Reklam

Qanunsuz mərc şirkətləri ilə mübarizənin 4 yolu

Maraqlı 21 May 2024 13:23 Oxunub 408
Qanunsuz mərc şirkətləri ilə mübarizənin 4 yolu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İdeal mübarizə metodu mümkün deyil

Avtosfer.az xəbər verir ki, son günlərin əsas mövzusu qanunsuz şirkətlərdə mərc edən adamların pullarını ala bilməməsidir. Dövlət bununla bağlı yetərincə işlər görür. Amma insanlar hələ də həmin kompaniyalara inanmağa davam edir. Media belə məsələlərlə bağlı təbliğati işlər aparsa da, hələ də qanunsuz mərc şirkətlərinə inananlar var. Bu problemi necə həll etmək olar? Dünya praktikasında qanunsuz mərc oyunları şirkətləri ilə necə mübarizə aparılır? Suallarımızı tanınmış hüquqşünas Fərid Haqverdiyevə ünvanladıq. Vəkil məsələ ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“Avropa Şurasının idman yarışlarının manupilyasiyasına dair Makolin Konvensiyası var. 2014-cü ildən imzalanıb. 2019-da qüvvəyə minib.  Bir sıra ölkələr tərəfindən tətbiq olunur. Burada qanunsuz mərc qoyuluşlarının anlayışı göstərilir. Qaynunsuz mərc oyunları dedikdə istehlatçının yerləşdiyi ölkənin qanunvericiliyinə əsasən növünə görə operatorluğuna icazə verilməyən oyunlar başa düşülür. Fərqli ölkələrdə bunların tənzimləməsi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Mübarizə növü 3 hissəyə bölünür. Birincisi “Ağ bazar” adlanır.  Burada dünyanın hər yerində fəaliyyət göstərmək üçün lisenziya almış şirkətlər yer alıb. İkincisi “Boz bazar” adlanır. Bura ancaq müəyyən ölkələrdə fəaliyyət göstərmək üçün lisenziya almış operatorlar daxildir. Məsələn, “X” şirkəti ancaq ABŞ-da iş görə bilər, amma digər dövlətlərdə fəaliyyət göstərə bilməz. Üçüncü isə hamıya bəlli olan “Qara bazar”dır. Burada fəaliyyət göstərən şirkətlərin heç bir səlahiyyəti olmur. Onlar qanunsuz işləyirlər. Nəzəriyyədə “Qara bazar”la mübarizə ilə bağlı vahid sistem yoxdur. Bunların hamısı müxtəlif tənzimetmə predmetinə aiddir. İdeal mübarizə metodu mövcud deyil”.

“Qara bazar”la mübarizənin 4 yolu var

Azərbaycanda qanuni faəliyyət göstərən mərc şirkətləri var. Buna uyğun qanun layihəsi də tərtib edilib. Amma insanlar hələ də qanunsuz fəaliyyət göstərən şirkətlərə öz pullarını əmanət edirlər. Bunun qarşısını almağın beynəlxalq müstəvidə yolu varmı? Fərid bəy sualımızla bağlı bunları söylədi:

“Bəzi nəzəriyyəçilər iddia edirlər ki, tənzimləmə çox ciddi olmalıdır. Məsələn, Böyük Britaniyadakılar hesab edirlər ki, təkcə “Ağ bazar” olmalıdır. Digərləri fəaliyyət göstərə bilməz. Lakin başqa Avropa Birliyi ölkələri – İspaniya, İtaliya bu məsələyə daha liberal yanaşır. Onlar düşünürlər ki, “Boz bazar”a da lisenziya verilə bilər. “Qara bazar”la necə mübarizə aparmaq olar? Makolin Konvensiyasında bununla bağlı xüsusi paraqraf var. Orada 4 əsas istiqamət müəyyən edilib. Birinci istiqamət ondan ibarətdir ki, qanunsuz mərc oyunlarının operatorları ölkədə bağlanmalıdır. Onların veb-səhifələrinə birbaşa və ya dolayı yolla girmək qadağan olmalıdır. İkinci istiqamət bundan ibarətdir ki, həmin qanunsuz mərc oyunları şirkətləri və istehlakçılar arasında maliyyə mübadiləsi olmamalıdır. Üçüncü yol isə həmin kompaniyaların reklamlarının qadağan olunmasıdır. Dördüncü isə qanunsuz mərc şirkətlərində oyun oynamağın riskləri ilə bağlı əhalini məlumatlandırmaqdır. Yenə deyirəm, burada vahid yanaşma yoxdur. Sadəcə, bunlar Makolin Konvensiyasının təklif etdiyi 4 istiqamətdir. Birinci istiqamətdə dövlət ancaq müəyyən şərtlərlə şirkətə lisenziya verir. Bizdə artıq bu istiqamətdə addımlar atılıb. Qanunsuz şirkətlərlə istehlakçının maliyyə mübadiləsi aparmasına necə mane olmaq olar? Banklara xüsusi nəzarət edilə bilər. Bununla bağlı bir çox nümunələr mövcuddur. Məsələn, İsveçdə banklar qarşısına 1 iyul 2023-cü il tarixindən öhdəlik qoyulub ki, hansısa qanunsuz mərc şirkətinə pul qoyuluşu təqdirdə, tənzimləyici quruma məlumat verilsin. Avstraliyada qanunsuz mərc şirkətlərinin operatorlarının saytlarına daxil olmaq mümkün deyil. Belçikada hansısa vətəndaş “X” şirkətinin saytına daxil olduqda ona “STOP” yazılı xəbərdarlıq mesajı gəlir. Davam edəcəyi təqdirdə, cərimə ediləcəyi qeyd olunur. İtaliyada isə hansısa şəxs “X” şirkətinin saytına daxil olanda, o, birbaşa tənzimləyici orqanın portalına yönləndirilir. Gördüyünüz kimi, bütün nümunələr aşağı-yuxarı eynidir. Yəni, Makolin Konvensiyasının ikinci istiqamətini özündə etiva edir. Yəni, şəxslə şirkət arasında maliyyə mübadilə edilməsinin qarşısı alınır. Polşada hansısa şirkətdən maliyyə əldə etsəniz, tənzimləyici orqan onu əldə etdiyi məbləğin 100 faizi qədər cərimə etmək hüququna malikdir”.

Banklar, influenserlər maarifləndirmə işinə cəlb olunmalıdır

Son günlər qanunsuz mərc oyunları ilə bağlı maarifləndirmə işləri həyata keçirilir. Buna baxmayaraq, bəziləri hələ də həmin kompaniyalara inanırlar. Bunun qarşısını necə almaq olar? Nə etmək lazımdır ki, insanlar qanunsuz mərc oyunlarından imtina etsinlər? Tanınmış hüquqşünas influenserlərin bu işə cəlb olunmasının vacibliyini vurğuladı:

“Fransa və Belçikada təkcə həmin reklamlara çəkilən şəxs yox, media qurumu da cərimələnir. Hətta cinayət məsuliyyətinə cəlb olunurlar. Təkcə Avstraliyada 986 qanunsuz mərc şirkətinin reklamının ölkə ərazində yayımlanması qadağan olunub. Maarifləndirmə işlərini artırmaq lazımdır. Burada göstərmək olar ki, insanların hüquqları pozulur. Onlar ödənişlərini ala bilməyəcək, hesablarından əlavə pullar çıxarılsa, onların müdafiə edilmə mexanizmi olmayacaq. Maarifləndirmə hökümət tərəfindən aparılır. KİV-də bu istiqamətdə məlumatlar, videolar paylaşılmalıdır. Hüquq-mühafizə orqanları tərəfindən daima informasiya mübadiləsi aparılmalıdır. İnfluenserlər bu işdə aktiv olmalıdırlar. Çünki bir sıra ölkələrdə görürük ki, həmin şəxslər daha çox pul qazanmaq üçün qanunsuz mərc oyunları şirkətlərini reklam edirlər. Bu, qabaqcıl ölkələrdə də böyük problemdir. İnfluenserlər ölkədə fəaliyyət göstərən rəsmi şirkətləri reklam etməlidirlər. Mübarizə üsulunda əsas iş bankların maliyyə departamentlərinə düşür. Onlar belə əməliyyatlara blok qoymalıdırlar. Qanunvericilik baxımından onların üzərinə öhdəlik qoyulmalıdır. Hətta banklardan tələb etmək lazımdır ki, bu istiqamətdə təbliğat aparsınlar. Ödəniş terminallarına da xəbərdarlıq etmək lazımdır. Onların üzərinə öhdəlik qoyulmalıdır ki, qanunsuz mərc şirkətlərinə pul yatırmaq mümkün olmasın. Bəzi ölkələrdə düşünülür ki, təkcə şirkətləri cəzalandırmaqla iş bitməməlidir. Bura pul qoyuluşu edən istehlakçılar da cərimələnməlidir. Necə ki, qanunvericilikdə həm rüşvət alan, həm də verən cəzalandırılır. Burada da onu tətbiq etməyin tərəfdarı olanlar var”.

Maraq üçün bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə qumar oyunlarının reklamı ilə bağlı xəbərdarlıq edib.

Bildirilir ki, bir sıra internet resurslarında, o cümlədən sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə aid səhifələrdə keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, idman mərc oyunlarının, qumar oyunlarının reklamının yayımlandığı müəyyən edilib.Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir, həmçinin qeyd edilən məsələ ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciətlər araşdırılır. Araşdırmalar zamanı Azərbaycan Respublikası ərazisində bir sıra internet resurslarında qumar oyunlarının reklamının yayımlandığı müəyyən edilib. Sözügedən reklamların yayımının dayandırılması, gələcəkdə bu kimi halların təkrar baş verməsinin qarşısının alınması ilə əlaqədar Dövlət Xidməti, eləcə də müvafiq sahədə inzibati xəta tərkibi üzrə protokol tərtib etmək səlahiyyəti olan digər inzibati orqanlar tərəfindən zəruri tədbirlər görülsə də, hələ də bir sıra internet portallarında bu kimi reklamların yayımlanması hallarına rast gəlinir.

Bildiririk ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 32.7-ci maddəsinə əsasən qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.

Hansı cəza tədbirləri nəzərdə tutulub?

Qeyd edilən hallarla əlaqədar, qanunvericiliyin tələblərinin pozulmasına görə bazar subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə ki, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, həmçinin keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə olunur.

Dövlət Xidməti qanunsuz reklamların yerləşdirilməsini təmin edən sosial şəbəkə fenomenlərinə, influenserə və bloqerlərə, bu reklamların yerləşdirilməsi ilə istehlakçıları aldadan və onlarda çaşqınlıq hissi yaradan bazar subyektlərinə bu kimi əməllərdən çəkinməklə bağlı xəbərdarlıq edir.

Ümid edirik ki, aparılan maarifləndirmə işlərinin müsbət nəticələri çox olacaq. Vətəndaşlar qanunsuz əməldən çəkinib, yalnız qanuni şans oyunlarına müraciət edəcəklər.

(offisede+)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh