Banner

Gənclərdə imtahandan əvvəl stress : Psixoloji problemlərin qarşısını necə almaq olar?

Maraqlı 21 Yanvar 2025 20:06 Oxunub 298
Gənclərdə imtahandan əvvəl stress : Psixoloji problemlərin qarşısını necə almaq olar?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İmtahan ərəfəsi gənclər üçün yalnız akademik hazırlıq deyil, eyni zamanda psixoloji və fiziki baxımdan da böyük bir yük daşıyan dövrə çevrilir.

Avtosfer.az xəbər verir ki, hər il milyonlarla gəncin qarşılaşdığı bu stresli zaman, xüsusilə semestr və kurs imtahanları vaxtı daha da pik həddə çatır. Tələbələr bu müddət ərzində həm bir çox problemlərlə qarşılaşır, həm də mənəvi cəhətdən ciddi sıxıntıdan keçirlər. Bəs bu dönəmi necə idarə etmək lazımdır?

Məsələ ilə bağlı psixoloq Gülnar Orucova Avtosfer.az-a açıqlamasında stress dolu dönəmlərin həyatımızın hər anında mövcud olduğunu bildirib:

"Stress uşaqlıq dövründən başlayaraq, məktəb və abituriyentlik mərhələsində daha da pik həddə çatır. Buna görə də bədənimizdə stressə davamlılıq yaratmaq vacibdir. Bunun üçün isə birinci növbədə özgüvənli olmaq lazımdır. Özgüvənimiz nə qədər yüksəkdirsə, stressə qarşı müqavimətimiz də bir o qədər artır. Çünki stres gündəlik həyatda hər an qarşımıza çıxır. Məsələn, nəqliyyat vasitələrinin gecikməsi, metro, avtobus və ya taksi gec gələndə biz artıq stressə düşməyə başlayırıq. Beynimiz həyatda qalmağı hüzurlu olmaqdan daha vacib hesab edir və təhlükələri davamlı olaraq xatırladır. Bu bizi stressə sala bilər. Bu vəziyyətə daha çox reaksiya verildikcə stresin təsiri də artar".

Psixoloq bu yaxınlarda qarşılaşdığı bir məsələ haqqında saytımıza bildirib ki, imtahanlar tələbələrin həyatında həmişə olan bir vəziyyətdir.

"Bu gün qarşılaşdığım nümunədə, Azərbaycan Dillər Universitetində tələbələr şikayətlənir ki, hazırlaşmaq üçün verilən 45 sual imtahan zamanı 60 sual olur. Tələbələr bu məsələnin ədalətli həllini istəyirdilər. Bu cür stress vəziyyətlərində müəllimlər və dekanlıq məsuliyyətdən yayınmamalıdır. Əgər sualların sayı 45-dirsə, 45 sual verilməli, əgər 60-dırsa, 60 sual verilməlidir. Tələbələrin imtahan sonrası stressə düşməsi yolverilməzdir".

Gülnar Orucova əlavə olaraq qeyd edib ki, ailə və universitetlər gənclərin yanında olmalı və onları dəstəkləməlidir, çünki gənclər bu millətin gələcəyidir:

"Ailələr övladlarına hər mövzuda dəstək olmalı və onların həyatlarına müdaxilə etməməlidir. Hər kəs fərqli bir insandır və övladınıza olan inamınızı qoruyun. Məsuliyyət hissini idarə etmək və bədənlərinin stresə düşməməsi üçün gənclərə doğru yön vermək vacibdir".

Həmçinin psixoloq stressi idarə etmək üçün vətəndaşlara musiqi dinləmək, kitab oxumaq, açıq havada gəzmək, idman etmək, dostlarla vaxt keçirmək və sevdiyi qidaları yeməyin faydalı olduğunu bildirib. Xüsusilə serotonin tərkibli qidalar xoşbəxtlik hormonunu artırır, həmçinin sizə stres yaşadan insanlardan və neqativ mənbələrdən uzaq durmağa çalışmağı məsləhət görür.

Qeyd edək ki, imtahanlar gənclər üçün yalnız akademik bir çətinlik deyil. Bu həm də şəxsi inkişaf, emosional sabitlik və psixoloji gücün sınandığı bir dövrdür. İmtahan dövründə yaşanan stressi düzgün idarə etməklə tələbələr yalnız yaxşı nəticələr əldə etməklə qalmayacaq, həm də gələcəkdə daha güclü və sağlam bir həyat üçün əsaslar qoymuş olacaqlar.

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh