Ermənilərin maliyyə mənbələri kəsilir: 200 milyon dollar "itib"
Ermənistanda yeni qalmaqal yaşanır. Belə ki, dünya ermənilərinin ən böyük maliyyə təşkilatı, habelə erməni diasporunun ən nüfuzlu strukturu sayılan "Hayastan" Ümumerməni Fondunun fəaliyyəti dayandırıla bilər. Səbəb təşkilatın maliyyə fəaliyyətindəki nöqsanlar və problemlərdir. Daha konkret olsaq, "Hayastan"ın Ermənistana yolladığı 206,3 milyon dolların taleyi naməlumdur. "Hayastan"da beynəlxalq audit başlayıb və əgər ən qısa müddətdə sözügedən vəsaitin sərfiyyatı ilə sənədlər təqdim edilməzsə, fondun fəaliyyəti dayandırılacaq, hesabları dondurulacaq.
Ermənistanın Vatikandakı sabiq səfiri, ölkənin keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın dediyinə görə, "Hayastan" fondu həmin pulları ötən ilin sentyabrın 27-dən başlayaraq toplamağa başlamışdı. Maliyyə vəsaiti Qarabağ savaşında Ermənistana dəstək kimi nəzərdə tutulmuşdu.
"Bu pullarla ərzaq, dərman preparatları, silah və hərbi texnika alınmalıydı. Habelə qarabağlı ermənilərə yardımlar edilməliydi. Heç biri edilməyib", - M.Minasyan söyləyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan 206,3 milyon dolların təxminən yarısını - 102,5 milyon dollarını mənimsəyib.
"Hayastan" Ümumerməni Fondunun icraçı direktoru Haykak Arşamyan isə bəyan edib ki, N.Paşinyanın şəxsi göstərişi ilə yığılmış pullardan 52,7 milyard dramı, yəni təqribən 104 milyon dolları dövlət büdcəsinə köçürüb. Həmin köçürmələr 9 əməliyyat vasitəsilə yerinə yetirilib.
Fəqət, Ermənistanın Maliyyə Nazirliyində sözügedən 9 əməliyyatdan yalnız 2-nin sənədləri var: 7 köçürmə ilə bağlı sənədlər müəmmalı şəkildə yoxa çıxıb.
Aparılmış yoxlamalar və təftişlər göstiərib ki, "Hayastan" Fondunun pullarının bir qismi hökumətin hesablarına köçürüləndən sonrra Ermənistan prezidenti, fondun hamilər şurasının sədri Armen Sarisyan "Hayastan"ın icraçı direktoru A.Arşamyana məktub yazaraq baş verənlərin izahatını tələb edib.
A.Arşamya maliyyə nazirinə məktub yollayıb, o Paşinyana məktub yazıb. N.Paşinyan isə məktuba cavab verməyib.
Hazırda "Hayastan" Fondu çox ciddi problemlərlə üzləşib. Eyni zamanda, ABŞ və Avropa Birliyi ölkələrində yaşayan, fonda pul köçürmüş ermənilərin də problemləri başlayıb. Belə ki, onlar "xeyriyyə" məqsədilə "Hayastan"ın hesablarına pul köçürdükləri üçün "ianə" məbləğində vergilərdən azad edilmişdilər.
"Hayastan" Ermənistanda yoxa çıxmış pulların hara sərf edildiyini, sərfiyyatın qanuniliyini beynəlxalq audit qarşısında sübut edə bilməzsə, Fonda pul köçürmüş ermənilər yaşadıqları ölkələrin müvafiq dövlət qurumları tərəfindən vergilərdən yayınmaqda suçlanacaqlar.
Bu isə ABŞ və Avropa Birliyində ən ağır cinayətlərdən biri sayılır.
Ümumiyyətlə isə, "Hayastan" Ümumerməni Fondunun fəaliyyətində çox ciddi maliyyə pozuntuları, saxtakarlıqlar və fırıldaqlar aşkarlanır.
Bu gün yayılmış məlumatlara görə, "Hayastan"ın 2-ci Qarabağ Savaşında "Ermənistana və qarabağlı ermənilərə yardım"lar adı ilə 500,2 milyon dollar pul topladığı aşkarlanıb.
Həmin pulların hara, kimlərə getdiyi naməlumdur.
Çünki qarabağlı ermənilər arasında Ermənistana yollanmış adamlar arasında kimsə "Hayastan"dan maliyyə yardımı almayıb.
Çox ağır iqtisadi-maliyyə böhranında olan Ermənistan "Hayastan"ın pullarından da məhrum edilir, çünki yaxın aylarda sözügedən təşkilat İrəvana 1 dollar da göndərə bilməyəcək.
Elçin Alıoğlu
Milli.Az