Uşaqlarımıza sirayət etmiş Axundov düşmənliyi

Maraqlı 24 Avqust 2026 14:16
Uşaqlarımıza sirayət etmiş Axundov düşmənliyi
WhatsApp kanalımıza abunə olun

Son illərdə tarixi şəxsiyyətlərə qarşı cəmiyyətdə  narazılıq yaradan iddiaların səslənməsi tezliyi artıb. Neçə həftədir Şah İsmayıl məsələsi gündəlikdədir. Daha əvvəl Babəkə qarşı hücumlar olmuşdu. Hətta Üzeyir bəyi Azərbaycan SSR himnini yazdığına görə təhqir edənlər tapılıb...

Əslində bu kimi məsələlərdə susmağa üstünlük versəm də, Şəkidə rastlaşdığım hadisəyə görə danışmağa məcbur oldum. Mirzə Fətəli Axundovun ev-muzeyinə baş çəkərkən (buranı hər Şəki səfərimdə ziyarət edirəm) Bakıdan gələn qadın, oğlu və rəfiqəsinin məkanı ziyarət etdiyini və bələdçiyə maraqlı suallar verdiyini gördüm.

Bələdçi xanım suallara çox gözəl cavab verirdi (yeri gəlmişkən, ekspozisiyanın yeni düzülüşü çox gözəldir və muzey rəhbərliyinə bunun üçün ürəkdən təşəkkür düşür).
Maraqlısı budur ki, 7-ci sinifdə təhsil alan uşaq heç nəyə maraq göstərmir, anasının buradan tez çıxmasını istəyirdi. Muzeydən çıxdıqdan sonra maraq güc gəldiyi üçün bunun səbəbini soruşdum. Sən demə, məktəbli, “Axundov ateist olduğu üçün” anasının bura gəlməyinə razı deyilmiş! Təəssüf ki, Pedaqoji Universitetin filologiya fakültəsinin məzunu olan ana və ADU-nun Tərcümə fakültəsinin məzunu olan rəfiqəsi özləri də bu məsələdə tərəddüd içində idilər. 

Xanımlara izah etdim ki, Rusiya İmperiyasında ateizm sadəcə olaraq mümkün deyildi.  Hətta gizli şəkildə Allahı inkar etmək belə cəzalandırılrdı. 15 avqust 1845-ci ildə “Cinayət və islah cəzaları haqqında Qanunnamə” nəşr olunur və növbəti ildə qüvvəyə minir. 1917-ci ildə çarizmin süqutunadək qüvvədə olan sənəddə inanc əleyhinə cinayətlərə qarşı nə az, nə çox 58 maddə vardı (182-240-cı maddələr)! 

Bu qanunnaməyə görə açıq və ya gizli küfrə görə şallaq cəzası, damğalama, 15 ilədək katorqa və Sibrinə sürgün vardı. Hətta uşaqların dindən uzaqlaşmasına görə valideyn və qəyyumlara 3 ay həbs cəzası nəzərdə tutulurdu.

Şübhəsiz pokovnik, canişinliyin Şəqr dilləri tərcüməçisi Axundovun bunlardan xəbəri vardı. Şəki torpağının yetirməsi o qədər sadəlövh deyildi ki, Sibirə sürgün üçün əsas yaratsın.

Söhbətdən sonra xanımların münasibəti belə oldu ki, ali məktəblərdə bu məsələlər tədris olunmur, çox məsələ sovet dövrü kitablarını təkrarlayır. 
Əslində Şəkidə rastlaşdığım hal ilk deyil. Bir dəfə Cavid bağında məktəblilərin böyük mütəfəkkir barədə sözlərinə qulaq şahidi oldum. Bir şagird digərinə deyirdi ki, “ala, müəllimimiz deyir ki, Axundov kafir olub” (üslub saxlanılıb -müəl.). Şagirddən hansı məktəbdə oxuduğunu soruşduqda nüfuzlu məktəb-liseylərdən birinin adını çəkdi.

Görəsən, kiminsə dini baxışlarını müzakirə etmək müəllimin vəzifələrinə daxildirmi?

Hansısa tarixi şəxsiyyət barədə danışmaq, tənqid etmək olar və lazımdır. Lakin tənqidlə nifrət aşılamaq ayrı-ayrı şeylərdir. Dəfələrlə ədəbiyyat müəllimlərindən uşaqların Axundovu sevmədiyi barədə fikirlər eşitmişəm. Bu da onu deməyə əsas verir ki, uşaqlar məktəbdən kənarda tarixi şəxsiyyətlər haqqında əsassız məlumatları eşidirlər. Bu fikirləri  beyindən çıxarmaq isə müşkülə çevrilir. Müəllimin böyük maarifçi barədə hədyan danışması isə ümumiyyətlə pedaqoji çərçivədən kənara çıxır.

Böyük filosofu sağlığında da narahat edənlər az deyildi. Lakin, Azərbaycanın tanınmış şəxslərinin ona münasibəti hər zaman yüksək olub. Böyük ədəbiyyatşünas Firidun Köçərli yazır: “Milli ədiblərimizin atası, təmsilat (dram) yazanlarımızın ustadı-kamili, ədəbiyyatımızın fəxri; şəkki-şübhəsiz, mərhum Mirzə Fətəli Axundovdur ki, onun qələmindən ədəbiyyatın hər növ əsərləri vücuda gəlibdir: bimisl komediyalar, tənqidə dair gözəl məqalələr, abidar şeirlər, fars və türk dillərində kiçik hekayələr və qeyriləri.”

Ümummilli Lider Heydər Əliyevin 9 dekabr 1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumda səsləndirdiyi fikir Axundov bədxahlarının bütün atəş nöqtələrini susdurmaq üçün kafidir: “Biz Nizami, Füzuli, Nəsimi kimi böyük şəxsiyyətlərlə fəxr etdiyimiz kimi, eyni zamanda Mirzə Fətəli Axundov kimi böyük şəxsiyyətlə də fəxr edirik. Mirzə Fətəli Axundov islam dəyərlərini ən gözəl bilən şəxsiyyətlərdən olubdur. O, islam dəyərlərinə çox sadiq bir insan olubdur. Amma eyni zamanda o, Azərbaycanın milli-mənəvi dəyərlərini, islam dəyərlərini ümumbəşəri, Avropa dəyərləri ilə zənginləşdirərək dahiyanə və xalqımızın inkişafına çox böyük təsir göstərmiş əsərlər yaratmışdır”.

Vüqar Yaşaroğlu

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh