Ancaq elektromobillərin istifadə edildiyi şəhər – SMART konsepsiya

Maraqlı 27 Yanvar 2021 15:28 Oxunub 1700
Ancaq elektromobillərin istifadə edildiyi şəhər – SMART konsepsiya
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəhər bütün duyğuları olan bir orqanizmə bənzəyir, eşitmə, görmə, qoxu... Özünü inkişaf etdirməyə qadir bir ağıl – toplayan, öyrənən, inkişaf etdirən, analiz edən və bəzən də qərar verən... Fantastika kimi görünür, elə deyilmi!? Xeyr, bu, Smart Şəhər adlanan dövrümüzün təsirli reallığıdır!

İnsanlar ilk dəfə gələcəyin İT texnologiyalarının inkişafında olduğunu anladıqları zaman, yəni 90-cı illərdə "ağıllı şəhər" anlayışından danışmağa başladılar. Əvvəllər Smart şəhər ətraf mühiti insanların zərərli təsirlərindən qorumaq üçün fürsət hesab edilirdi. Bir neçə il sonra isə "Ağıllı Şəhər" artıq trendə çevrildi.

Və Azərbaycan. Azərbaycanda Smart Şəhər, Smart Kənd tanıyırsınızmı? Ümumiyyətlə, bu haqda eşitmisinizmi? Əgər eşitməmisinizsə, yaxın zamanda qulaqlarınız bu sözlərə öyrəşəcək. Əgər Smart Şəhər və ya Smart Kənd görməmisinizsə, əmin ola bilərsiniz, ən yaxşısına şahid olacaqsınız. Deyəsən, bir anlıq eyforiyaya qapıldım. 44 günlük Vətən müharibəsi hər kəs kimi məni də müzəffər, qadir düşüncələrə qərq edib. Niyə də olmasın?!

Dünən Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevi yeni vəzifəsinə təyin edərkən Smart Şəhər və Smart Kənd məsələsinə toxundu. Prezident bildirdi ki, işğaldan azad olunan ərazilərdə SMART konsepsiyadan istifadə olunacaq. Əlbəttə ki, bu Amerikanı yenidən kəşf etmək deyil, lakin bizim üçün “Biləcəri”dən o tayın anlayışıdır. Yenidir, ümidvericidir, zövq oxşayandır...

Gəlin, virtual olaraq həm gələcək layihələr, həm də tətbiq olunan maraqlı Smart City həllər ilə tanış olaq...

2019-cu ilin yazında italyan memar Stefano Boeri Kansun yaxınlığında yerləşəcək dizayn edilmiş smart meşə şəhərini yaratmaq üçün hazırladığı planlarını ictimaiyyətə təqdim etdi. “Ağıllı Meşə Şəhəri Kansun”un 557 hektar ərazidə inşa edilməsi planlaşdırılır. Memarın sözlərinə görə, burada botanik və landşaft memarı Laura Gattinin seçdiyi çoxsaylı ağac və kol növləri daxil olmaqla 7,5 milyon bitki olacaq.

Stefano Boeri: ““Smart Forest City” Maya irsinə, təbii və müqəddəs dünya ilə əlaqəsinə əsaslanan müasir bir şəhərdə yerləşən botanika bağıdır. Bu, təbiətin və insanın vahid orqanizm kimi hərəkət edəcəyi şəhər ekosistemidir”.

Boeri qeyd edir ki, "Smart Forest City Cancun” ildə 5800 ton CO2 anbar tutumu olan 116.000 ton karbon qazı israf edəcək. Sürətli iqlim dəyişikliyi, çirklənmə, yaşayış mühitinin məhv edilməsi, heyvanların yox olması kontekstində Smart şəhər daha yüksək səviyyəli yaşıl inkişaf üçün "qabaqcıl" faktor olacaq. “Ağıllı” şəhərdə məlumatlar vətəndaşların məxfiliyinə tam hörmətlə idarə ediləcək. Bu informasiyalar şəhər həyatının müxtəlif aspektlərini yaxşılaşdırmaq üçün istifadə ediləcək. Xəstəliyin yayılmasının qarşısının alınması və enerji səmərəliliyinin artırılması prioritet olacaq.

“Smart Forest City Cancun” müstəqil olaraq qida, enerji, şirin su istehsal edəcək. Şəhər nəqliyyatının inkişafı sakinlərə avtomobillərini şəhərin kənarında saxlamağa imkan verəcək. “Ağıllı” şəhər 130 min insanı mənzillə təmin edəcək. Evlərin tipologiyası isə müxtəlif kateqoriyalı sakinlərlə əhatə olunacaq. Şəhər, eyni zamanda, müasir cəmiyyətin aparıcı problemlərini həll edən altı sahədə perspektivli tədqiqat mərkəzi olmaq üçün nəzərdə tutulub,  bio sağlamlıq; astrofizika və planetar elm; mərcan riflərinin bərpası; kənd təsərrüfatı və bərpa olunan texnologiyalar; həmçinin mobillik və robototexnika.

Sidewalk Toronto. Toronto, Kanada

Müəlliflər: Heatherwick Studio və Snohetta Memarları

Google-un törəməsi olan “Alphabet Sidewalk Labs” şirkəti Toronto sahilində həyata keçirməyi planlaşdırdığı “ağıllı” şəhər təklifini hazırlamaq üçün Thomas Heatherwick və Snohetta studiyaları ilə əməkdaşlığa başladı. “Gələcəyin şəhəri” Ontario gölünün sahil zonasında tikilib 9,5 hektar ərazini əhatə edəcək. Şəhər yerli ağaclardan tikiləcəkdir. Mənzil tipologiyası müxtəlifdir: sərfəli mənzil (80%) həm subaylar, həm də çoxuşaqlı ailələr üçün, eyni zamanda, elit mənzillərin kiçik bir hissəsi üçün verilir. Burada Google-un baş ofisi yerləşəcək, buna görə kirayəçilərin əsasən onun işçiləri olacağı ehtimal edilir.

“Sidewalk Toronto” layihəsi şəhərin bir çox problemini həll edəcək, əlverişli mənzil, yol təhlükəsizliyi – sıxlıq və təbii ki, ətraf mühit. Bu, inteqrasiya edilmiş təkrar emal və kompostlama sistemlərinin, həmçinin yeraltı robot tullantılarının zərərsizləşdirilməsini əhatə edən qlobal bir ekoloji strategiyanın nümunəsidir. Şəhər səkiləri qarları əridə, yolları təmiz və quru saxlaya biləcək. Bundan əlavə, ağac istehsalı ilə Kanadanın taxta sənayesi də dəstəklənəcək.

"Ağıllı şəhər" Belmont – Arizona səhrası, ABŞ.

Proqramçı: Belmont Partners, Səhmdar: Bill Gates

Microsoft şirkətinin qurucusu Bill Gates Arizonada nəhəng əraziyə investisiya yatırıb və orada "ağıllı şəhər" qurmaq niyyətindədir. Belmont layihəsi əsasında qabaqcıl texnologiyaları əhatə edən rabitə və infrastruktur magistralına sahib, həmçinin gələcəyi parlaq cəmiyyətin yaradılacağı bildirilir.

Yüksək sürətli rəqəmsal şəbəkələr, məlumat mərkəzləri, yeni istehsal sistemləri, paylama modelləri, muxtar nəqliyyat vasitələri və logistik mərkəzlər

Təxminən 1500 hektar ofis, ticarət və pərakəndə satış binaları üçün, 190 hektar isə uşaq bağçaları və məktəblər üçün ayrılacaq. 80 min yaşayış binasında 182 min sakinin yerləşdirilməsi planlaşdırılıb. Bu ərazinin inşası 1990-cı illərin əvvəllərində layihələndirilib, lakin planlar daim dəyişir. Bill Gates tərəfindən layihəyə qoyulan investisiyalar əvvəlcə ciddi şəkildə gizlədilirdi, sonra sirr üzə çıxdı.

"Smart şəhər" Karle Town Centre – Benqaliya, Hindistan

Müəlliflər: UNStudio

UNStudio memarlıq şirkəti Manyata Texnoparkının yanında inşa ediləcək və Hindistanın Benqaliya şəhərinin “Silikon Vadisi”ndə yaşamaq və işləmək üçün cəlbedici bir yer olacaq Karle Town Center-in əsas planını açıqlayıb.

Kondisioner ehtiyacını azaltmaq və şəhəri istiliyə məruz qoyan tələlərin qarşısını almaq, eləcə də ərazini daha dayanıqlı etmək etmək üçün istilik əks etdirən ağ boya...

Bundan əlavə, "asma" bağların küləyi vasitəsilə şəhərə əlavə kölgə verilməsi planlaşdırılır. Bəzi ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq və yollar strateji dayanacaqlarla təchiz ediləcək. Şəhərin əsas hissəsində Amsterdam mərkəzli Baljon Landscape Architects studiyası tərəfindən dizayn edilmiş geniş parklar və bağçalar olacaq. Çoxsaylı ofisləri, mənzilləri və mağazaları olan çoxfunksiyalı binalara əlavə, “ağıllı” şəhərin mərkəzində teatr, həmçinin amfiteatr yaradan, eləcə də şəhər tədbirləri üçün nəzərdə tutulmuş ictimai yerlər olacaq.

“Ağıllı şəhər” Rublevo-Arxangelsk – Moskva, Rusiya.

Müəlliflər: Archea Associati, Nikken Sekkei, Zaha Hadid Architects

2018-ci ildə Sberbank tərəfindən elan edilən müsabiqənin nəticələri yekunlaşdırıldı və üç məşhur memarlıq firması finala çıxdı: Zaha Hadid Architects (Böyük Britaniya), Archea Associati (İtaliya) və Nikken Sekkei (Yaponiya). Onlar 460 hektar ərazini əhatə edən, yaşayış, iş və mədəniyyət mərkəzinə çevriləcək Smart şəhər inşa edəcəklər.

Konsepsiya əlverişli şəhər mühiti yaratmaq üçün çoxmərtəbəli binaların müasir həyət sahələrini nəzərdə tutur. Archea Associati “ağıllı” şəhərin əsas ideyası olaraq "bütün nəsillərin şəhəri" şüarını seçib. Nikken Sekkei konsorsiumdakı UNK proyekti ilə memarlığı təbiətlə çox sıx əlaqəli və eyni zamanda gələcəyin texnologiyalarına əsaslanan bir şəhərin yaradılmasını nəzərdə tutur. Burada çox sayda ictimai sahə şəhər icmasını formalaşdıracaq və ünsiyyətə ehtiyac olduğunu vurğulamaqla yanaşı, yaradıcı bir mühitin inkişafına təkan verəcək.

"Qarşılıqlı əlaqə quran şəhər" – Nikken Sekkei şüarı  

TPO Pride ilə konsorsiumda olan Zaha Hadid Architects qrupu ictimai sahələrin və sahibkarlığın inkişafına əsaslanan təsirli “Ağıllı” şəhər layihəsini təqdim edib. Büro əlavə infrastruktur obyektləri tikməklə ayrı-ayrı ərazi "nüvələrini" ayırmağı təklif edib: sənət evi (mədəni nüvə), şəhər həlləri laboratoriyası (intellektual nüvə), il boyu fəaliyyət göstərən ictimai məkanlar (məkan nüvəsi). "Ağıllı” şəhər ərazisinin üçdə birindən çoxu mərkəzində böyük bir gölün olduğu park və meşə-park zonalarına ayrılacaq. “Ağıllı” şəhər layihəsinin icrası dörd mərhələdə planlaşdırılır, tikinti 2021-ci ildə başlayacaq və 2030-cu ildə başa çatacaq. Smart şəhəri Moskva ilə 12 kilometrlik metro xətti birləşdiriləcək.

Qeyd edək ki, Azərbaycanın müasir memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin layihəsi də Zaha Hadid Architects qrupa məxsusdur. Mərkəz dahi siyasətçinin imzasını əks etdirir.

Brainport Intelligent District (BSD) – Helmond, Hollandiya

Müəllif:UNStudio

UNStudio Hollandiyada "dünyanın ən ağıllı qonşuluğu" üçün bir layihə nümayiş etdirdi. Brainport Smart District (BSD) Hollandiyanın cənubundakı Helmond şəhərində yerləşəcək və yaxın 10 il ərzində inşa ediləcək 1500 evi əhatə edir. Layihəyə əsasən "canlı laboratoriya" məhəlləsində tələbata uyğun qida və enerji istehsal olunacaq, tullantılar idarə ediləcək və məlumatlar daima nəzarətdə saxlanılacaq. Müəlliflər “ağıllı şəhəri gələcək həyat üçün misilsiz bir təşəbbüs" kimi təsvir edirlər.

"Smart şəhər” Union Point – Boston, ABŞ

Proqramçı: LStar Ventures

Müəlliflər: Elkus Manfredi Architects və Sasaki Associates

Memarlıq firmaları Elkus Manfredi və Sasaki Bostondan 12 kilometr cənubdakı bir torpaq sahəsini “ağıllı” şəhərə çevirmək planını açıqladılar.

Layihə sıfırdan yeni bir icma qurmaq məqsədi ilə təxminən 600 hektarlıq bir sahəni əhatə edir. Bu ərazi 1942-1997-ci illər arasında ABŞ Hərbi Dəniz Qüvvələrinin hava limanı idi. Union Point adlandırılan yeni şəhər, muxtar nəqliyyat vasitələri, məlumat toplamaq və paylaşmaq üçün “ağıllı” sistemlər kimi yüksək texnoloji xüsusiyyətləri özündə birləşdirəcək və əlbəttə ki, müəlliflərin diqqəti təklifin ətraf və davamlı tərəflərinə yönəldilib.

"Ağıllı şəhər" Neom – Səudiyyə Ərəbistanı, İordaniya, Misir

Müəllif: Shinslab Architecture

Davamlı yaşamaq üçün yeni layihə olaraq təqdim edilən Neom şəhərində robotlar insanların sayını üstələyə bilər. Şəhər tamamilə bərpa olunan enerji ilə təchiz ediləcək və sakinlərə öz-özünə idarə olunan nəqliyyat vasitələri, həmçinin şaquli təsərrüfatlar tərəfindən xidmət göstəriləcək. “Ağıllı” şəhər Səudiyyə Ərəbistanı, İordaniya və Misirin şimal-qərb sərhədlərinə yaxın ərazini əhatə edəcək. Öz qanunları ilə müstəqil iqtisadi ticarət zonası kimi fəaliyyət göstərəcək və üç ölkəni əhatə edən ilk özəl ticarət zonası olacaq.

Səudiyyə Ərəbistanı dövlət investisiya fondundan 500 milyard dollar məbləğində pulu gələcək şəhərin doqquz əsas sektoruna yönəldəcək: enerji, su, hərəkətlilik, biotexnologiya, qida, texnoloji elmlər, inkişaf etmiş istehsal, media və əyləncə.

Yeni infrastrukturun inkişafı vətəndaşların avtomatlaşdırılmış nəqliyyat vasitələrində səyahət etmələrini, pulsuz internet və onlayn təhsil əldə etmələrini və sıfır karbonlu evlərdə yaşamalarını təmin edəcək. Planlar, ölkəni Asiya, Avropa və Afrikanı birləşdirən bir investisiya mərkəzinə çevirməyi hədəfləyən Səudiyyə Ərəbistanının 2030-cu ilədək inkişaf vizyonunun bir hissəsidir. “Ağıllı” şəhər inşaatının birinci mərhələsinin 2025-ci ilə qədər başa çatdırılması gözlənilir.

“Ağıllı şəhər" Fujisawa, Yaponiya

Səhmdar:Panasonic.

2014-cü ildə Yaponiya, yalnız günəş enerjisindən istifadə edən Fujisawa “ağıllı” şəhərinin layihəsini təqdim etdi. Burada su istehlakı 30% azaldı və fərdi nəqliyyat olaraq yalnız elektrikli avtomobillər, velosipedlər və skuterlər istifadə edilə bilər. Trafik sensorları küçələrə quraşdırılır, küçələrdə insanlar və ya nəqliyyat vasitələri görünən kimi işıqlandırma daha parlaq olur. Zəlzələ olacağı təqdirdə şəhər sakinləri üç gün tək başına isti su və elektrik enerjisi ilə təmin edə biləcək. Bütün obyektlər şəhərin əsas meydanındakı Fujisawa SST Meydanı kompleksindən idarə olunur. Fujisavadakı əsas amil ümumiyyətlə yüksək texnologiya deyil, ətraf mühitə və insanlar arasındakı ünsiyyətə qayğıdır. Şəhərdə ailəni genişləndirmək üçün hazırlanmış smart evlər və bir uşaq bağçası var. Eyni zamanda, Fujisawa sakinlərinin yaşlanmasını da nəzərə alır, yaşlılar üçün sosial işçilərlə birlikdə yaşayış binaları təmin olunur.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh