Bu yolla rahat səyahət edə bilərsiniz

Maraqlı 29 May 2020 12:29 Oxunub 4888
Bu yolla rahat səyahət edə bilərsiniz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Turizm tədricən bərpa olunur

COVID-19 pandemiyası ilə sərhədlərin bağlanması, beynəlxalq uçuşların dayandırılması turizm sektoruna öz ciddi mənfi təsirini göstərib.

Bir sıra ekspertlər hətta turizmin bərpa olunacağı təqdirdə belə, pandemiyadan əvvəlki vəziyyətinə birdən-birə qayıda bilməyəcəyini söyləyir. İnsanlarda səhhəti ilə bağlı yaranan narahatlıq Avropada karavan (turistik qoşqu) turizminə marağı artırıb. Bir çoxları hesab edir ki, turistik qoşqular pandemiya dövründə həm sərfəli, həm də təhlükəsiz ola bilər.

Mövzu ilə bağlı “MediaPost”a danışan turizm eksperti Rəhman Quliyev hazırda karavan turizminin ən təhlükəsiz səyahət forması olduğunu deyib. Ekspert bildirib ki, bir sıra səbəblərdən dolayı Azərbaycanda turistik qoşqular dəbdə deyil:

“Turizm tədricən bərpa olunur. Sosial məsafə saxlamaq və digər gigiyenik qaydalara əməl etmək şərtilə otellər də fəaliyyətini bərpa edir. Yəqin ki, növbəti aylarda sərhədlərin açılması ilə turist mübadiləsi başlayacaq. Bununla belə, təhlükəsiz istirahət üçün karavan və ya turistik qoşqulardan da istifadə etmək olar. Xaricə səfər edən vətəndaşlarımızın turistik qoşqulardan istifadəsi daha məqsədəuyğundur.

Azərbaycanın bölgələri ilə paytaxt arasında məsafənin yaxın olmasına görə karavanlar bizdə dəbdə deyil. Əgər bu gün hər kəs öz maşınına oturub 4-5 saata Azərbaycanın ən ucqar nöqtəsinə gedirsə, həmin turistik qoşquya ehtiyac qalmır. Çünki gedib orada sərfəli qiymətə oteldə qalır. Ancaq karavan Avropa və Asiya dövlətlərində geniş yaylılıb. Avropalılar özləri bu qoşquları istehsal edir və çox komfortludur. Avrpada və Asiyada otellər çox baha olduğu üçün karavanlardan istifadə geniş yayılıb.

Azərbaycanda maşın icarəyə verilən yerlərdə belə, maşınların kirayə verilməsi, bəlkə də tək-tük ola bilər. Amma nə vaxtsa, iş adamları bu cür qoşqu və ya maşınları Azərbaycana gətirsə, hesab edirəm ki, biznesləri uğurlu olar”.

Ekspert belə maşınların qiymətinin heç də ucuz olmadığını söyləyib: “Qiymətlər qoşqunun kateqoriyasına və komfortuna görə dəyişir. 2010-cu ilin istehsalı olan karavanlar 18-25 min avrodan başlayır. Təbii ki, 5-6 min avroya ucuz olan sadə qoşqular da var. Son model karavanların içərisində mətbəx, yataq, hamam-tualet və s. hər cür şəraiti var. Qoşqu ilə yanaşı, sırf belə maşınlar da var. Bu nəqliyyat vasitələrinin yeni modelllərinin qiyməti 40-50 min avro məbləğindədir.

Belə maşınların Azərbaycanda istifadəsini məqbul sayıram. Çünki burada gigiyenik qaydalara əməl etməklə arxayın istirahət etmək olar. Bu, heç otellərin işinə də mane olmayacaq. Çünki onsuz da əhalinin bir qismi yay tətillərində otellərdə yer tapa bilmir. Mövcud durumda belə turistik maşınlar əvəzolunmazdır.

Marketinqin bir neçə il sonrakı vəziyyətini nəzərə almaqla ölkəyə bu cür maşınları gətirmək olar. Bazarı müəyyənləşdirib gətirmək lazımdır. Belə maşınlar Azərbaycana gətirilərsə, icarə qiymətləri çox da baha olmamalıdır. Çünki həmin maşınlar satışa çıxarılsa və ya icarəyə verilsə, sürücü də lazımdır. Həmin sürücülərin kateqoriyası da bilavasitə uyğun olmalıdır. Digər tərəfdən bu maşını gətirən sahibkar elə qiymətə bazara çıxarmalıdır ki, otel xərclərindən ucuz başa gəlsin. Çünki bu il otellərin qiymətində fərqliliklər var. Hətta otelçilər gələn il də qiymətlərin daha ucuz olacağını, kampaniyalar keçiriləcəyini söyləyirlər.

Məsələn, Şəkidə 4 ulduzlu bir otelin qiyməti indiyə qədər 100 manat idisə, indi 50 faiz enib. Belə olan halda karavanı gündəlik 50 manatdan ucuz icarə vermək mümkün olmayacaq. Ümumiyyətlə, hesab edirəm ki, insanları kütləvi şəkildə buna alışdırmaq yaxşı olardı”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh