Banner

"Atamı polis rəisi öldürüb" - Prokuror oğlundan ŞOK İDDİA

Xəbərlər 27 Dekabr 2016 20:45 Oxunub 17805
"Atamı polis rəisi öldürüb" - Prokuror oğlundan ŞOK İDDİA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Atamı tanıyanlar bilir ki, o, düşmənli adam deyildi"

Vaxtilə Xızı rayon prokuroru olmuş, həmçinin, sabiq müdafiə naziri Rəhim Qazıyevin, eks-baş nazir Surət Hüseynovun və digər siyasilərin məhkəmələrində dövlət ittihamçısı kimi çıxış etmiş 1958-ci il təvəllüdlü Qaraxan Zilfi oğlu Ağayev dekabrın 9-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində başından ağır dərəcəli bədən xəsarəti alması və 11 gün sonra vəfat etməsi ilə bağlı başlanmış cinayət işi başqa maddəyə tövsif edilib. Avtosfer.az xəbər verir ki, bu barədə lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə başlanmış cinayət 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəyə tövsif edilib. İşdə adı hallandırılan Xızı rayon Polis Şöbəsinin keçmiş rəisi Nizami Tağıyev şahid qismində ifadə verdikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, mətbuatda ilk olaraq Qaraxan Ağayevin yol qəzasında xəsarət alması ilə bağlı xəbər yayılıb. Həmin məlumatda bildirilib ki, Bakıxanov qəsəbəsində “Aqata” şadlıq sarayından çıxaraq yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Ağayev Qaraxan Zülfi oğlunu maşın vurub.

Q.Ağayevin oğlu İldırım Ağayev isə bildirib ki, atası qəsdən öldürülüb. Avtosfer.az musavat.com-a istinadən xəbərinə görə, İ.Ağayev deyib ki, atasının ölümündə əsas şübhəli şəxs Nizami Tağıyevdir: “Atam həmin gün evdən Nizami Tağıyevlə görüşmək üçün çıxıb. Nizami Tağıyev atama zəng edib, görüşə çağırıb. Atam vaxtilə Xızı prokuroru, Nizami Tağıyev isə polis rəisi olub. Atamı xəstəxanada gedib gördük. Saytlarda yazmışdılar ki, guya atamı maşın vurub. Bir başqa saytda da yazılmışdı ki, guya atam yıxılıb. Əslində isə atam yıxılmayıb, avtoqəza da olmayıb. Nə baş verdiyini Nizami Tağıyev bilir. O da bizdən qaçır, gizlənir.  Dekabrın 24-də Sabunçu Rayon Prokurorluğunun müstəntiqi ilə danışdım. Dedi ki, Nizami Tağıyevi tapıb dindirmişik”.

Onun sözlərinə görə, atasının ölümündən sonra məhkəmə tibb eksperti rəy verib ki, Qaraxan Ağayevi başından küt alətlə vurublar: “Atam 11 gün komada qaldı. 12-ci gün dünyasını dəyişdi. Dekabrın 9-da atam evdən çıxanda üstündə 1100 manat pul olub. Amma xəstəxanaya aparılandan sonra üstünə baxış keçirilib, nə pul olub, nə də telefon. Onun arxa cibində əlavə 320 manat olub. 1100 manatı götürən düşünməyib ki, atamın arxa cibində əlavə pulu ola bilər. Ona görə də xəstəxanada ciblərinə baxanda həmin pul üstündə olub. Bu gün 1100 manat pulu, telefonu kimin götürdüyü araşdırılır. Bütün şübhələrim gəlib Nizami Tağıyevin üzərində dayanır. Ona görə ki, 15 il bundan əvvəl atam vəzifəsini həmin adamın ucbatından itirib. 15 ilin tamamında həmin adam yenə də peyda olub, indi də atam həyatını itirdi. Hadisə baş verən gün səhərə qədər atamı axtardıq, 1 sutkadan sonra atamı xəstəxanada tapdıq. Halbuki atamı xəstəxanaya aparan Nizami Tağıyev olub. Nizami Tağıyev əvvəl əmimə demişdi ki, Sabunçu məhkəməsindən çıxanda guya atamın ayağı sürüşüb yıxılıb, başı pilləkənin mərmərinə dəyib. O biri əmimə deyib ki, guya pilləkənə deyil, başı pilləkənin tutacağına dəyib. Mənə də tamam başqa versiya dedi - atan qəhqəhə çəkib başı üstə yerə yıxıldı, başı mismara keçdi. Atam xəstəxanaya gətiriləndən sonra 3 dəfə əməliyyat olunub. Həmin əməliyyatı edən həkimdən atamın başından aldığı xəsarətlə bağlı soruşdum. Həkim illərin cərrahıdır, dedi ki, bu xəsarət yıxılmaq nəticəsində əmələ gəlməyib. Yıxılan adam başından belə bir xəsarət alması üçün ən azından 3-cü mərtəbədən başı üstündə yerə dəyməlidir. Əgər hadisə belə olubsa, yəni atam 3-cü mərtəbədən yıxılıbsa belə, onun bədənində başqa xəsarətlər, sınıqlar olmalıydı. Atamın isə xəsarəti yalnız başındadır. Həkim dedi ki, atanı beşbarmaqla və ya ondan da ağır bir küt alətlə arxadan vurublar”. 

İ.Ağayev atasının vaxtilə çıxdığı işlərə görə xəsarət yetirilməsi haqda məlumatlara da aydınlıq gətirib: "Atamı tanıyanlar bilir ki, o, düşmənli adam deyildi. Atam Rəhim Qazıyevin, Surət Hüseynovun proseslərində dövlət ittihamçısı olub. Onlar da türmədən çıxandan sonra gəlib atamla görüşdülər. Dedilər ki, işdə kimsə dövlət ittihamçısı olmalıydı. Atamdan heç bir narazılıqlarının olmadığını dedilər. Sonradan da münasibətləri vardı”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh