Elektromobillərin yaydığı elektromaqnit dalğaları təhlükəlidir? - ARAŞDIRMA

Almaniyada aparılan yeni elmi araşdırma elektrikli nəqliyyat vasitələrinin sürücülər və sərnişinlər üçün zərərli radiasiya yaydığı ilə bağlı iddiaları təkzib edib. Ölçmələr göstərib ki, bu avtomobillərin yaratdığı elektromaqnit və maqnit sahələri beynəlxalq təhlükəsizlik limitlərindən xeyli aşağıdır.
Avtosfer.az xəbər verir ki, Almaniyanın ən nüfuzlu avtomobil qurumlarından biri olan ADAC (Alman Avtomobil Klubu) elektrikli avtomobillərlə bağlı genişmiqyaslı sınaq keçirib. Tədqiqat Almaniyanın Federal Radiasiya Mühafizəsi Agentliyinin maliyyə dəstəyi ilə aparılıb. Araşdırma çərçivəsində 11 elektrikli avtomobil, bir neçə hibrid model və müqayisə üçün bir benzinlə işləyən avtomobil yoxlanılıb.
Mühəndislər 10 sensorla təchiz olunmuş xüsusi oturacaqdan istifadə edərək ölçmələri avtomobillərin müxtəlif hissələrində aparıblar. Sınaqlar həm hərəkət zamanı, həm də şarj prosesində həyata keçirilib. Məqsəd real istifadə şəraitində elektromaqnit sahələrinin hansı səviyyədə olduğunu müəyyən etmək olub. Testlər zamanı kəskin sürətlənmə və əyləc anlarında maqnit sahəsində cüzi artımlar qeydə alınıb.
Lakin ADAC-ın açıqlamasına görə, bu artımlar insan sağlamlığı üçün müəyyən edilmiş təhlükəsizlik həddindən dəfələrlə aşağı səviyyədədir. Maraqlıdır ki, ən yüksək göstəricilər baş nahiyəsində deyil, ayaqların olduğu hissədə ölçülüb. Bu isə elektromaqnit sahələrinin sinir sistemi, hüceyrələr və ya kardiostimulyator kimi tibbi cihazlar üçün risk yaratmadığını göstərir.
Araşdırma zamanı diqqətçəkən məqamlardan biri də ən yüksək elektromaqnit dəyərlərinin elektrik mühərriklərindən deyil, oturacaq qızdırıcılarından qaynaqlanması olub. Bu hal yalnız elektrikli avtomobillərdə deyil, hibrid və benzinli nəqliyyat vasitələrində də müşahidə edilib. Buna baxmayaraq, həmin göstəricilər də tam təhlükəsiz hesab olunur.
Şarj prosesi ilə bağlı nəticələr də oxşardır. AC şarj zamanı kabel qoşulduqda qısa müddətli gərginlik artımı qeydə alınsa da, bu göstəricilər riskli səviyyəyə çatmır. Hətta maraqlı məqam ondan ibarətdir ki, daha güclü hesab edilən DC sürətli şarj zamanı yaranan elektromaqnit sahəsi AC şarjla müqayisədə daha aşağı olub.
Mütəxəssislər bildirirlər ki, bu araşdırma elektrikli avtomobillərlə bağlı radiasiya qorxularının əsassız olduğunu bir daha sübut edir və istifadəçilər üçün əlavə sağlamlıq riski yaratmadığını təsdiqləyir.
Eltac Zülfüqaroğlu
Türkiyədə sürücü "Lamborghini"sini atıb qaçdı: Polis onu kolluqda tapdı - FOTO
“Bolt” Bakıda keçirilən daha bir beynəlxalq tədbirin tərəfdaşıdır – AÇIQLAMA - VİDEO
Gömrükdə qeyri-adi hadisə: Qaçaqmalçılı göyərçin tutuldu - FOTO
Rusiya Çindən gələn yatırımlardan asılı vəziyyətdədir - POLİTOLOQ
Elektromobil sahibləri qışda bu problemlərlə üzləşir - ARAŞDIRMA
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA











