibi gedib çağırılmamış qonaqlara su gətirib.

Abdulla suyu içdikdən sonra stəkanı Ələskərin başına vuraraq onun tutub saxlanılmasını Zabilə həvalə edib. Ev sahibini müqavimətsiz vəziyyətə gətirdikdən sonra Abdulla evə daxil olub, zorla Ləmanı evdən çıxararaq avtomobilə əyləşdirib. Bundan sonra hər üçü hadisə yerindən uzaqlaşaraq Abdullanın yaşadığı evə gəlib. Sonra onlar qızı Abdullanın anasına təhvil veriblər. Daha sonra Abdulla qızın ailəsinin polisə şikayət etdiyini bilib, Salyanı tərk edərək Bakıya qaçıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisədə iştirak etmiş hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abdulla İbişov və Zabil İbişovun hər biri 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, Rəvan Məmmədov isə 3 il sınaq müddəti olmaqla şərti cəza alıb. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü Zabil İbişovun cəza təyin edilməsi hissəsində dəyişdirilib. Onun barəsində 4 il 2 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Oxunub : 88
ŞƏRH YAZ
Ad

E-mail

Şərh